Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



SONU GÖRÜNMƏYƏN AXTARIŞ YOLLARINDA

  23.11.2017

Azərbaycan arxeologiyasının qocaman mütəxəssislərindən biri, bir çox orta və gənc nəsil alimlərimizin müəllimi, tədqiqatları arxeoloqlarımız üçün stolüstü dərslik olan tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradovanın 1999-cu ildə “Azərbaycan arxeologiyası” jurnalına (Xəzər Universiteti, 1999, c.1, № 3-4) verdiyi səmimi və ətraflı müsahibəsini kiçik redaktə və ixtisarla, qocaman tədqiqatçının elmi tədqiqatlarında mühüm lakin indiyədək bilinməyən məqamları oxucularımıza təqdim edirik. Firuzə Muradova Azərbaycanın tanınmış arxeoloq alimlərindədir. 50 ildən artıqdır ki, axtarış yollarında olan zəhmətkeş alim doğma diyarı addım-addım gəzərək onlarca qədim abidə üzə çıxarmış, yazdığı çoxsaylı elmi əsərlərində Azırbaycan, eləcə də, dünya arxeologiyasının müxtəlif problemlərinə toxunmuşdur. Təqdim olunan müsahibədə yorulmaq bilməyən alimin şərəfli həyat və yaradıcılığı yoluna nəzər salınmışdır.

— Firuzə xanım, xahiş edirəm, özünüz haqda qısa məlumat verəsiniz.

— Mən Muradova Firuzə Məmmədrza qızı 1934-cü ildə Bakı şəhərində anadan olmuşam. 1953-cü ildə Azərbaycanın tanınmış təhsil ocağı olan 190 saylı şəhər orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Tarix institutunun Arxeologiya şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışam. Hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisiyəm.

