Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BOLQARISTAN UNİVERSİTETİNDƏ AZƏRBAYCAN TARİXİ VƏ ARXEOLOGİYASI HAQQINDA MÜHAZİRƏ DİNLƏNİLDİ: AVROPA KOMİSSİYASININ “HORİZON 2020” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ

  17.12.2018

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Bolqarıstanın Blaqoyevqrad şəhərinin Neofit Rilski ad. Cənub-Qərb Universitetinin dəvəti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində Bolqarıstanda elmi tədqiqat aparır.
Dekabrın 9-da Zaur Həsənov Neofit Rilski Universitetində keçirilən, professor Kalin Porojanovun 65-illik yubileyinə həsr olunmuş, “Frakiya” toplusunun 23-cü cildinin təqdimatında iştirak etmişdi. Toplu Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun Frakologiya Mərkəzi tərəfindən nəşr olunur.
Qeyd edək ki, Kalin Porojanov Bolqarıstanın aparıcı arxeoloqlarından biridir, o, Milli Dəniz Arxeologiyası Komitəsinin Prezidentidir və Bolgarıstan Elmlər Akademiyasının professorudur.
Dekabrın 12-də Neofit Rilski ad. Cənub-Qərb Universitetində Zaur Həsənovun Azərbaycanın Erkən dəmir və Antik dövrlərinə həsr olunmuş mühazirəsi keçirildi. Mühazirədə Universitetin tarix fakültəsinin tələbələri və əməkdaşları iştirak edirdilər. Onların arasında Universitetin Tarix kafedrasının müdürü Valentin Kitanov, Qədim Tarix və Frakiya arxeologiyası üzrə professorlar Kalin Porojanov və Aleksandr Portalski, adı çəkilən “Horizon 2020” layihəsinin milli koordinatoru professor Kristina Popova, İncəsənət fakultəsinin dekan müavini professor Vasil Markov, Bolqarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun elmi əməkdaşı, Frakiya arxeologiyası üzrə mütəxəssis Aleksey Qotsev və başqaları təmsil olunmuşlar.
Tədbiri giriş sözü ilə professor Kalin Porojanov açdı. Ondan sonra Zaur Həsənov e.ə. 8-ci əsrdən başlayaraq Azərbaycanın tarixi və Arxeologiyası haqqında danışdı. Mühazirəsində Z.Həsənov bildirdi ki, bu dövrdə İskitlər bizim regiona gəlirlər və e.ə. 7-ci əsrdə burada “Aşquz” adlı dövlətlərini yaradırlar. E.ə. 595-ci ildə midiyalılar hakimiyyəti onlardan ələ keçirirlər və Aşquz dövləti öz müstəqilliyini itirir. Bundan sonra, Fars imperiyasının hökmdarlığı dövründə İskitlər və Sakalar Midiyalılarla birlikdə bizim ərazidə Əhəmənilərin 10-cu satraplığında “Ortokoribanti” (“şiş-papağlı Sakalar”) adı altında yerləşirlər. E.ə. 4-cü əsrdə Makedoniyalı İskəndərin yürüşlərindən sonra burada müstəqil Atropatena və daha sonra Albaniya dövlətləri yaranır. Bundan sonra Zaur Həsəsnov bu dövrün yaşayış yerlərindən, dəfn abidələrindən, yerli əhalinin İskitlərlə münasibətlərindən və bu dövrlərdə mövcud olan fərqli dəfn adətlərindən danışdı. İştirakçılara qədim Azərbaycanın maddi mədəniyyətini əks edtirən arxeoloji tapıntiların tabloları nümayiş etdirildi və İskit imperiyasının polietnik tərkibi probleminə toxunuldu.
İştirakçılar mühazirəni böyük maraqla dinlədilər və Azərbaycanın qədim tarixi və arxeologiyası problemlərinin onlarda böyük maraq oyatdığını bildirdilər. Bundan sonra diskussiya başladı. İştirakçılar Kimmerlərin Qamir dövlətinin lokallaşması problemini, Kimmer arxeologiyasının müəyyən edilməsi, Cənubi Qafqazda və Balkanlarda İskit arxeologiyasının dövrləşməsi və müəyyən edilməsi problemlərini müzakirə etdilər.
Zaur Həsənovun Bolqarıstanda elmi fəaliyyəti dekabrın 27-nə kimi davam edəcək.

Fotolar:
1. Neofit Rilski ad. Cənub-Qərb Universitetinin informasiya saytında yerləşdirilən mühazirə haqqında məlumat posteri.
2. Professor Kalin Porojanov, moderator qismində mühazirəni giriş sözü ilə açır.
3-7. Zaur Həsənovun mühazirəsi və ondan sonra keçirilən diskussiya.
8. Professor Kalin Porojanovun yubileyi. Soldan sağa – Kalin Porojanov, Vanya Lozanova, Zaur Həsənov, Kristina Popova.
9. Soldan sağa – Aleksandr Portalski, Zaur Həsənov, Kalin Porojanov.