Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BOLQARISTAN ELMLƏR AKADEMIYASININ FRAKİYA ARAŞDIRMALARI MƏRKƏZİNDƏ AZƏRBAYCAN TARİXİ VƏ ARXEOLOGİYASINDA İSKİT ÇARLIĞI DÖVRÜ HAQQINDA ELMİ MÜHAZİRƏ DİNLƏNİLDİ

  26.12.2018

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Bolqarıstanın Neofit Rilski ad. Cənub-Qərb Universitetinin dəvəti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində Bolqarıstanda elmi tədqiqat aparır.
Dekabrın 18-də Bolqarıstan Elmlər Akademiyasının Frakologiya Mərkəzində Zaur Həsənovun Azərbaycanın İskit çarlığı dövrünə həsr olunmuş elmi mühazirəsi keçirildi. Mühazirə görkəmli bolqar alimi, Frakiya tarixi üzrə mütəxəssis, mərhum professor Aleksandr Folun kabinetində təşkil olunmuşdu.
Tədbiri giriş sözü ilə Frakologiya Mərkəzinin direktoru, professor Vanya Lozanova açdı. Tədbirdə Aleksandr Folun həyat yoldaşı, Antik dövr Frakiya tarixi üzrə mütəxəssis professor Valeriya Fol, Frakiya onomastikası üzrə mütəxəssis professor Svetlana Yanakiyeva, Əhəməni-Frakiya əlaqələri üzrə mütəxəssis t.ü.f.d. Miroslav İzdimirski, o cümlədən, Antik dövr Frakiya mədəniyyəti üzrə mütəxəssislər t.ü.f.d. Ruja Popova, t.ü.f.d. Milen İvanov, t.ü.f.d. Deniss İsayev və Mərkəzin digər əməkdaşları, həmçinin, Balqoyevqrad şəhərindəki Neofit Rilski ad. Cənub-Qərb Universitetin professorları Kalin Porojanov və Aleksandr Portalski iştirak ediblər. Azərbaycanın Bolqarıstanda səfirliyinin əməkdaşı Zülfiyyə Əlizadə tədbirin qonağı olub.
Zaur Həsənov e.ə. 8-ci əsrdən başlayaraq Azərbaycanın gədim tarixi haqqında danışdı. Bu dövrdə iskitlər Cənubi Qafqaza gəlirlər və artıq e.ə. 7-ci əsrdə burada “Aşquz” adlı öz dövlətlərini yaradırlar. E.ə. 595-ci ildə midiyalılar hakimiyyəti ələ keçirirlər və Aşquz dövləti öz müstəqilliyini itirir.
İskit çarlığının (Aşquz dövləti) dövründə Azərbaycanda ən erkən İskit dəfnləri müşahidə olunur. Bu dəfnlərdə iki fərqli dəfn adəti izlənilir. Onlardan birinə Xocalının və Şəmkirin dəfnlərində rast gəlinir. Oxşar adət Türkməinstan və Qazaxıstanın sərhədində yerləşən Sakar-çaqa adlı İskit-Saka qəbiristanlığında qeyd edilib. İkinci dəfn adəti Mingəçevirdə və Ağcabədidə müşahidə olunur və Şimali Qara dəniz bölgəsinin iskit qəbirlərində onun dəqiq paralellərinə rast gəlinib. Bu faktlar iskitlərin bizim əraziyə gəlmələri haqqında Herodotun və qədim Assur yazılı mənbələrinin məlumatlarını təsdiqləyir.
Dinləyicilərə Azərbaycanın İskit dövrünün qədim mədəniyyətini əks edtirən arxeoloji tapıntıların tabloları nümayiş etdirildi. Elmi mühazirədə həmçnin, İskit imperiyasının polietnik tərkibi probleminə də toxunuldu.
İştirakçılar mühazirəni böyük maraqla dinlədilər. Mühazirədən sonra diskussiya keçirildi. İştirakçılar Azərbaycan və Bolqarıstan Elmlər Akademiyaları arasında gələcək əməkdaşlıq yollarını müzakirə etdilər. Zaur Həsənovun Bolqarıstanda “Horizon 2020” layıhəsi çərçivəsində elmi fəaliyyəti dekabrın 27-nə kimi davam edəcək.

Fotolar:
1-4. Mühazirə.
5. Soldan sağa – Zülfiyyə Əlizadə, Aleksandr Portalski, Valeriya Fol, Zaur Həsənov.
6. Zaur Həsənov, Vanya Lozanova.
7. Soldan sağa – Milen İvanov, Aleksandr Portalski, Zaur Həsənov, Miroslav İzdimirski.