Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

2016-CI İLDƏ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ ELMİ TƏDQİQAT VƏ ELMİ TƏŞKİLATİ İŞLƏRİN QISA HESABATI KEÇİRİLDİ
2016-CI İLDƏ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ ELMİ TƏDQİQAT VƏ ELMİ TƏŞKİLATİ İŞLƏRİN QISA HESABATI KEÇİRİLDİ
  28.04.2017
Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib. Yığıncaq ərəfəsində, aprelin 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətini və elmi nailiyyətlərini əks etdirən ekspozisiya masasının materialları, o cümlədən, xüsusi hazırlanmış videoslaydla AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri tanış olublar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 2016-cı ildə elmi tədqiqat və elmi təşkilati işlərin planına uyğun olaraq geniş elmi tədqiqat işlərini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında 11 yanvar 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar İnstitutun bir qrup əməkdaşı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə sıx əməkdaşlıq etmiş, hər iki qurumun Bakı şəhəri və regionlarda multikulturalizmlə bağlı təşkil etdiyi tədbirlərdə fəal iştirak etmişlər.
2016-cı ildə İnstitutun əməkdaşları Türkiyə, Fransa, Rusiya Yaponiya, Belçika, Gürcüstan və s. ölkələrdə keçirilən elmi konfranslarda və tədbirlərdə iştirak etmişlər. Eyni zamanda İtaliya, Yaponiya, Almaniya və Çin alimləri ilə İnstitutda görüşlər, təqdimatlar keçirilmişdir. Qəbələ, Qazax, Ağcabədi, Lerik rayonlarında birgə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərmişdir. Türkiyə, ABŞ, Fransa, Almaniya, Yaponiya, Koreya, Rusiya, arxeoloqları və etnoqrafları ilə sıx əməkdaşlıq edilmiş, gələcək əməkdaşlıq barəsində müzakirələr aparılmışdır.
Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirmişdir. Bu istiqamət üzrə 6 problem, 24 mövzu, 24 mərhələ üzərində elmi tədqiqat işləri aparılmışdır.
2016-cı ildə geniş arxeoloji tədqiqatlar davam etdrilimişdir. Daş dövrü üzrə: Yaponiya mütəxəssisləri ilə birlikdə Qazax rayonundakı Damcılı mağarasında aparılmış arxeoloji qazıntı işləri nəticəsində abidənin mədəni qatlarının stratiqrafik ardıcıllığı müəyyən edilmişdir. Mingəçevir su anbarı ətrafında Rusiya mütəxəssislərinin iştirakı ilə və Qax rayonu ərazisindəki paleolit düşərgələrində aparılan tədqiqatların mühüm nəticələri ondan ibarətdir ki, tapıntılar Azıx mağarasından başlanan Quruçay mədəniyyətinin və sonrakı tarixi ənənələrin daha geniş arealda yayıldığını sübut edir.
Neolit və xalkolit dövrləri üzrə: Qəbələ rayonu ərazisində e.ə. IV minilliyin başlanğıcına aid Qalayeri yaşayış məskənində aparılan qazıntılar nəticəsində bu abidənin Ön Asiyanın erkən sivilizasiyaları ilə sıx bağlılığını əks etdirən çoxsaylı tapıntılar aşkar edilmişdir. Cəlilabad rayonu ərazisindəki Polutəpə yaşayış yerində davam edən qazıntılar nəticəsində mədəni təbəqənin alt qatlarında qədim sakinlərin məbədi olmuş sahə aşkar olunub. Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü yaşayış məskənində isə, ilk dəfə olaraq ocaq yerində metal (azurit) hissəcikləri tapılmışdır. Qarabağda - Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonları ərazisində arxeoloji tədqiqat işləri aparılmış, çoxsaylı abidələr qeydə alınmış, Ağdam rayonu ərazisində İsmayılbəytəpə neolit dövrü yaşayış məskənində qazıntı işləri davam etdirilmişdir.
Tunc dövrü üzrə: Ağdam rayonu ərazisində Palıdlı nekropolunda qazıntılar nəticəsində aşkar edilmiş arxeoloji materiallar e.ə. XII-XI əsrlərlə tarixlənir. Erkən tunc dövrünə aid Xaçmaz rayonundakı Mollaburxantəpə yaşayış məskənində, Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən I, II, III Çaqqalıqtəpə abidələrində arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinin yerli, lokal xüsusiyyətlərini əks etdirən memarlıq qalıqları və arxeoloji materialları üzə çıxarmışdır. Ordubadda Plovdağ kompleksində davam etdirilmiş tədqiqatlar nəticəsində Naxçıvanın ilk və orta tunc dövrü tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli yeni tapıntılar əldə olunmuşdur. Naftalan şəhəri ərazisində 7, Goranboy rayonu ərazisində isə, 54 yeni kurqan qeydə alınmış, Qaraçinar tunc-ilk dəmir və orta əsrlərə aid çoxtəbəqəli yaşayış yeri tədqiq edilmişdir. Goranboy rayonu ərazisində, Uzun Rəmə kurqan çölündə e.ə. XII-X əsrlərə aid 7 nömrəli kurqanda qazıntı işləri aparılmışdır.
Antik dövr üzrə tədqiqatlar: Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı e.ə. V – IV əsrlərə aid şəhər kompleksində tədqiqatlar, xüsusilə qeyd edilən dövrə aid saray kompleksinin tədqiqi davam etdirilmişdir. Ağcabədi rayonunda Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskənində orta əsrlərə - IX-XII aid üst qatında arxeoloji qazıntıları davam etdirilmişdir. Şamaxı rayonu ərazisində antik dövr Gəgəli nekropolunda qazıntı işləri aparılmış, əldə edilən maddi mədəniyyət nümunələri əsasında Gəgəli nekropolu son antik – ilk orta əsrlərə aid edilmişdir.
