Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ, TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT ANAR AĞALARZADƏNİN TƏDQİQATLARI NƏTİCƏSİNDƏ MASALLI RAYONU ƏRAZİSİNDƏ KURQAN TİPLİ QƏBİR ABİDƏLƏRİ AŞKAR OLUNUB

  17.11.2017

Masallı rayonu ərazisində kurqanlar aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, eyniadlı çayın sağ sahilində, Lənkəran ovalığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib. Bu torpaq örtüklü kurqanların diametri 45-50 m, uzun illər təsərrüfat işləri zamanı ciddi dağıntılara məruz qalmalarına baxmayaraq onların üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir.
A.Ağalarzadə bildirmişdir ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid edilir.
Tədqiqatçı qeyd etmişdir ki, Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir. Dağlıq bölgə ilə dağətəyi zonanın qəbir abidələri bir vəhdət təşkil etməklə tunc — erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətlərinin və başlıca olaraq qədim tayfaların təsərrüfat həyatı haqqında məlumatlar əldə etmək üçün çox böyük əhəmiyyət kəsb edir. Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur.
“Gələcəkdə aparılacaq sistemli arxeoloji qazıntılar nəticəsində Bədəlan kurqanlarının daha dəqiq tarixi-xronoloji çərçivəsini müəyyən etmək və dəfn adətlərinin xüsusiyyətlərini izləmək mümkün olacaqdır” - deyə tədqiqatçı bildirmişdir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az