Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURADA İNSTİTUTUN İLLİK FƏALİYYƏTİNİN YEKUN HESABATI MÜZAKİRƏ EDİLDİ

  12.12.2018

2018-ci il 10 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda İnstitutun Elmi şura üzləri, həmçinin, AMEA Prezidiumunun nümayəndəsi AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da iştirak etmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi.
İclasın gündəliyində müzakirəyə bir məsələ çıxarılmışdı — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2018-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura üzvləri gündəlikdəki yeganə məsələnin müzakirəsinə başladılar.
Müzakirəyə çıxaırlmış məsələ ilə əlaqədar institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova çıxış etdi. O, Elmi Şura iclasının iştirakçılarını AMEA Prezidiumuna təqdim olunacaq Hesabatın ilkin mətni ilə tanış etdi. Professor M.Rəhimova çıxışında 2018-ci il ərzində İnstitut tərəfindən arxeologiya və etnoqrafiya istiqamətləri üzrə aparılmış tədqiqatlar barədə məlumat verdi. Respublika ərazisində fəaliyyət göstərmiş arxeoloji və etnoqrafik ekspedisiyalar və onların tədqiqatlarındakı yeniliklər professor M.Rəhimova tərəfindən qeyd edildi. Həmçinin, hesabat xarakterli çıxışda il ərzində İnstitut tərəfindən nəşr edilmiş elmi-tədqiqat əsərləri, beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti, İnstitut əməkdaşlarının Azərbaycanda və xarici ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslarda və elmi layihələrdə iştirakı öz əksini tapmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı sərəncama uyğun olaraq 25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyasının AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalının keçirilməsi də hesabatda qeyd edilmişdi.
Professor M.Rəhimova İnstitut tərəfindən təşkil olunmuş, oktyabrın 1-4 tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında və Qəbələ Arxeoloji Mərkəzində Azərbaycandakı erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssisin iştirak ediyi “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans barədə məlumatın da hesabatda öz əksini tapdığını qeyd etdi.
Professor M.Rəhimova Elmi Şura iştirakçılarına AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2018-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin ilkin hesabatını təqdim etdikdən sonra mövzu üzrə müzakirələr keçirildi. Hesabatın ilkin mətni ilə bağlı müzakirələrdə akademik T.Bünyadov, t.ü.e.d. M.Rəhimova, t.ü.e.d. N.Müseyibli, t.ü.e.d. Ə.Cəfərov, t.ü.e.d. A.Məmmədov, t.ü.e.d. Q.C.Cəbiyev, t.ü.e.d. G.Məmmədova, t.ü.e.d. T.Dostiyev, t.ü.f.d. T.Əliyev, t.ü.f.d. S.Aşurov, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. T.Babayev, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. A.Ələkbərov, t.ü.f.d. A.Quliyev, t.ü.f.d. B.Cəlilov iştirak edərək hesabat barədə qeyd və təkliflərini bildirdilər.
Elmi Şuranın iclasında iştirak edən AMEA Prezidiumunun nümayəndəsi AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Arxeologiya və Etnoqrafiya İnstitutunun 2018-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatının ilkin mətni barədə öz fikirlərini bildirdi. Akademik N.Vəlixanlı 2018-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun 2018-ci ildə hesabatda öz əksini tapmış fəaliyyətini yüksək dəyərləndirdi, eyni zamanda hesabatla bağlı qeyd və təkliflərini iclas iştirakçılarının nəzərinə çatdırdı.
Keçirilmiş müzakirələr bitdikdən sonra Elmi Şura üzvləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2018-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin ilkin hesabatının qeyd edilmiş təkliflər və düzəlişlər əlavə olunmaqla AMEA Prezidiumuna təqdim edilməsi məsələsi üzrə yekdilliklə müsbət qərar qəbul etdilər.