— Sizi arxeologiyaya, tarix elminin belə bir çətin sahəsinə gətirən nədir və ilk arxeoloji qazıntılara nə vaxt başlamısınız?
— 1959-cu ildə tarixçi ixtisasımla əlaqədar elmi-tədqiqat institutuna qəbul olunarkən qarşıma hələ orta məktəb illərində çox maraq göstərdiyim qədim dövrlə məşğul olmağı məqsəd qoymuşdum. Bununla əlaqədar hələ Arxeologiya şöbəsində baş laborant vəzifəsində işlədiyim müddət ərzində Qazax, Qobustan, Xaçbulaq, Örənqala, Fizuli, Bakı ekspedisiyalarında iştirakım yazıya qədərki tariximizin öyrənilməsinə marağımı daha da artırdı. Bu ekspedisiyalardakı iştirakımı arxeologiya elmi sahəsindəki ilk addımlarım kimi qiymətləndirirəm, çünki arxeologiya elminin əsl işi, laboratoriyası ekspedisiya sayılır. Bir tərəfdən də arxeoloq Cəfərqulu Rüstəmovla ailə həyatı qurmağım məni ömürlük arxeologiya elminə bağladı.
1959-cu ilin payızında ilk dəfə olaraq arxeoloji axtarışlarla orta əsr şəhəri Örənqala nın qazıntılarında iştirak etdim. Qazıntılar nəticəsində açılan kərpic tikililərin qalıqlarını gözümlə gördüm. Tapılan rəngarəng şirli və şirsiz saxsı qab nümunələrini, zərif şüşə qabları və bəzək nümunələrini, qədim pulları heyranlıqla yuyub təmizləməklə, hər birini dəqiq şəkildə pasportlaşdırmaqla sanki onların dövrünə səyahət etdim. Bu ekspedisiyada o zamanlar SSRİ arxeologiyasının qabaqcıl alimlərindən sayılan A.A.İessenlə ilk dəfə görüşdüm, yaxından tanış oldum, ondan çox şey öyrəndim.
1960-1961-ci illərdə Qobustan ekspedisiyasında iştirakım mərhum rəssam Səfiyyə xanım Cəfərzadəyə qayalardakı qədim təsvirlərin surətini çıxarmaqda köməklik göstərməkdən ibarət idi. Qobustan ekspedisiyasının bir qayda olaraq son dərəcə isti keçən qızmar yay aylarında işləməsi hər bir iştirakçıdan böyük dözüm tələb edirdi. Belə şəraitdə işləməyə əvvəllər dözmürdüm, bu şərait mənim üçün şəhərdə doğulub boya-başa çatan adam üçün ağır idi. Bir də ki, mənə və bütün ekspedisiya üzvlərinə qarşı böyük tələbkarlıqla yanaşan ekspedisiya rəhbəri , müəllimimiz, tanınmış arxeoloq və etnoqraf , əməkdar elm xadimi İ.M.Cəfərzadə ekspedisiyanın maşını olmasına baxmayaraq, görülən işin tələbinə uyğun geniş əraziyə səpələnmiş qədim rəsmləri yalnız piyada gəzməklə axtarıb tapır və qeydə alırdı. Bununla əlaqədar gündə bir neçə km yol qət edirdik. Bu cür ağır zəhmət tələb edən işdə tək mən yox, bütün ekspedisiya üzvlərinin məşğul olduğunu nəzərə alıb təskinlik tapırdım. Beləliklə, yavaş-yavaş çətinliyə alışırdım. Bir şeyi həmişəlik yaddaşlma həkk etməli olmuşdum ki, elmin yolları enişli-yoxuşlu olur.
Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cəfərzadənin təkidi ilə həyat yoldaşım Cəfərqulu müəllimin 1965-ci ildən Qobustan abidələrinin yeni tədqiqini öz üzərinə götürməsi mənim də Qobustanla bağlı istəyimi, Qobustan kimi nəhəng və əvəzolunmaz abidələr kompleksinin tədqiqatçısı olmaq arzumun həyata keçməsinə - gələcəkdə Qobustan tədqiqatçılarından biri olmağımın əsasını qoydu. Qobustan abidələrinin tədqiqi sahəsində əvvəllərdən fərqli olaraq Qobustanın qazıntılar yolu ilə öyrənilməsi mərhələsi başlandı. Bu, çətin və məsuliyyətli dövr idi. Bu şərəfli işin öhdəsindən lazımi səviyyədə gəldiyimizə, bu sahədə bir sıra uğurlar qazandığımıza görə özümü xoşbəxt sayıram. 1960-61-ci illərdə İ.M.Cəfərzadənin rəhbərliyi ilə C.Rüstəmovun Qobustanda –Ovçular zağasında apardığı qazıntıların nəticəsində Qobustanın qədim insan məskəni olması iddiasını səsləndirməyə əsas verdi. 1965-66-cı illərdə Ana-Zağada apardığımız qazıntılar nəticəsində isə Qobustanda üst paleolit və mezolitdən sonrakı bütün tarixi dövrlərdə də (neolit, eneolit, tunc, antik, ilk orta əsrlər və s.) yaşayışın olduğunu göstərən maddi-mədəniyyət abidələri nümunələri aşkar edildi. Qobustanda işlədiyim 45 il ərzində apardığımız uğurlu axtarışlar nəticəsində demək olar ki, daş dövrünün müəyyən mərhələsindən (üst paleolitin sonlarından) başlayaraq bütün sonrakı mərhələlərdə burada insanın daim yaşadığını təsdiq edən maddi-mədəniyyət qalıqları aşkar edilmişdir.
Arxeoloji qazıntıların qayaüstü təsvirlərin dövrünün müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün əvəzolunmaz əşyavi dəlildir. Açılmış hər bir yeni abidədə arxeoloji materiallar əsasında müəyyənləşdirilmiş yeni təsvirlərin tapılması sübut etdi ki, Qobustan qayaüstü təsvirlərinin müəllifləri vaxtilə bu ərazidə yaşayıb-yaratmış azərbaycanlıların ulu əcdadı –qədim insanlardır. Onlar qayalarda, yaşadıqları qayaaltı sığınacaqların divarlarında, açıq yaşayış yerlərindəki tikintilərin daşları üzərində və hətta qəbir daşlarında həyatlarının bu və ya digər sahəsini əks etdirən təsvirlər çəkməklə yaşadıqları dövr haqqında son dərəcə qiymətli sənət əsərləri yaratmış, həm də onların vasitəsilə gələcək nəsillərə öz yaşadıqları tarixi dövrlər barədə mühüm məlumatlar qoyub getmişlər. Qobustan təsvirləri sırf həyati əsərlərdir. Xəyalən təsvirlər aləminə daxil olub, bir anlığa qədim insanın yaşadığı aləmi yaşadığım anlarım az olmayıb. Onların yaşadığı şəraiti təsəvvürümdə canlandırmaqla sanki bir anlığa özümü qədim insanların arasında hiss edirəm. Bu hal hamıya yox, yalnız bizim kimi zəhmətkeş, xoşbəxt arxeoloqlara aid olur. Qobustan başdansovdu tədqiqatçıya və tədqiqata sirr vermir. Qobustan öz ürəyini yalnız onun qızmar istisinə dözən, onun sonsuz yollarının, qazıntılarının tozunu udan, hər addımbaşı gürzə ilanları ilə göz-gözə dayanmaq bacarığına malik tədqiqatçılara açır. Mən arxeologiya sahəsində 50 ilədək bir müddətdə çalışmağıma təəssüflənmirəm.

