Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ, TARİX ÜZRƏ ELMLƏR DOKTORU TUFAN AXUNDOVUN APARDIĞI KAMERAL TƏDQİQATLAR

  20.12.2017

Cəlilabad rayonunun Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində bu ilin çöl tədqiqatları zamanı aşkar edilmiş tapıntıların kameral araşdırmaları davam etməkdədir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Polutəpə qədim yaşayış məskənini tədqiq edən ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun bildirdiyinə görə, tədqiqatların hazırki mərhələsində məskənin yeni tədqiq edilmiş sahələrinin planı tərtib edilir, qədim əhalinin istifadə etdiyi tikinti üslubunun xüsusiyyətləri müəyyənləşdirilir. Əldə edilmiş tapıntıların, əsasən, daşdan və sümükdən olan alətlərin, keramik məmulatların təsnifatı aparılır, onların qrafik və foto təsvirləri yaradılır. Digər tərəfdən, Azərbaycan ərazisində və qonşu regionlarda həmdövr abidələrdən aşkar olunmuş tapıntılarla fərqli cəhətlərin və ya birbaşa analogiyaların müəyyən edilməsi üzrə araşdırmalar davam edir. Eyni zamanda bir sıra materiallar paleobioloji, palinoloji və d. analizlər üçün aidiyyatı laboratoriyalara təqdim olunmaqdadır.
Qeyd edək ki, bu ilin çöl tədqiqatları dövründə Polutəpə qədim yaşayış məskəninin tədqiqat ərazisi genişləndirilmiş, tədqiqat nəticəsində neolit-xalkolit təbəqəsinin qalınlığı dəqiqləşdirilmişdir. Xüsusi olaraq vurğulaya bilərik ki, Muğan düzündəki Polutəpə abidəsində tədqiqatlar dünya elmi çevrələrinin daimi maraq dairəsindədir və məskəndəki tədqiqatlar ABŞ, Almaniya, Fransa və d. ölkələrin elmi nəşrlərində daima işıqlandırılır.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az