Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

QAZAX RAYONU ƏRAZİSİNDƏ DAMCILI VƏ YATAQYERİ PALEOLİT ABİDƏLƏRİNDƏ ARXEOLOJİ KƏŞFİYYAT VƏ QAZINTI İŞLƏRİNİN NƏTİCƏLƏRİ
QAZAX RAYONU ƏRAZİSİNDƏ DAMCILI VƏ YATAQYERİ PALEOLİT ABİDƏLƏRİNDƏ ARXEOLOJİ KƏŞFİYYAT VƏ QAZINTI İŞLƏRİNİN NƏTİCƏLƏRİ
  16.05.2017
Ötən ilin avqust ayında Qazax rayonu ərazisində yerləşən Damcılı və Yataqyeri qədim yaşayış düşərgələrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və İnstitutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirak etdiyi Azərbaycan-Yaponiya arxeoloji ekspedisiyası fəaliyyət göstərmişdir. Bu ilin yay mövsümündə də həmin ərazilərdə Tokio (Yaponiya) Universitetinin mütəxəssislərinin iştirakı ilə çöl-tədqiqat işləri davam etdiriləcəkdir.
Azərbaycan-Yaponiya ekspedisiyasının tədqiq edəcəyi problem Cənubi Qafqazda istehsal təsərrüfatına əsaslanan cəmiyyətin yaranma mərhələsini izləmək olmuşdur. Göstərilən məsələləri aydınlaşdırmaq üçün hələ bir neçə illər bundan qabaq Göytəpə və Hacıələmxanlı neolit dövrü abidələrində ciddi qazıntı, analiz və mütləq yaş alma yönündə çoxprofilli əsaslı elmi işlər aparılmışdır.
Son illərdə isə, Damcılı son daş dövrü abidəsində və onun ətrafında qeydə alınmış həmdövr yaşayış yerlərində kəşfiyyat, yoxlama və dəqiqləşdirmə işləri aparılmışdır. Yeni tədqiqat istiqamətininin əsas məqsədi - hələ 1950-ci illərin əvvəllərində Məmmədəli Hüseynovun Damcılıda apardığı işlərlə tanışlıq, araşdırma aparıldıqdan sonra bu abidəyə yuxarı paleolit, mezolit və neolit dövrlərində istehsal və inkişafın hansı tərzdə getdiyini yəqinləşdirmək olmuşdur.
Amma Yataqyeri abidəsində isə axtarış və kəşfiyyat-qazıntı işləri müsbət nəticə vermədiyindən obyektdə tədqiqat dayandırıldı.
1962-65-ci illərdə və sonrakı dövrlərdə də Yataqyeri son paleolit düşərgəsindən mustye (120 min il əvvəldən - 35 min il əvvəl arasında dövr), üst paleolit (35 min il əvvəldən - 12 min il əvvəl arasında dövr), mezolit (orta daş dövrü, e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası ), neolit (yeni daş dövrü, e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək ) və xalkolitə (eneolit, mis-daş dövrü, e.ə. 5 minillikdən e.ə. 4-cü minilliyin sonunadək) keçid dövrlərinə dair kifayət qədər məlumat verə biləcək orijinal kolleksiya əldə olunub və İnstitutun Fonduna təhvil verilmişdir. Hətta 2015-ci ilin yayında Azərbaycan-Yaponiya arxeoloqlarının birgə axtarışları zamanı Damcılı çoxdövrlü paleolit düşərgəsi ilə eyni səpkili həmdövr materiallar toplanmışdır. Amma, Yataqyeri abidəsində təsərrüfat işləri və təbii təsirlərdən tapıntılar heçə enmişdir.
Nəhayət, 2016-ci ilin avqust ayında Damcılı paleolit yaşayış məskəni ətrafında daha doğrusu həmin bulaqdan cənub-şərqə bir neçə yerdə yoxlama şurfları qazıldı. Ümumilikdə bir-birindən müəyyən məsafədə aralı 9 kəşfiyyat xəndəyi quruldu. Bunlardan 7-ci və 8-ci qazıntı sahələrində (Damcılı bulağından şərqə) gözlənilən istiqamətdə ilkin artefaktlar üzə çıxmağa başladı. Bu əlamətlər 3-3.5 metr dərinlikdə özünü büruzə verdi. Ümdə gözlənilən fakt qədim neolit dövrünə xas boz rəngdə sərt çaxmaq daşlarından qoparılmış massiv qəlpələr üzərində diş-diş retuşlu dik ağızlı, dairəvi, yonucu tipli qaşovlar və onlara müvafiq nüvələr aşkar edildi. Bu layda ocaq yerləri, fauna qalıqları da qeydə alındı. Belə ki, hər torpaq-gil qatının daha nazik horizontlarla sıyrılıb götürülməsi və çöküntülərin xırda gözlü, metal torlu xərəkdən və xəlbirdən keçirilməsi, gil nümunələrinin isə, sonra daha narın məsaməli qablarda yuyulub, paleobotanik nümunələri, zərrəcikləri, kiçik gəmirici sümüklərini seçməklə nəticələnirdi.
Neolit təbəqəsində şurfun darlığı (kiçikliyi), digər tərəfdən qaya dibindən su sızmaları dərinə qazmağa və daha qədim mədəni təbəqələrə enməyə imkan vermirdi. Bununla belə, çay daşlarından tikinti qalığı, dənəzən, sürtgəc tipli istehsal vasitələrini götürmək mümkün oldu. Bura yaxın digər qazıntı yerindən yuxarı paleolitə aid nüvələr, Mustye dövrü ilə səsləşən sumağı rəngdə levallua qəlpəsi əldə olundu. Qazıntı sahəsinin şimal kvadratı qazıntısından nisbətən orta laydan mezolit ənənəli mikrolitlər, neolit tipli seqment trapes və lövhəciklər tapıldı. Obsidian (dəvəgözü) - vulkan şüşəsindən hazırlanmış xırda lövhədən balıq tutmaq üçün qarmağ (tilov) funksiyalı alət də ayırd edə bildik.
Beləliklə, Azərbaycan paleolitinin banisi Məmmədəli Hüseynovun qeyd etdiyi kimi Mustye, yuxarı paleolit, mezolit, neolit, tunc və son orta əsr dövrünə mənsub materiallar strateqrafik quruluşda yeni qazıntılarda öz təsdiqini tapdı. Ümumilikdə Damcılı abidəsində təxminən 80 min il qədimdən 9 min il əvvələdək arxeologiyada mövcud olmuş keçid pillələrinin yadigarlarını izləmək mümkün olmuşdur.
Növbəti tədqiqat mərhələsində 8 və 9-cu qazıntı quyularından qərbə - nisbətən Damcılı bulağına yaxın sahədə geniş 2 x 2 m və 2x4 m ölçülərdə qazıntı sahəsi götürüb təbəqələri geniş açmaqla, ilk yaşayış tərzini bərpa etməklə, mərhələli ardıcıllığı tutmaqla tədqiqatın başlıca problemini – erkən istehsalata keçmək prosesini səhnələşdirə biləcəyik.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az