— Firuzə xanım, arxeologiya sahəsində bacarıqlı bir arxeoloq kimi yetişməyinizdə kimi özünüzə müəllim hesab edirsiniz?
— Tarix elminin qadın üçün çox ağır bir sahəsində çalışmağımın əsas səbəbi, xalqlmızın ulu keçmişini öyrənmək istəyim, yuxarıda qeyd etdiyim kimi həyat yoldaşım Cəfərqulu Rüstəmovun arxeoloq və bilavasitə Qobustan abidələrinin tədqiqatçısı olmasıdır. Qobustan tədqiqatlarında onu mən həmişə özümə arxa bilmişəm, ən yaxın köməkçi hesab etmişəm. Lakin mütəxəssis arxeoloq kimi yetişməyimdə, bu sahədə atdığım hər bir uğurlu addımımda ilk arxeoloq müəllim İ.M.Cəfərzadənin qayğı və lazımi tələbkarlığını hiss etmişəm. Mən arxeologiya elminin incəliklərini onunla birlikdə , onun rəhbərliyi altında çalışdığım illərdə öyrənmişəm. Buna görə də İ.M.Cəfərzadəni haqlı olaraq özümün arxeologiya elminin sirlərinin öyrənilməsində ilk müəllimim sayıram. Onun həmişə təkrar etdiyi “yaxşı arxeoloq olmaq üçün həm də yaxşı etnoqraf olmalısan ki, tapdığın, öyrəndiyin abidələr haqqında düzgün fikirlər yürüdüb, düzgün də nəticələr çıxara biləsən” – sözləri indi də qulaqlarımda səslənir. Arxeoloq olmağımla fəxr edirəm. Bir də ona görə fəxr edirəm ki, uzun axtarış yollarında mənə görkəmli Azərbaycan alimi İshaq Cəfərzadə ilə yanaşı keçmiş SSRİ-nin dünya şöhrətli A.A.İessen, V.M.Masson, Q.F.Korobkova kimi arxeoloqları ilə birgə işləmək, onlardan öyrənmək nəsib olmuşdur. O ki, qaldı işin çətinliyinə, bu sahədə də özümü xoşbəxt sayıram ki, tək deyiləm. Cəfərqulu müəllim kimi yaxın köməkçim, məsləhətçim vardır. Mənim elmi işimin əsasını Cəfərqulu Rüstəmovun rəhbərliyi və bilavasitə iştirakı ilə Qobustan tədqiqatları nəticəsində yeni tapıb öyrəndiyimiz çoxsaylı və çoxdövrlü abidələrimiz içərisində mühüm yer tutan tunc dövrü abidələri təşkil edir. On beşdən artıq qayaaltı qədim sığınacaqda, “Dairə” adlandırdığımız hasarlı yaşayış yerində, Böyükdaş dağının üstündəki “Böyükdaş” yaşayış yeri və 50-yə yaxın kurqan tipli qəbir abidəsinin tədqiqi nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələri “Qobustan tunc dövründə” mövzusunda yazıb uğurla müdafiə etdiyim, sonradan isə kitab kimi nəşr olunan elmi işimin əsasını təşkil etmişdir. Bu abidələrin qazıntısında fəhlələrlə yanaşı işləyib, həm fəhlə, həm də arxeoloq olmağımla fəxr edirəm. Belə olmasaydı, böyük Qobustan tarixinin mühüm bir mərhələsinə həsr edilmiş elmi işimin müvəffəqiyyətlə başa çatdırılmasında çətinlik çəkərdim. Fəhlələrin qazdığı torpağın içərisindən yığdığım maddi-mədəniyyət nümunələrini öyrənərkən başqa arxeoloqlardan daha çox əziyyət çəkmişəm. Çünki qərb-şərq, şimal-cənub yollarının ayrıcında yerləşən Qobustan abidəsinin, onun qədim maddi-mədəniyyətinin özünəməxsus yüksək yerli xüsusiyyətlərlə yanaşı, həm də qonşu ərazilərin nəzərə çarpan təsirini müəyyənləşdirmək xüsusi hazırlıq, geniş nəzəri bilik və əməli təcrübəyə malik olmağımı tələb edirdi. Bir sözlə, iynə ilə gor qazmışam. Deyilənlər Qobustanın bu günkü nailiyyətləri ilə yaşadığım hər bir xoş an üçün arxaya, keçdiyim uzun yola nəzər salanda xəcalət yox, iftixar hissi duymağa əsas verir. Mən özümü ən xoşbəxt arxeoloqlardan biri sayıram, çünki bütün Qobustan abidəsi üzrə qazandığım nailiyyətlərdə Cəfərqulu müəllimlə ailəliklə çalışmağımız xüsusi əhəmiyyət kəsb etmişdir.

