Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN YARDIMLI ARXEOLOJİ EKSPEDİSİYASININ APARDIĞI TƏDQİQATLAR...

  19.10.2017

Yardımlı rayonunda tunc dövrü abidələrində arxeoloji qazıntılar aparılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin başçılıq etdiyi "Yardımlı arxeoloji ekspedisiyası" Yardımlı rayonu ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidələr aşkar edib. Qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində: müxtəlif struktura malik kurqanlar və daş qutu qəbirlərində aparılıb. Kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Ehtimal olunur ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc - ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir.
“Eyni zamanda müəyyənləşdirilib ki, ərazidə 2 tip kurqanlar - daş örtüklü kurqanlar və ətrafı kromlexli, dəfn kamerası isə daş qutu tipli kurqanlar mövcud olmuşdur. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) aran-yaylaq maldarlıq təsərrüfatı ilə məşğul olan insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır. Qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümükləri təyinatı və tarixinin dəqiqləşdirilməsi üçün müvafiq laboratoriyalara təqdim edilmişdir” - deyə A.Ağalarzadə vurğulamışdır.
Arxeoloji tədqiqatların ən böyük əhəmiyyəti - ərazidə son tunc-erkən dəmir dövrü kurqan tipli abidələrin aşkarlanmasıdır. Vaxtilə bölgənin görkəmli tədqiqatçılarından biri olmuş, mərhum arxeoloq Fərman Mahmudov arealda həmin dövrə aid kurqanların mövcudluğunu ehtimal etmiş, bu ehtimalın sübut edilməsi üçün tədqiqatlara böyük ehtiyacın olduğunu bildirmişdi.
A.Ağalarzadənin bildirdiyinə görə, arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri də aşkar edilib. Bu yaşayış yerləri üzərində indi də müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az