Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MİNSKDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA BEYNƏLXALQ ABIDƏLƏR VƏ TARIXI YERLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ
  17.04.2017
Something0
Aprelin 17-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assembleyasının (ICOMOS) təsis etdiyi 18 aprel Beynəlxalq Abidələr və tarixi yerlər günü bütün tərəqqipərvər dünya ictimaiyyatı tərəfindən qeyd edilməkdədir. Azərbaycan Respublikasının ərazisi bəşəriyyət tarixinin az qala bütün mərhələlərini əks etdirən abidələrin məkan tapdığı, dünyanın unikal guşələrindən biridir. Tarixi abidələrimizə olan qayğı və diqqət daim xalqımızın və dövlətimizin ən mütərəqqi xüsusiyyətlərini nümayiş etdirməkdədir. Xüsusilə, mərhum Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən milli tariximizi özündə təcəssüm etdirən abidələrimizə qayğı və diqqət sistemli və konseptual mahiyyət almışdır. Müstəqil dövlətçiliyimizin qurucusu İlham Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də abidələrimizin qorunması, tarixi abidələrimizin tədqiqi işinə xüsusi bir önəm verməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun (2 may 2007-ci il) və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında (19 dekabr 2007-ci il), “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” (11 iyul 2008-ci ildə), 2008-ci ilin fevralın 5-də “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, 2012-ci ilin 18 aprel “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” və 26 aprel tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutnun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Muğan-Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” 29 oktyabr 2013-ci il tarixli sərəncamlarının imzalanması tarixi abidələrimizə, maddi-mədəni irsimizə göstərilən dövlət qayğısının bariz nümunələridir. M.Rəhimova çıxışında Azərbaycan ərazisində tarixi abidələrin arxeoloji tədqiqatı, konservasiyası və mühafizəsi məsələlərinə də toxundu, abidələrin tədqiqi və qorunması yönündə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İnstitutun birgə əməkdaşlığının ölçüyəgəlməz müsbət nəticələrindən söz açdı. Tədbirdə iştirak edən İnstititun şöbə rəhbərləri: AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı Azərbaycan ərazisindəki abidələrin milli və bəşər tarixi üçün unikal dəyərindən, İnstitutun abidələrin qorunması, konservasiya istiqamətindəki gördüyü işlərdən, arxeoturizm üçün Azərbaycanda olan böyük potensialdan söz açdılar.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Abidələrə və tədqiqatlara nəzarət” sektorunun müdiri Arif Əliyev çıxışında bir daha Azərbaycan arxeoloqlarına istər milli tariximiz, istərsə də bəşər tarixi üçün fədakarlıq tələb edən tədqiqatlarına görə təşəkkürünü bildirdi, Mədəniyyət və Turizm nazirliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə əməkdaşlığının dövlətimizə və xalqımıza verdiyi çox istiqamətli yüksək nəticələrindən söz açdı və gələcəkdə hər iki struktur arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini xüsusi qeyd etdi.
Tədbirdə həmçinin, İnstitutun şöbə rəhbərləri və əməkdaşları da iştirak edirdilər. Tədbir ərzində İnstitutun təşkil etdiyi ekspedisiyalar tərəfindən respublika ərazisində aparılan arxeoloji qazıntıları, tədqiq edilən abidələri, abidələrin qorunması üçün aparılan konservasiya işlərini, tapılmış artefaktları əks etdirən slayd-təsvirlər nümayiş olunurdu.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az