Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ERKƏN ANTİK DÖVRƏ AİD PİBOZTƏPƏ NEKROPOLUNDA TƏDQİQATLARIN NƏTİCƏLƏRİNƏ HƏSR EDİLMİŞ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

  27.02.2017

27 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin “Erkən antik dövrə aid Piboztəpə nekropolunda arxeoloji qazıntıların ilkin nəticələri” mövzusunda elmi seminarı keçirildi. Seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov seminarı açaraq Azərbaycan və dünya arxeologiyasında böyük elmi əhəmiyyətə sahib olmuş son dövrlərdə aparılmış tədqiqatlar içində Piboztəpə nekropolundan və tədqiqatçı Ceyhun Eminlinin rəhbərliyi altında fəaliyyət göstərən ekspedisiya barədə qısa məlumat verdi.
Tarix üzrə fəlsəfə doktoru arxeoloq Ceyhun Eminli çıxışında bildirdi ki, Piboztəpə (“piboz” talış dilində “yorğun, qocalıb əldən düşmüş”) Lerik rayonunun Dırıx zonasında, Gürdəsər kəndinin ərazisində yerləşir. 2012-ci ildən başlayan çöl-tədqiqat işləri zamanı bu günədək erkən antik dövrə aid 134 torpaq qəbir tədqiq edilmişdir. Ölülər əsasən sağ və sol böyrü üstə, zəif və ya sıx bükülü vəziyyətdə dəfn edilmişlər. Bu cür vəziyyətdə dəfn dövrün inancları ilə əlaqəli olsa da gender səbəblərilə bağlı deyildir. Eyni zamanda nekropolun aşağı hissəsində antik dövrə aid uşaq qəbirləri də aşkar edilib.
Ölülərlə birlikdə qəbirə saxsı qablar, tunc və gümüş bəzəklər və dəmir silahlar da qoyulmuşdur. Kişi qəbirlərinin çoxunda skeletin kəllə hissəsinə yaxın yerdə 1, 3, bəzi hallarda isə 9 ədəd dəmir nizə ucluqları, bədənlərinin qarşısında dəmir qılınc və xəncərlərə təsadüf olunmuşdur. Oraqtipli əyri xəncər və bıçaqlar daha çox qurşaq nahiyyədə aşkar edilirdi ki, bu da həmin çeşiddən olan silahların qurşaq kəmərlərinə bərkidilmiş halda gəzdirildiyini göstərir.
Həmçinin nekropolda at dəfninə də rast gəlinib. Aşkar edilmiş qəbirlərdə sosial bərabərsizlik aydın şəkildə müşahidə olunur. Belə ki, bəzi qəbirlər daha böyük olmaqla, içərisində gümüş piyalə, zəngin bəzək nümunələri, silahlar, bütöv heyvan sümükləri çoxluq təşkil edir.
Nekropolun tədqiqatı zamanı qəbirlərdə aşkar edilmiş çoxsaylı keramika nümunələri xüsusi diqqət çəkməkdədir. İri və nisbətən kiçik ölçülü bardaqlar, küzə, səhəng, üçayaqlı kasa və d. çeşiddən olan qablarla yanaşı ev (at, donuz) və vəhşi (maral) heyvanlarını simvolizə edən zoomorf ritonlar, iskitlərin (skiflərin) ağac qablarını xatırladan banka formalı qablar, dövrün dulus sənətinin zənginliyi və həmçinin, dini təsəvvürləri barədə mühüm məlumat verməkdədir.
Nekropola yaxın ərazilərdə çöl kəşfiyyat tədqiqatları zamanı daha 20 abidə aşkar edilmiş, onların GPS koordinatları qeydə alınmaqla xəritələşdirilmişdir.
Tədqiqat zamanı müxtəlif səpkili arxeometrik tədqiqatlar da aparılmaqdadır. Belə ki, qəbirlərdən tapılmış parça fraqmentlərinin Türkiyənin İstanbul Doğal Boya Araştırma və Geliştirme (DATU) laboratoriyasında analizi göstərmişdir ki, qədim əhali əsasən təbii boyalarla boyanmış kətan parçalardan geyimlər hazırlamışdı. Keramika materialı və antropoloji tədqiqatlar əsasən ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən aparılır. ABŞ-ın Corciya Universitetinin radiokarbon analizləri nekropolun e.ə. IV – III əsrlərə, yaxınlıqda aşkar edilmiş yaşayış yerindən götürülmüş nümunələrin analizi isə, onun e.ə. V əsrə aid olduğunu göstərmişdir. Həmçinin, beynəlxalq elmi çevrələrdə nekropola marağın artmasını və qabaqcıl əcnəbi ölkə laboratoriyalarında analiz xərclərinin yüksək olmasını nəzərə alaraq, nekropolun tədqiqatı üzrə xarici ölkə tədqiqatçıları, əsasən ABŞ arxeoloqları ilə birgə əməkdaşlığın yaradılması qərara alınmışdır.
Digər tərəfdən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatının birgə layihəsi əsasında qazıntı mövsümündə tədqiqatlara Ali məktəb tələbələrinin cəlb olunması məqəsədilə arxeoloji düşərgə təşkil olunmuşdur.
Tədqiqatçı elektron vizual görüntülərlə müşayət olunan çıxışını bitirdikdən sonra seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, tarix elmləri doktoru Əsədulla Cəfərov, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Abuzər Ələkbərov öz çıxışlarında Piboztəpə nekropolunun Azərbaycan tarixi üçün unikal elmi önəmindən, Ceyhun Eminlinin başçılığı altında aparılan arxeoloji tədqiqatın yüksək səviyyəsindən və nekropolun qarşıdakı tədiqaqatları zamanı ortaya çıxan problem və məsələlərdən söz açmışlar.




AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az