Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ALMANİYALI ALİM AZƏRBAYCANIN QƏDİM KERAMİKA MƏMULATLARINI TƏDQİQ EDİR

  21.02.2018

Berlindəki Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin (Deutsches Archäologisches İnstitut, Eurasien-Abteilung) elmi əməkdaşı, doktor (PhD) Mark İserlis "Şimali Qafqazın Maykop fenomeni: Əsasa dönüş" layihəsi əsasında Azərbaycan ərazisində xalkolit (e.ə. IV minilliyin əvvəlləri) dövrünə aid keramika məmulatlarının müxtəlif yönlü analizlərinin aparılması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda göstərilən dövrə aid nadir və çoxsaylı kolleksiyalarla tanış olmaqdadır. Almaniyalı alimin əsas diqqət mərkəzində Elmi Fondda toplanmış Leylatəpə arxeoloji mədəniyyəti çevrəsinə aid Leylatəpə, Fərmantəpə və Alxantəpə qədim yaşayış məskənlərindən aşkar edilmiş keramika məmulatlarıdır. Doktor Mark İserlisin bildirdiyinə görə, elmdə Leylatəpə və Maykop arxeoloji mədəniyyətlərinin (Şimali Qafqaz, e.ə. IV minilliyin əvvəlləri) genetik əlaqələri barədə fikir artıq yer almışdır. Onun tədqiqatlarının əsas məqsədlərindən biri hər iki arxeoloji mədəniyyətlərin keramik məmulatlarının kimyəvi, mineraloji və texnoloji analizi əsasında həm genetik bağlılığın, həm də yerli fərqlərin müəyyən edilməsidir. Həmçinin, tədqiqatçının cəlb olunduğu elmi layihə göstərilən qədim yaşayış məskənlərindən tapılmış üzvü qalıqlar əsasında radiokarbon analizləri və eksperimental tədqiqatları ehtiva edir.
Qeyd edək ki, qədim keramika üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab edilən doktor Mark İserlis Azərbaycanda, İsraildə, Türkiyədə, Rusiyada, Moldovada, Gürcüstanda və d. ölkələrdə arxeoloji tədqiqatlarda iştirak etmiş, xüsusi elmi layihə çərçivəsində Azərbaycanda Mentəştəpə, İsmayılbəytəpə və Kamiltəpə neolit dövrü keramikası üzərində araşdırmalar aparmışdır.
Almaniyalı tədqiqatçıya aparılan tədqiqatda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Polutəpə qədim yaşayış məskənini tədqiq edən ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundov, həmçinin, İnstitutun aparıcı elmi işçisi, “Qarabağ neolit-eneolit ekspedisiyası”nın rəhbəri, Fərmantəpə, Alxantəpə və İsmayılbəytəpə qədim yaşayış məskənlərində tədqiqat aparmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov müvafiq dəstəyi göstərməkdədirlər.
Fotolarda:
1-2) Doktor Mark İserlis
3) Doktor Mark İserlis və t.ü.f.d. Xəqani Alməmmədov

Fotolar Elçin Həsənovundur


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az