Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

İNSTİTUTDA KÜR- ARAZ MƏDƏNİYYƏTİNƏ AİD MAXTA (NAXÇIVAN MR) VƏ ÇAQQALLIQTƏPƏ (ŞABRAN RAYONU) MƏSKƏNLƏRİNDƏ APARILMIŞ TƏDQİQATLARDAN BƏHS EDƏN ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLMİŞDİR
İNSTİTUTDA KÜR- ARAZ MƏDƏNİYYƏTİNƏ AİD MAXTA (NAXÇIVAN MR) VƏ ÇAQQALLIQTƏPƏ (ŞABRAN RAYONU) MƏSKƏNLƏRİNDƏ APARILMIŞ TƏDQİQATLARDAN BƏHS EDƏN ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLMİŞDİR
  28.03.2017
Something0
2017-ci il martın 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi olmuşdur. Seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov seminarı açaraq bildirdi ki, bu günki mövzu tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun “Birinci Maxta (Şərur) və Çaqqallıqtəpə (Şabran) qazıntıları və Kür-Araz mədəniyyətinin bəzi problemləri” adlı məruzəsidir. Tarix elmləri doktoru Əsədulla Cəfərov qeyd etdi ki, təhsil və elmi müəssisələrdə elmi-nəzəri seminarların keçirilməsi elmin səmərəlliyinin artırılması işində, alimlərin orta və yaşlı nəslinin bilik və təcrübəsinin tədqiqatçıların gənc nəsillərinə ötürülməsində əvəzedilməz yer tutur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda da keçirilən elmi-nəzəri seminarlar arxeologiya, etnoqrafiya, numizmatika və d. sahələr üzrə yeni bilgilər və tədqiqat təcrübəsinin alimlər arasında qarşılıqlı mübadiləsi üçün zəmindir.
Seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov Azərbaycan və dünya arxeologiyasında Kür-Araz mədəniyyəti probleminin aktuallığından söz açdı. O, bildirdi ki, XX əsrin 40-cı illərində sovet alimləri bu mədəniyyət barədə ilkin məlumatları yekunlaşdıraraq ona tunc dövrü “Qarabağ mədəniyyəti” adı verdilər. Amma müəyyən vaxt keçdikdən sonra toplanmış materialların və tapıntıların coğrafiyasının analizi nəticəsində mədəniyyətin adı dəyişdirildi və mədəniyyət “Kür-Araz ilk tunc dövrü mədəniyyəti” adı ilə elmi dövriyyəyə daxil oldu. Azərbaycan ərazisi, özünün təkcə Qarabağ regionunda Azıx mağarası kimi abidə də daxil olmaqla 2,5 milyon il ərzində, ibtidai icma dövründən son dövrlərə kimi tarixə malik yaşayış məskənləri ilə seçilən dünyanın nadir guşələrindən biridir. İclasın sədri bu kontekstdə son dövrlərdə Naxçıvan ərazisindəki Maxta-1, Maxta-2 və Şabran rayonu ərazisindəki Çaqqallıqtəpə ilk tunc dövrünə aid məskənlərdə tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında aparılan tədqiqatların dünya elmi çevrələrində doğurduğu marağı qeyd etdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Təhsil və beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov elmi məruzəsinin əvvəlində Azərbaycan ərazisində Kür-Araz mədəniyyətinin öyrənilmə tarixinə, Kür-Araz mədəniyyətinə aid aşkar edilmiş abidələrin xüsusiyyətləri məsələlərinə toxundu.
Natiq bildirdi ki, qonşu regionlarda aparılan qazıntılar Kür - Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərinə Cənubi Qafqazın, Şərqi Anadolunun, müasir Suriya-Livan ərazilərinin daxil olduğunu müəyyən edib. Hətta, son illərin tədqiqatları müasir İran ərazisinin dərinliklərində bu mədəniyyətə aid lokal variantların da yayıldığını göstərir.
Daha sonra məruzəçi Maxta qədim yaşayış məskəni barədə geniş məlumatı seminar iştirakçılarının nəzərinə çatdırdı. Kür-Araz mədəniyyətinə aid Maxta abidəsi dəniz səviyyəsindən 780-790 m, Çaqqallıqtəpə məskəni isə 110 m hündürlükdədir.
