Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA AZƏRBAYCAN TÜRKLƏRİNİN ETNOGENEZ PROBLEMLƏRİNƏ HƏSR EDİLMİŞ ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA AZƏRBAYCAN TÜRKLƏRİNİN ETNOGENEZ PROBLEMLƏRİNƏ HƏSR EDİLMİŞ ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ
  27.04.2017
2017-ci il aprelin 26-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirildi. Seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov seminarı açaraq bildirdi ki, bu günki mövzu “Azərbaycan tüklərinin etnogenezi və milli inkişaf problemi”-dir. Mövzu ilə bağlı məruzəçi tarix üzrə fəlsəfə doktoru Xaliyəddin Xəlilovdur. Tarix elmləri doktoru Əsədulla Cəfərov qeyd etdi ki, Azərbaycanda az və ya çox dərəcədə toxunulmuş etnogenez problemi olduqca mürəkkəb, çoxşaxəlidir. Seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov daha sonra sözü məruzəçi Xaliyəddin Xəlilova verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Xaliyəddin Xəlilov sovet və Azərbaycan elmində, əsasən, tarix, dilçilik, etnoqrafiya, arxeologiya, antropologiya və d. sahələrdə Azərbaycan xalqının etnogenez probleminin tarixindən söz açdı. Natiq göstərdi ki, sovet dönəmində ilk dəfə olaraq etnoqraf Qəhrəman Qaraqaşlı problemə toxunmuş və ilk dəfə keçmiş sovet məkanında göstərmişdir ki, problem digər elm sahələrinin də cəlb edilməsi şərtiilə araşdırılmalıdır. Amma 40-cı illərdən etibarən ümumiyyətlə etnogenez problemi bütün keçmiş sovet elmi məkanında araşdırılmalardan kənarlaşdırıldı. 50-ci illərin ikinci yarısından isə, problemin tədqiqata cəlb edilməsi üzərindən yasaq götürüldü.
Məruzəçi göstərdi ki, XX əsrin 60-90-cı illərində Azərbaycan xalqının etnogenezi probleminin müxtəlif aspektlərinə K.Əliyev, S.Əliyarov, R.Göyüşov, Q.Qeybullayev, T. Hacıyev, F. Cəlilov, A. Kərimov, Q.Kazımov, Y.Yusifov və d. toxunmuşlar. 1984-cü ilin mart ayında isə, Tarix İnstitutunda etnogenez probleminə həsr olunmuş xüsusi seminar keçirildi. X.Xəlilov xüsusi olaraq problemin araşdırılması tarixində antropoloq Rəbiyyə Qasımovanın tədqiqatlarının mühüm rolunu vurğuladı. Müasir dövrdə isə, etnogenez probleminə toxunan tədqiqatçılar içərisində isə, N.Müseyiblinin məqalələrini qeyd etdi.
Məruzəsinin əsas hissəsinə keçərək X.Xəlilov bildirdi ki, etnogenez probleminin araşdırılmasında müxtəlif alimlərin və elmi məktəblərin fərqli yanaşmaları vardır. Bu baxımdan XX əsrin sonlarında Yusif Yusifovun təklif etdiyi “Ulu dil” konsepsiyası Azərbaycan xalqının etnogenezinin araşdırılması üçün irəli sürlən nəzəriyyələr içində dolğun və əhatəliyi ilə seçilir. Məruzəçi qeyd etdi ki, xüsusilə, Əsədulla Cəfərovun ibtidai icma dövründə Azərbaycan ərazisindəki erkən insan toplumlarının təkamülü barədə fikirləri etnogenez probleminin həllində yeni perspektivlər açır. Məruzəçinin irəli sürdüyü konsepsiyaya görə, Azərbaycan ərazisində etnogenez prosesinin başlanılması ana xaqanlığından (matriaxatdan) ata xaqanlığına (patriarxata) keçid dövrünə təsadüf edir. Bu isə, xalkolitin sonu - erkən tunc dövrünə düşür. Faktiki olaraq bu dövrdə müasir Azərbaycan xalqının etnogenez proesinin əsası qoyulur.
Məruzəçi çıxışını bitirdikdən sonra seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. Seminara yekun vuraraq seminarın sədri Ə.Cəfərov bildirdi ki, təbii amillərin (coğrafi landşaft, ekoloji durum və s.) əsas rol oynadığı etnogenez prosesi kimi mürəkkəb bir elmi-tədqiqat mövzusunda araşdırılmamış aspektlər çoxdur və yetişməkdə olan gənc Azərbaycan alimlərinin tədqiqatları bu məsələdə elmi həqiqətin tapılmasında mühüm rol oynayacaqdır. Son 25 ildə aparılmış kompleks elmi tədqiqatlar nəticəsində əldə edilmiş arxeoloji, paleoantropoloji, paleogeoloji elmi faktlar əsasında ölkəmizin ərazisində ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi sübuta yetirilmişdir. Bunun əsasında Respublikamızın ərazisində ayr-ayrı arxeoloji mədəniyyətlər qeydə alınıb tədqiq olunmuşdur.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az