Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTDA XOCALI SOYQIRIMININ 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLDİ

  26.02.2018

26 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri açaraq bildirdi ki, 1988-ci ildən başlayan Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni işğalçılarının işğalçı müharibəsinin ən dəhşətli hadisəsi 26 il öncə baş vermis Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni işğalçıları blokadada olan Xocalı şəhərinə hücum etmiş, milli və dini mənsubiyyətinə görə erməni işğalçıları tərəfindən 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, onlardan 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Yalnız xalqımızın təkidi ilə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli matəm günü elan edilmişdi. Həmin dövrdən etibarən Xocalı soyqırımının bütün dünyada erməni işğalçılarının törətdiyi XX əsrin ən dəhşətli bəşəri cinayəti kimi tanıdılması istiqamətində siyasi fəaliyyətə başlanğıc verildi. Bilindiyi kimi "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Həmçinin, diasporlarımızın, diplomatlarımızın və hər bir vətənsevər vətəndaşlarımızın fəaliyyəti nəticəsində bir sıra ölkələrin dövlət və yerli parlamentləri tərəfindən Xocalı soyqırımı tanınmışdır və bu istiqamətdə fəaliyyət uğurla davam etməkdədir.
Professor M.Rəhimova bu faciə barədə xüsusi məruzə ilə çıxış edəcək tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərova söz verməzdən əvvəl Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi. Tədbirə qatılmış İnstitutun əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.
İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov söz alaraq bildirdi ki, Xocalı soyqırımı ermənilərin xislətini, insanlığa sığmayan mahiyyətlərini bütünlüklə dünyaya göstərdi. Məruzəçi erməni işğallarının və insana qarşı nifrət ideologiyasının tarixi barədə ətraflı məlumat verdi, ətraf xalqlara bu qədər nifrət bəsləyən dünyagörüşlə tərbiyə olunmuş tarix boyu və müasirlikdə digər bir millət olmadığını xüsusi vurğuladı. A.Ələkbərov Allahverdi Bağırov başda olmaqla Xocalını müdafiə etmiş, əsirlərimizin azad edilməsində fədakarlıq göstərmiş şəhidlərimizin igidliyindən də söz açdı. A.Ələkbərov xüsusi olaraq vurğuladı ki, Xocalı soyqırımının tanıdılması işində mühüm siyasi əhəmiyyəti danılmayan uğurlar əldə edilmişdir və bu sistemləşmiş proses “Xocalıya ədalət” kampaniyası ilə başlanmışdır.
Tarix üzrə elmlər doktoru Güllü Məmmədova (Yoloğlu) bildirdi ki, XIX və XX əsrlərdə ermənilərin törətdiyi soyqırımları öz motivasiyası ilə yalnız ksenofobiya, yəni, öz millətindən olmayan hər bir kəsə qarşı yönəlmiş nifrət ideologiyası ilə izah etmək olar. Tarixən ermənilər milli, etnik və hətta dini mənsubiyyətinə baxmayaraq bütün ətraf xalqlara qarşı soyqırım siyasəti yürütmüş və bu siyasəti indi də davam etdirməkdədirlər. Xocalı soyqırımında əsas təqsir erməni işğalçıları, onlara dəstək vermiş 366-cı Rusiya hərbi alayının heyəti, xarici havadarları olmaqla yanaşı, o dövrdə Ayaz Mütəllibov olmaqla yerli rəhbərliyin üzərinə də düşür. Çünki onlar Xocalı şəhərinin aylarla mühasirəyə düşməsinə qarşı gerçək addım atmamış, ordu və özünümüdafiə güclərinin formalaşmasına bütünlüklə biganə olmuşlar. Hətta, soyqırım baş verdiyindən bir həftə ərzində həqiqəti Azərbaycan xalqından və dünyadan gizlətmişlər. Çox yaxşı ki, bu gün “Xocalıya ədalət” kampaniyası və bu yöndə görülmüş tədbirlər ermənilərin kimliyini bütün dünyaya tanıtmaqdadır və Azərbaycan xalqı daha heç zaman öz düşmənini unutmayacaq. “Xocalı soyqırımın unutmayacağıq və Dədə Qorqudun öyüdünü də yaddan çıxarmayacağıq: qarı düşməndən dost olmaz” -deyə G.Məmmədova çıxışının sonunda vurğuladı.
Tarix üzrə elmlər doktoru Solmaz Məhərrəmova çıxışında bildirdi ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı apardığı tarixi soyqırım və etnik təmizləmə siyasətinin ən dəhşətli təzahürlrindən, törətdikləri bəşəri cinayətlərdən biridir. Həmçinin, erməni işğalçıları Azərbaycan xalqının tarixinə aid Xocalı şəhəri və ətrafındakı abidələr dağıtmışlar və hal-hazırda da bu vandalizm davam etməkdədir. Məruzəçi Xocalı soyqırımında iştirak etmiş erməni cinayətkarların çəkinmədən törətdikləri cinayətlər barədə açıq-aşkar və təfsilatı ilə məlumatlar verməsindən danışdı. Məsələn, əsərlərində Azərbaycan xalqına qarşı nifrət təbliğ edən Zori Balayanın “Ruhumuzun dirçəlişi” və ya Xeviyan adlı digər bir caninin “Xaç döyüşü” və s. bu kimi əsərlərdə Xocalı soyqırımında iştirak etmiş erməni caniləri törətdikləri cinayətlərli təsvir edir və bununla da lovğalanırlar. Daha sonra məruzəçi tarix üzrə elmlər doktoru S.Məhərrəmova Xocalı soyqırımının dünya səviyyəsində tanıdılmasında Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, 1-ci vitse-prezident Mehriban Əliyevanın və “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın danılmaz böyük rolundan söz açdı. Çıxışının sonunda S.Məhərrəmova Xocalı şəhidlərinin intiqamımın alınacağına əminliyini bildirdi.
Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev bildirdi ki, Xocalı soyqırımı barədə həqiqətləri dünyaya tanıtdıqca biz həm də dünyaya erməni millətinin xislətini, erməni terrorizminin nə qədər qaniçən və qəddar olmasını göstəririk. Bu isə, nəinki erməni millətçilərini, həmçinin onların havadarlarını hiddətləndirir, illərlə onların qurduğu saxta “məzlum erməni xalqı” imicinə ciddi zərbə vurur. Məruzəçi bildirdi ki, Xocalı soyqırımını törətmiş ermənilər indi ermənilərin liderləridir və çətin ki, bu canilər münaqişənin dinc həllinə imkan versinlər. B.Əliyev göstərdi ki, vaxtilə Xocalı soyqırımına dünyanın aparıcı dövlətləri ədalətli qiymət verib, silahlı separatçı terrorun qarşısını alsa idilər, bu gün dünyada bir sıra qanlı toqquşmalar — Ukraynada, Yaxın Şərqdə və d. yerlərdə baş verməzdi.

Fotolar Elçin Həsənovundur