Orta əsrlər dövrü üzrə tədqiqatlar: Qəbələ şəhərinin Qala hissəsində kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılmış, olduqca zəngin və rəngarəng çeşidli maddi mədəniyyət nümunələri aşkar olunub. Şəmkir orta əsr şəhər yerində, Şamaxıdakı Gülüstan qalasında geniş arxeoloji tədqiqatlar davam etdirilmişdir.
2016-cı il üçün mühüm kəşflərdən biri Qəbələ rayonu ərazisində e.ə. IV minilliyin əvvəlinə aid Qafqazın bu dövr tarixi üçün ilk dəfə olaraq katakomba tipli qəbir abidəsinin aşkar edilməsi, Lerik rayonundakı Piboztəpə nekropolu materiallarının Atropatena dövlətinin mədəni, ictimai və iqtisadi mühiti haqqında təsəvvürlərin formalaşdırılmasına zəmin yaratmasıdır.
Yeni qaz kəmərinin inşası və Yuxarı Hil kanalının tikintisi ilə əlaqədar aparılmış yeni arxeoloji tədqiqatlar nəticəsində Yevlax, Goranboy, Şəmkir, Tovuz, Ağstafa və Ağcabədi rayonları ərazisində xalkolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid yaşayış yerləri və qəbir abidələri tədqiq edilib.
2016-cı ildə Qazax, Ağstafa, Şəki və Zaqatala rayonlarına еtnоqrafik ekspedisiyalar təşkil edilmişdir. Ekspedisiyalar zamanı bölgənin əhalisinin təsərrüfat məişəti, maddi və mənəvi mədəniyyəti, etnik tarixi, sənətkarlığı, ailə məişəti və s. üzrə materiallar toplanmışdır.
Etnososioloji tədqiqatlar şöbəsində “Azərbaycanda etno-sosial və etno-mədəni proseslərdə modernləşmə təmayülləri”, “Qloballaşma və etnik mədəniyyət”, “Azərbaycanda milli identikliyin formalaşmasının ilkin mərhələsi”, “Post-sovet ölkələrində etno-siyasi münaqişələrin yaranmasında Rusiya faktoru”, “Ermənistan-Azərbaycan münaqişəsi məcburi köçkün və qaçqınların yaddaşında” kimi mövzular işlənilmişdir.
Gənc kadrların yetişdirilməsi istiqamətində 2016-cı ildə İnstitutda “Antropologiya” ixtisası üzrə təhsil alan 2 nəfər magistr Ankara şəhəri Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Antropologiya bölməsində təcrübə keçmiş, avqust ayında isə Şabran rayonunda arxeoloji qazıntılarda iştirak etmişlər. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) mütəxəssisləri gənc azərbaycanlı arxeoloq, antropoloq və paleobioloqlara ixtisas üzrə “Yay məktəbi” layihəsi çərçivəsində master-klass kursu keçmişlər.
İnstitutun “Etnoarxeologiya” şöbəsinin a.e.i., tarix üzrə elmlər doktoru Məhəbbət Paşayevanın rəhbəri olduğu “Azərbaycanın multikultural mühitində tolerantlığın modeli kimi udinlərin dini-mədəni irsinin tarixi-etnoqrafik tədqiqi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalibi olmuşdur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq etmiş, birgə layihələrdən biri “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" üzərində iş aparılmışdır. Layihə çərçivəsində Qarabağda yerləşən 200-dən çox arxeoloji, tarixi, memarlıq abidələrinin pasportu hazırlanmış, onların GPS koordinatları müəyyən edilmiş və hər bir abidəyə ayrıca tarixi arayış yazılmışdır.
İnstitut üzrə 5 kitab, 131 məqalə, 22 tezis respublikamızda, 32 məqalə, 7 tezis xaricdə çap olunmuşdur. İmpakt Faktorlu jurnallarda 4 məqalə nəşr olunmuşdur.
İyunun 24-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın görkəmli arxeoloq və etnoqrafı Ələsgər Ələkbərovun anadan olmasının 125 illiyi münasibətilə çap olunmuş “Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimatı, 24 oktyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda elmi sessiya, 28-30 noyabr 2016-cı il tarixində “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Elmi təşkilati məsələlərə gəldikdə isə, qeyd edilməlidir ki, 2016-cı ildə İnstitutun Elmi Şurasında keçirilmiş iclaslarda Ulu Öndər Heydər Əliyevin doğum və anım günləri, AMEA Rəyasət Heyətinin qərar və sərəncamları, 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı, təşkilati məsələlər, kadr hazırlığı, illik elmi tədqiqat işlərinin planları və onların yerinə yetirilməsinin nəticələri məsələləri geniş müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Rəyasət Heyəti tərəfindən verilən tapşırıqlar və sorğular əsasında arxeoloji-memarlıq abidələri və Azərbaycan etnoqrafiyasının müxtəlif məsələləri barədə elmi arayışlar yazılıb təqdim edilmişdir.
2016-cı il ərzində Azərbaycanın müxtəlif bölgələrinə arxeoloji və etnoqrafik ekspedisiyalar göndərilmiş, eyni zamanda bölgələrdəki abidələrin vəziyyəti ilə əlaqədar olaraq İnstitut əməkdaşları müntəzəm şəkildə elmi ezamiyyətlərə getmişlər.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az