— Firuzə xanım, siz onlarca abidənin tədqiqində iştirak etmisiniz. Onların içərisində ən çox sevdiyiniz abidə hansıdır?
— Artıq bir təcrübəli arxeoloq kimi deyə bilərəm ki, Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı, böyük və kiçikliyindən asılı olmayaraq bütün arxeoloji abidələri sevirəm. Onların gələcək nəsillər üçün qorunub saxlanılmasını vacib sayıram. Çünki onların hər birində tariximizin hələ açılmamış, öyrənilməmiş sirləri vardır və öyrənilməmiş səhifələri yaşayır. Bu abidələr arasında ömrümün 40 ilini həsr etdiyim Qobustanın xüsusi yeri vardır. Təbii ki, onu daha çox sevirəm.

— Arxeologiya elminə baş vuran gənclərə məsləhət və tövsiyəniz nədir?
— Məlum olduğu kimi arxeologiya elmi xalqımızın keçmişindən, tariximizin inkişaf yolundan, ulu babalarımızın əlaqələrindən xəbər verir. Bu elm sahəsinə yüngül, başdansovdu münasibət bəsləmək, bu elm sahəsinə yalnız diplom almaq xatirinə gəlməyi məsləhət görmürəm. Digər elm sahələri kimi, arxeologiya da şöhrət, diplom almaq xatirinə yox, xalqımızın tarixini sevən və onun öyrənilməsi naminə hər cür çətinliyə sinə gərməyi bacaran gənclərin cəlb edilməsini arzu edirəm. Mənə elə gəlir ki, arxeologiya elminə sevgi və marağın təməli orta məktəb illərində qoyulmalıdır. Yalnlız bu yolla gənclərimizdə öz keçmişinə, abidələrinə, sinəsində onları qoruyub saxlamış torpağımızın hər qarışına olan məhəbbəti artırmağa nail ola bilərik. Bu şərəfli işin sonradan institut auditoriyalarında bacarıqlı, təcrübəli, öz işini sevən arxeoloq-müəllimlər tərəfindən davam etdirilməsi vacibdir. Gələcək arxeoloqlar institut illərinin ilk mərhələsində seçilməlidirlər. Bu dövrdə onlara arxeologiya elmi barədə geniş məlumat çatdırmaqla yanaşı, onlarda bu elmə qarşı maraq və məhəbbət hissi oyadılmalıdır.
İnstitutu bitirib arxeologiya sahəsində çalışmaq arzusunda olan gənclərin Arxeologiya İnstitutunda arxeoloqlar kollektivində çalışması üçün lazımi şəraitin yaradılması vacibdir. Məncə bu yolu keçən gənclər üçün gələcəkdə elmlə məşğul olmaq sadəcə qəzetdə elan oxuyub elmə gələn, heç bir təcrübə və hazırlığa malik olmayan şəxslərə nisbətən çox-çox asan olar. Mən də arxeologiyaya məhz bu yolla gəldiyimə görə indi yalnız sevinc hissi duyuram.
Müsahibəni apardı: Fəridə Aslanova
(Azərbaycan Arxeologiyası, 1999, Xəzər Universiteti, c.1, № 3-4, s. 120-124)
M.F.Muradova “Qobustan tunc dövründə” (1979), “Qobustan petroqlifləri” (2003), “Kiçik daş abidələri” (2008) elmi tədqiqat əsərlərinin, 100-dən çox elmi və elmi-populyar məqalələrin müəllifidir. Hazırda 2017-ci il fərdi planı üzrə “Qobustanın maddi-mədəniyyət abidələri” adlı monoqrafiyanın yazılmasını başa çatdırmış və əsər 2017-ci il üçün çapa hazırılıq mərhələsindədir.
