Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN APARICI ELMİ İŞÇİSİ, TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU RUSLAN RƏHİMLİ ALMANİYANIN HUMBOLDT UNİVERSİTETİNDƏ ELMİ TƏQDİMAT ETMİŞDİR

  22.12.2017

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 15 dekabr 2017-cı il tarixində Almaniyanın Humboldt Universitetində təqdimat və kitab sərgisi təşkil edib.
Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtalaşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmiş, universitetdə Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilib.
Tədbirə təşkilati dəstəyi Humboldt Universitetinin "Azərbaycan tarixi” kafedrası, Alman-Azərbaycan Mədəniyyət Evi, EuroKaukaAsia Mədəniyyət və Elm Assosiyası, Almaniyada Azərbaycanlı Tələbələr və Alimlər Birliyi göstərib.
Tədbirdə Humboldt Universiteti "Azərbaycan tarixi” kafedrasının əməkdaşı doktor Rasim Mirzəyev açılış nitqi ilə çıxış edib. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışaraq bildirib ki, artiq uzun illərdir Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır, ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər.
Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli tarixi, memarlıq və arxeoloji abidələr, sənət nümunələri abidələri erməni təcavüzünə məruz qalmışdır. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya və Tarix İnstitutlarının məhsulları olan və Azərbaycanın tarixi, etnoqrafiya və arxeologiyası, Qarabağın tarixindən bəhs edən ingilis dilində hazırlanmış elmi kitablardan ibarət kitab sərgisi təşkil olunub.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az