Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ABŞ-IN NÜFUZLU ELMİ JURNALINDA AZƏRBAYCANIN NEOLİT VƏ TUNC DÖVRÜ ƏHALİSİNİN QİDA RASİONU HAQQINDA MƏQALƏ DƏRC EDİLMİŞDİR

  27.12.2018

Amerika Birləşmiş Ştatlarının Fiziki Antropologiya Assosiyasasına məxsus məşhur "American Journal of Physical Anthropology" yüksək impakt faktorlu nüfuzlu elmi jurnalının cari ilin dekabr buraxılışında, 2007—2015-ci illərdə Azərbaycanın Tovuz bölgəsində, neolit və tunc dövrlərinə aid arxeoloji abidələrində aparılmış multidissiplinar tədqiqatların bir sahəsinin nəticələrinə həsr olunmuş "Stabil izotop analizlərin köməyi ilə Cənubi Qafqazda (e.ə. VI-I minilliklər, Azərbaycan) neolit və tunc dövrü insanlarının qida rasionu barədə nəticələr: ətraf mühitə uyğunlaşmaya və icmanın sosial formalaşması proseslərinə təsiri" (Dietary inferences through stable isotope analysis at the Neolithic and Bronze Age in the southern Caucasus (sixth to first millenium BC, Azerbaijan): From environmental adaptation to social impacts) sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəlliflərindən biri olan, Tovuz bölgəsinin neolit dövrünə aid (Orta Kür hövzəsi abidələri) arxeoloji komplekslərində son illərdə aparılmış arxeoloji tədqiqatların rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanın qəbir abidələrindən aşkar olunmuş insan skeletləri və qədim yaşayış yerlərindən tapılan heyvan sümükləri üzərində (45 skelet) Fransa və Almaniyanın mütəxəssisləri ilə birlikdə stabil izotop analizlərin aparılması həmin ölkələrin laboratoriyalarında həyata keşirilmişdir. F.Quliyev bildirmişdir ki, stabil izotop analizlər qədim insanların, əhliləşmiş və yabanı heyvanların qida rasionunu, həmçinin, birbaşa və ya təkrarlanan dövrü miqrasiya məkanlarını və istiqamətlərini dəqiqliklə müəyyən etməyə imkan verir.
Məqalədə göstərilir ki, son illər Azərbaycanın müxtəlif bölgələrində, e.ə. VI minilliyə aid olan Tovuzda Göytəpə, Menteş, Hacıələmxanlı və Ağcabədi rayonunda Kamiltəpə qədim yaşayış yerlərində əsaslı multidissiplinar tədqiqatlar aparılmışdır. Məqsəd Azərbaycanın zəngin arxeoloji irsinin fonunda Cənubi Qafqazda erkən neolit kəndlərinin yaranması və dinamik inkişafı proseslərinin əsas mahiyyətinə aydınlıq gətirilməsi olmuşdur. Kompleks araşdırmalar bir sıra elm sahələrinin arxeoloji tədqiqatlarda tədbiqi vasitəsilə baş tutduğundan, bölgə haqqında dürüst və dolğun informasiyaların əldə edilməsinə xidmət göstərmişdir. Bu baxımdan "American Journal of Physical Anthropology" elmi jurnaldakı məqalədə fiziki antropoligya elm sahəsinin (laborator analizlərin müəyyən vaxt aparmasına baxmayaraq) Tovuz bölgəsində aparılmış tədqiqatlarda yer alması, erkən qədim cəmiyyətlərin ətraf mühitə adaptasiyası və qida rasionunun əhalinin təssərrüfatı ilə sıx bağlılığı məsələləri öz əksini tapmışdır.
Məqalədə göstərilir ki, Tovuzda yerləşən Menteş qədim yaşayış yeri Qafqaz bölgəsində öz unikallığı ilə seçilir. Qədim yaşayış yerində dövr etibarı ilə e.ə. VI minillikdən başlayaraq, tunc dövrünədək bir-birini əvəz edən yaşayışın davamlı olması və bunu sübut edən dəfn adətlərini özündə əks etdirən qəbir abidələrin müxtəlifliyi, Kür çayı hövzəsində yaşamış qədim tayfaların erkən oturaq həyat tərzini və maldarlığın inkşafı ilə mobil fəaliyyətin izlənilməsi baxımından əsaslı araşdırılmasını mümkün etmişdir.
Nəticədə fiziki antropoloji tədqiqatlar əsasında insan qalıqları üzərində aparılmış analizlər vasitəsilə Kür hövzəsi əhalisinin bioloji markerləri müəyyən edilməklə qida rasionunun təkamülü xarakterizə edilmişdir. Tədqiqatlara (stabil izotopların analizlərinə) abidədən tapılmış 32 əhlilləşdirilmiş və vəhşi heyvan sümüklərinin, qəbirlərdən aşkar olunmuş 40 insan skeletinin qalıqları və 42 yanmış toxumlar cəlb edilmişdir.
Məqalədə, neolit dövründə Azərbaycan ərazisi əhalisinin taxıl, mərcimək və şirin su hövzələrinin balıqlarından geniş istifadəsi və tunc dövründə isə, artıq ət məhsulları proteinlərinin çoxalması analizlərin nəticələrində aydın göstərilir. Bundan əlavə, neolit və tunc dövrlərində insanların ölüm səbəbləri qida rasionu ilə əlaqəli olmadığı müəyyən edilmişdir.
Qeyd etməliyik ki, məqalənin digər həmmüəllifləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, uzun illərdir ki holosen əhalisinin qidaları və sağlamlığı mövzusu üzərində çalışan doktor Estelle Herrscher, Fransanın Milli Preventiv Arxeologiya İnstitutunun əməkdaşları antropoloqlar Modwene Poulmarch, Laure Pecqueur və Elsa Jovenet olmuşlar. Həmçinin, qeyd edilməlidir ki, dünya elmi çevrələrində tanınan Almaniya Arxeologiya İnstitutunun əməkdaşı paleozooloq, doktor Norbert Benecke və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisi doktor Bertille Lyonnet Tovuz bölgəsində azərbaycanlı həmkarları ilə birgə artıq uzun müddətdir ki, arxeoloji tədqiqatlar aparmışlar.