Qeyd edək ki, C.N.Rüstəmovla birgə F.M.Muradova Qobustan tədqiqatları ilə yanaşı 1980-90-cı illərdə Qazax-Ağstafa arxeoloji ekspedisiyalarında da iştirak etmişdir. Həmin illərdə Qazax-Ağstafa arxeoloji ekspedisiyalarının rəisi vəzifəsini icra edib. Bu dövr ərzində Qazax və Ağstafa rayonlarında aparılmış tədqiqatlar nəticəsində müxtəlif dövrlərə (eneolit, tunc, antik) aid yaşayış yerləri, kurqan tipli qəbir abidələri, ilk və orta əsrin müxtəlif mərhələlərinə aid müdafiə qalaları və s. tapılıb qeydə alınmış, qismən də qazıntı aparmaqla öyrənilmişdir. Qazax-Aqstafa ekspedisiyası dövründə həmin illərə qədər bir ədəd belə Alban abidəsinin tapılmadığı, amma Qafqaz Albaniyasının maddi mədəniyyətilə zəngin, qədim Sakasenanın bu ərazisində yaşayış yerləri, Qafqaz Albaniyasının çox sayda e.ə. II-I əsrlərə aid bütpərəst, eramızın IV əsrlərinə aid xristian dini abidələri tapılıb, qeydə alınmış və ekspedisiya üzvü olan tədqiqatçılar tərəfindən qismən öyrənilmişdir.
1985-ci ildə Ağstafa rayonundakı Keşikçi dağ xristian Alban məbədlər kompleksində aparılmış kəşfiyyat bu abidəyə gürcü tarixçilərinin iddialarının yanlış olduğunu, abidənin azərbaycanlıların birbaşa əcdadları olan albanlara məxsus olduğunu müəyyənləşdirmişdir. Aparılmış tədqiqatlar Kür çayının hər iki sahili qədim xristian abidələrinə erməni tarixçilərinin iddialarına birdəfəlik son qoymuşdur. Tədqiqatlar göstərmişdir ki, Kürün hər iki sahili boyunca qədim xristian abidələriinin, həmçinin, zəngin maddi mədəniyyət qalıqlarının albanlara - bügünki azərbaycanlıların əcdadlarına məxsusluğunu göstərir.
Həmin dövrdə Qazax rayonunun Daş Salahlı kəndinə yaxın Aveydağ məbədi, Gavur qəbiristanlığı və bir sıra digər xristian abidələri ərazilərində erməni maldarları heyvan damları salmışdılar. Bu cür durumun sonralar həmin abidələrin ermənilər tərəfindən qəsbi ilə nəticələnəcəyini proqnozlaşdıraraq ekspedisiya üzvləri yerli sakinlərlə birgə ermənilərin həmin ərazilərdəki heyvan damı və yataqlarının ləğv edilməsinə nail oldu.
1998-ci ildə Qazax rayonunda Sınıqkörpünün qərbindəki, Xrami çayının sağ sahilində aşkar edilmiş tikili qalıqlarını öyrənmək üçün Gürcüstandan ora alim qrupu göndərilmişdi. Lakin bu ərazinin və ərazidə aşkar edilmiş hər bir abidənin Azərbaycan Respublikasına məxsus olduğunu nəzərə alaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi tərəfindən C.N.Rüstəmov və F.M.Muradova əraziyə ezam olundular. Gürcü alimlərlə birgə aparılmış qazıntı nəticəsində əldə edilmiş arxeoloji materiallar əsasında abidənin ilk orta əsr Alban abidəsi olması isbat edildi.
Beləliklə, XX əsrin 80-90-cı illərində F.Muradovanın da üzvü və rəhbəri olduğu ekspedisiya ərazidəki Alban dövrü abidələrinə yadelli iddiaların və mümkün qəsbkarlığın qarşısını almış oldu.

Şəkillərdə:

1) Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfransında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tərəfindən Firuzə Muradovaya fəxri diplomun təqdim olunması
2) Firuzə xanım Muradova və Səfiyyə xanım Cəfərzadə Qobustan qayaüstü təsvirlərini tədqiq edərkən
3) Soldan sağa: Cəfərqulu Rüstəmov, Tur Heyerdal, Firuzə Muradova
4) Cəfərqulu Rüstəmov
5) Firuzə xanım Muradova


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az