I Maxta abidəsi ilk dəfə 1988-1989-cu illərdə AMEA-nın müxbir üzvü V.H.Əliyev və S.H.Aşurov tərəfindən tədqiq edilib. 2006-cı ildə abidənin tədqiqatında ABŞ mütəxəssisləri də iştirak ediblər. İndiyədək mövcud tədqiqatların nəticələrinin yekunlarına görə, demək olar ki, burada evlərin əsas tikili forması dairəvi olub. Qazıntı zamanı aşkar edilmiş dördbucaqlı tikili məbəd hesab edilir. Belə ki, bu tikilinin girəcəyi ilə üzbəüz divara söykənmiş vəziyyətdə və evin sağ divarının aşağı hissəsində öküz kəllələri aşkar edilib. Bu məskəndə hələki tikintidə daşdan istifadəyə rast gəlinməyib. Dairəvi evlər möhrədən inşa edilib. Dairəvi planlı evlərin ortasında manqallara rast gəlinib. Həmçinin, tapıntılar arasında metal (tunc) baltanın tökülməsi üçün tuf daşından qəlib aşkar edilib. Məskəndən olan nümunələrin radiokarbon analizinə görə Maxtada ilk tunc dövrü məskəninin tarixi e.ə. 3300-2900-cü illər çərçivəsinə sığır. Bu isə II Kültəpənin aşağı təbəqəsindən də qədim tarixi göstərir. Amma bu yaşayış məskənin mədəni təbəqələrinin hələlik sonadək tədqiq edilməməsi abidənin tarixinin daha qədim olduğunu ehtimal etməyə imkan verir.
Səfər Aşurov məskəndən aşkar edilmiş qara cilalı qabların, bütlərin, antropomorf və zoomorf fiqurların, yağdanların, əmək alətlərinin və digər artefaktların təsnifat xüsusiyyətlərini qeyd etdi. Tədqiqatçının fikrincə, Maxta əhalisi əsasən oturaq, amma maldar təsərrüfata sahib idilər. Daha sonra isə tədqiqatçı Çaqqallıqtəpə məskəni barədə ətraflı məlumat verdi.
Tədqiqatçı əldə edilmiş nəticələrə əsaslanaraq göstərdi ki, bu məskəndə üst təbəqədəki tikililərdə daşdan döşəmə, qazma evlər, həmçinin, artefaktlar arasında araba təkərləri, sümük ox ucluqları və d. özünəməxsus özəlliklər vardır ki, məskəni Azərbaycanın digər bölgələrindəki həmdövr abidələrdən fərqləndirir. Məskənin mədəni təbəqəsinin qalınlığı təqribən 4 m-dir. Çaqqallıqtəpənin bəzi xarakterik cəhətləri onu Dağıstandakı Kür-Araz mədəniyyətinə aid Vəlikənd ətrafı abidələri ilə yaxınlaşdırır. Bu isə Çaqqallıqqtəpənin nisbi tarixlənməsini e.ə. 3300-3200-cü illərə aparır.
Məskənlərdən tapılan tokinlər (yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlar) Ön Asyada e.ə. IV minilliyin sonlarınadək istifadə olunmuşdur. Bu isə hər iki məskənin alt qatlarının daha qədim dövrlərə aidiyyatı barədə fikir yürüdülməsinə imkan verir. Son tunc dövrünə aid hər iki məskən Azərbaycanın neolit və xalkolit dövrü abidələri və artefaktları ilə genetik bağlara malikdir.
Tədqiqatçı elektron vizual görüntülərlə müşayət olunan çıxışını bitirdikdən sonra seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi-nəzəri seminarının rəhbəri, t.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Zaur Həsənov, t.ü.f.d. Bəxtiyar Cəlilov və d. öz fikirlərini bildirmiş, Səfər Aşurovun rəhbərliyi altında aparılmış tədqiqatların Azərbaycan və dünya elmi üçün böyük əhəmiyyətini qeyd etmiş, məskənlərdə tədqiqatların davam etdirilməsinin vacibliyindən söz açmışlar.
Seminara yekun vuraraq seminarın sədri Ə.Cəfərov aparılan çöl-tədqiqatlarının Kür-Araz arxeoloji mədəniyyətinin ayrı-ayrı xüsusiyyətlərinin öyrənilməsində mühüm mərhələ olacağını qeyd etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az