Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

NƏRGİZTƏPƏ AZƏRBAYCAN TARİXİNİN BÜTÖV BİR MƏRHƏLƏSİNƏ İŞIQ SALA BİLƏR
NƏRGİZTƏPƏ AZƏRBAYCAN TARİXİNİN BÜTÖV BİR MƏRHƏLƏSİNƏ İŞIQ SALA BİLƏR
  07.08.2017
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Mil-Qarabağ ekspedisiyasının Nərgiztəpə dəstəsi 2017-ci ilin yayında Xocavənd rayonu ərazisində arxeoloji tədqiqatları davam etdirib.
Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev AZƏRTAC-a Nərgiztəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Qarabağın Mil düzü ilə kəsişən dağətəyi ərazisində yerləşən Nərgiztəpədə ilk tədqiqatlar 2013-cü ildə başlanıb. 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə burada araşdırmalar daha intensiv xarakter alıb.

Nərgiztəpədə həyat Tunc dövrünün sonlarından başlayıb

Nərgiztəpə arxeoloji kompleksinə müxtəlif tarixi dövrlərə aid yaşayış məskənləri, müdafiə qurğuları, qəbir abidələri daxildir. Nərgiztəpə ətrafında aparılan kəşfiyyat-axtarış işləri göstərir ki, bu ərazidə Tunc dövrünün sonlarından başlayaraq ardıcıl həyat olub.
T.Əliyev məlumat verib ki, cari ilin yayında Nərgiztəpə yaşayış məskənində arxeoloji qazıntı işləri 60 kvadratmetr sahədə (A1 və A2 kvadratlarında) aparılıb. A2 kvadratında təmizləmə işləri görülüb, A1 kvadratında isə mədəni təbəqə materikə qədər açılıb tədqiq olunub, müxtəlif dövrlərə aid tikinti qatları aşkar edilib. Builki qazıntılar araşdırılan qazıntı sahəsindəki mədəni təbəqə və bütövlükdə Nərgiztəpə yaşayış məskəninin xronoloji çərçivəsi haqqında ümumi və dolğun təsəvvür yaradır. Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə, zolaqlara rast gəlinib. Abidədə Erkən orta əsrlər nisbətən zəif təmsil olunub. Qalınlığı 2 metrdən artıq olan antik təbəqə isə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə çox zəngindir. Burada antik dövr üçün səciyyəvi olan kvadratşəkilli çiy kərpiclərdən inşa olunmuş tikili qalıqları diqqəti cəlb edir. A1 və A2 kvadratlarının kəsişməsində üst-üstə bir metr qalınlığında düzülmüş kərpic hörgüyə - döşəməyə təsadüf olunub. Onun bünövrəsinə araları palçıqla doldurulmuş müxtəlif ölçülü çay daşları qoyulub. Döşəmənin ortasında uzunsov dördbucaqlı şəklində ocaq yeri açılıb. Antik təbəqə eradan əvvəl I minilliyin birinci yarısına aid qalın kül və yanıq izləri ilə müşayiət olunan təbəqənin üzərində bərqərar olub.

Son tədqiqatlar zamanı burada 300-dən çox qəbir qeydə alınıb

Burada Erkən Alban dövrünə və Dəmir çağına aid çay daşından və obsidiandan əmək alətləri, sümükdən iynə, qaşov və bizlər, qalın divarlı küpün parçaları, narın gildən hazırlanmış müxtəlif tipli mətbəxt qablarının qırıqları və sair aşkarlanıb. Alt qatda isə Son Tunc dövrü üçün səciyyəvi olan qaracilalı qab fraqmentlərinə, daş əmək alətlərinə rast gəlinib. Bu təbəqə iri və girdə çay daşlarından inşa olunmuş qala divarları ilə əhatəyə alınıb. Tədqiqatların nəticəsi göstərir ki, Nərgiztəpədə həyat başlananda onun ətraf sahələrlə müqayisədə hündürlüyü 3,5 metrə yaxın olub.
Nərgiztəpə və onun ətraflarında XX əsrin sonlarınadək intensiv yaşayış davam edib. Abidənin şərq ətəyində yerləşən və geniş sahəni əhatə edən müsəlman qəbiristanlığı bunu aydın göstərir. Son tədqiqatlar zamanı burada 300-dən çox qəbir qeydə alınıb, onların topoqrafik planı çıxarılıb. Bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub. Bəzi qəbirlərin ətrafına düzülən iri yumru daşlar diqqəti cəlb edir. Rəvayətə görə, “Kitabi Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu yerlərdə cərəyan edib. Ümumiyyətlə, Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin oğuz türklərinin yurd yerləri olduğunu göstərir.

Abidənin tariximiz üçün böyük informasiya yükü daşıması burada məqsədyönlü
tədqiqatların aparılmasının zəruriliyini şərtləndirir

T.Əliyev qeyd edib ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala biləcək bir abidədir. Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Nərgiztəpədə aparılan arxeoloji tədqiqatlar qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatında və dünyagörüşündə varisliyini bir daha təsdiq edir.
Tədqiqat zamanı Beyləqan rayonu ərazisindəki Antik və Erkən Orta əsrlərə aid Təzəkənd şəhər yerinin də nəzərdən keçirildiyini bildirən T.Əliyev deyib: “Burada hələ ötən əsrin ortalarında kəşfiyyat xarakterli işlər aparılıb. Təəssüf ki, qədim Azərbaycan dövləti olan Albaniyanın əsas vilayətlərindən birinin (Paytakaranın) mərkəzi olmuş bu yaşayış məskəni indiyədək tədqiqata cəlb edilməyib. Hazırda onun kiçik bir hissəsi kəndin ortasında, şəxsi həyət sahələri arasında qalıb. 60 il əvvəl aşkar edilən daş sütun altlıqlarının da yol kənarında bu günədək qalmasını xoş təsadüf saymaq olar. Abidənin tariximiz üçün böyük informasiya yükü daşıması burada məqsədyönlü tədqiqatların aparılmasının zəruriliyini şərtləndirir”.

Mənbə: AZƏRTAC

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az