Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU İLƏ FRANSANIN LION-2 LÜMYER UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU İLƏ FRANSANIN LION-2 LÜMYER UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI
  09.03.2017
Something0
2011-ci ildə Fransa Respublikasının Elmi Araşdırmalar Mərkəzinin (CNRS) Sen-Jermen Milli Arxeologiya Muzeyi və Leon Universiteti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında Lənkəran-Lerik bölgəsi ərazisində arxeoloji tədqiqatların aparılmasını nəzərdə tutan layihə əsasında razılaşma imzalanmışdı. Razılaşmaya əsasən gerçəkləşəcək araşdırmalar, hələ XIX əsrin 90-cı illərində bu regionda, o cümlədən, İran, Gürcüstan və indiki Ermənistan ərazisində arxeoloji tədqiqatlar aparmış Morqan qardaşları irsinin öyrənilməsi məqsədini daşıyacaqdı.
Ötən illər ərzində, Azərbaycan tərəfdən tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Fransa tərəfindən isə, professor, xanım Mişel Kazanovanın rəhbərliyi altında Beynəlxalq ekspedisiyanın Lerik rayonunun Piran və Zuvand zonasındakı Coni, Tüli, Aşpahiz, Kiravələdi, Rəzqov, Mistan, Mastail, Veri, Hoveri, Çayrud, Mondigah və b. kəndlər ərazisində, həmçinin, Lerikçay və Ləkərçay hövzələrində apardığı arxeoloji kəşfiyyat və qazıntı işləri nəticəsində son tunc və erkən dəmir dövrünə aid nekropollar aşkarlanaraq tədqiq edilmişdir.
3 mart 2017-ci ildə sözügedən razılaşmanın müddətinin uzadılması məqsədilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Fransadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Fransa tərəfindən Lion-2 Lümyer Universitetinin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cim Volker (Jim Walker), Fransanın Azərbaycandakı səfirinin Əməkdaşlıq və Mədəniyyət Müşaviri Yohan Şiterer (Yohan Schitterer), Azərbaycan-Fransa Beynəlxalq Ekspedisiyasının fransalı həmrəhbəri xanım Mişel Kazanova və Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, Azərbaycan-Fransa Beynəlxalq Ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri, “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və İnstitutun Təhsil və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov iştirak etmişlər.
Görüşdə ötən illər ərzində aparılmış arxeoloji tədqiqatların nəticələri, 2017-ci ildə Bakıda, Parisdə və Tbilisidə keçirilməsi nəzərdə tutulmuş Lerikdə tapılan maddi mədəniyyət nümunələrinin sərgisi, “Elm, Təhsil və arxeoloji tədqiqatlar barədə əməkdaşlıq” razılaşmasının layihəsi, layihənin adının dəyişdirilərək “Xəzər dənizi hövzəsi son tunc - ilk dəmir dövrü” adlandırılması və başqa məsələlər müzakirə edildi. Görüşdə İnstitutun direktoru M.N. Rəhimova son illərdə Azərbaycan arxeoloqlarının apardığı tədqiqatlar, İnstitutun qarşısında duran vəzifələr və perspektivlər haqqında qonaqlara məlumat verdi.
Həmin gün Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşenin dəvəti ilə görüş Fransa səfirliyində davam etdirildi. Görüşdə eyni zamanda Azərbaycan-Fransa Unversitetinin və d. Ali məktəblərin nümayəndələri də iştirak edirdilər.
Görüş zamanı Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşe çıxış edərək iki ölkənin elm mərkəzləri, xüsusilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CNRS arasında əməkdaşlığın verdiyi töhfələrin bəşər elmi üçün ölçüyə gəlməz əhəmiyyətindən söz açdı.
Görüşün sonunda Azərbaycan tərəfdən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Maisə Rəhimova, Fransa tərəfindən isə, Lion-2 Lümyer Universitetinin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cim Volker növbəti illər üçün “Elm, Təhsil və arxeoloji tədqiqatlar barədə əməkdaşlıq” müqaviləsini imzaladılar.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az