Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURADA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN 10 DEKABR 2018-Cİ İL TARİXLİ SƏRƏNCAMININ İCRASI İLƏ ƏLAQƏDAR TƏKLİFLƏR MÜZAKİRƏ EDİLDİ

  25.12.2018

2018-ci il 24 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitut direktorunun elmi işlər üzrə müavini, t.ü.e.d. Nəcəf Müseyibli iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. Təkliflər olmadığından gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı.
İclasın gündəliyində müzakirəyə iki məsələ çıxarılmışdı:
1) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli “Azərbaycan Respublikasının elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar təkliflərin müzakirəsi.
2) T.ü.e.d. Nəcəf Müseyiblinin çapa hazırlanmış “Leylatəpə mədəniyyəti” monoqrafiyasının (elmi rəyçilər: t.ü.e.d. Hidayət Cəfərov, Rusiya EA-nın müxbir üzvü Rauf Munçayev) müzakirəsi.
Müzakirəyə çıxarılmış birinci məsələ ilə əlaqədar İnstitutun direktorunun elmi işlər üzrə müavini, t.ü.e.d. Nəcəf Müseyibli çıxış etdi. O, Elmi Şura iclasının iştirakçılarını Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli “Azərbaycan Respublikasının elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının mətni ilə tanış etdi. Daha sonra göstərilmiş Sərəncamın icrası ilə bağlı təkliflərin iclas iştirakçıları tərəfindən irəli sürülməsini xahiş etdi.
Müzakirələrdə çıxış edən akademik Teymur Bünyadov, t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Bəxtiyar Cəlilov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. Abuzər Ələkbərov, Pərviz Qasımov, t.ü.e.d. Qafar Cəbiyev, t.ü.f.d. Bəhlul İbrahimli təklif və fikirlərini bildirdilər. Müzakirələrə yekun vuran t.ü.e.d. Nəcəf Müseyibli qeyd etdi ki, irəli sürülmüş təkliflər qeyd edildi, amma bununla yanaşı Elmi Şura üzvləri söylədikləri və digər səmərəli təkliflərini yazılı şəkildə İnstitut rəhbərliyinə təqdim edə bilərlər. İclasda söylənilmiş, həmçinin yazılı şəkildə təqdim edilmiş təkliflər AMEA-nın yuxarı strukturlarına İnstitut tərəfindən təqdim ediləcək təkliflər paketində öz əksini tapacaqdır.
Elmi Şura iclasının müzakirəyə çıxarılmış ikinci məsələsi t.ü.e.d. Nəcəf Müseyiblinin çapa hazırlanmış “Leylatəpə mədəniyyəti” monoqrafiyası idi. Məsələ barədə çıxış edən İnstitut direktorunun elmi işlər üzrə müavini, t.ü.e.d. Nəcəf Müseyibli bildirdi ki, özünün doktorluq dissertasiyası əsasında hazırlanmış müəllifi olduğu monoqrafiyanın elmi rəyçiləri t.ü.e.d. Hidayət Cəfərov və Rusiya EA-nın müxbir üzvü Rauf Munçayevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə elmi iş çapa məsləhət görüldü.