Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ İNSTİTUTUN 2017-Cİ İLDƏ YERİNƏ YETİRDİYİ İŞLƏR ÜZRƏ HESABATI

  12.12.2017

Dekabrın 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın gündəliyinin əsas məsələsi 2017-ci il ərzində İnstitutun yerinə yetirdiyi işlər üzrə hesabat oldu. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq ilk növbədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının yerinə yetirilməsi istiqamətində İnstitutun fəaliyyətindən danışdı.
Professor M.Rəhimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın, 14 noyabr 2016-cı il tarixli “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında”, 30 avqust 2016-cı il tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi barədə” Sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlər barədə məlumat verdi. M.Rəhimova həmçinin, Respublika Prezidentinin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar AMEA Rəyasət Heyətinə İnstitut tərəfindən təqdim edilmiş təklifləri də qeyd etdi. Xüsusi olaraq vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva 2 oktyabr 2017-ci il tarixində Şamaxı rayonuna səfərləri zamanı rayonun Dəmirçi nekropolunda aparılan arxeoloji tədqiqatlarda əldə edilmiş maddi mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar.
Göstərildi ki, 2017-ci ildə İnstitut geniş çöl tədqiqat işlərini davam etdirmiş, arxeoloji və etnoqrafik ekspedisiyalar səmərəli fəaliyyət göstərmiş, respublikamızın bir çox rayonlarında kiçik və irimiqyaslı arxeoloji qazıntı işləri aparılmış, Qazax və Quba rayonlarına, Lənkəran şəhərinə etnoqrafik ekspedisiyalar göndərilmiş, Göyçay və Ağdaş rayonlarına etnoqrafik səfərlər təşkil edilmişdir. İl ərzində İnstitutun beynəlxalq əlaqələr, elmi sessiya və müşavirələrin təşkili, kadr hazırlığı və d. istiqamətlər üzrə əldə etdiyi nailiyyətlər barəsində də söz açıldı.
Çıxışda xüsusi olaraq göstərildi ki, hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirmişdir. Bu istiqamət üzrə 6 problem, 24 mövzu, 24 mərhələ üzərində elmi tədqiqat işləri aparılmışdır. M.Rəhimova sadalanmış problem, mövzu və mərhələlər üzrə aparılmış tədqiqatlar, əldə edilmiş mühüm nəticələr və İnstitutun qarşısında duran bir sıra problemlərin həlli üçün AMEA rəhbərliyinə təqdim olunacaq təkliflər barəsində müfəssəl məlumat verdi.
İnstitut direktorunun çıxışından sonra hesabat üzrə müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən İnstitutun şöbə və sektor rəhbərləri, Elmi Şura üzvləri hesabat barədə fikirlərini bildirdilər. Elmi Şura üzvləri müzakirəyə təqdim edilmiş hesabatı yüksək dəyərləndirmişlər.
Qeyd edək ki, Elmi Şuranın iclasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da iştirak etmişdir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az