Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASI NÖVBƏTİ İCLASINI KEÇİRİLDİ

  28.02.2018

Fevralın 28-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın gündəliyinə daxil olan əsas məsələ — 9 fevral 2018-ci il tarixli “Elm” qəzetində dərc olunan elana əsasən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə namizədin irəli sürülməsi barədə idi.
İclasın sədri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli iclası giriş sözü ilə açaraq bildirdi ki, gündəlikdə yeganə məsələyə irad yoxdursa, onun müzakirəsini başlamaq olar. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin 31 yanvar 2018-ci il tarixli qərarı da vardır. Məsələ ilə bağlı İnstititun Elmi Şurasına bir namizədin sənədləri daxil olub ki, o da — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d., professor Maisə Rəhimovadır. Beləliklə, sənədləri təqdim edilmiş şəxsin namizədliyi müzakirə olunacaq və gizli səsvermə keçiriləcəkdir. N.Müseyibli bildirdi ki, M.Rəhimova 14 ildir ki, İnstituta rəhbərlik edir və onun rəhbərliyi dövründə İnstitutumuz AMEA-nın nümunəvi institutları sırasına yüksəlib. İclasın sədri Elmi Şura üzvlərinə namizəd barədə fikirlərini bildirməyi təklif etdi.
Elmi Şuranın üzvü, t.e.d, professor Hidayət Cəfərov bildirdi ki, M.Rəhimova xarakterində ən müsbət keyfiyyətləri cəmləmiş insan, İnstitutun inkişafı və tanınması üçün danılmaz işlər görmüş bacarıqlı və təcrübəli rəhbərdir. O, yaşlı arxeoloq və etnoqraf alimlərə göstərdiyi xüsusi münasibətilə gənc alimləri məhz özlərini elmə fəda etməyə stimul verir. H.Cəfərov Şura üzvlərini M.Rəhimovanın namizədliyinin leyhinə səs verməyə çağırdı.
Elmi Şura üzvü, t.ü.f.d. Emil Kərimov öz çıxışında bildirdi ki, namizədliyi irəli sürülmüş M.Rəhimovanı humanist insan və elm yolunda fədakar bir alim kimi tanıyır. Onun İnstitut üçün xidmətləri böyükdür.
Elmi Şura üzvü, t.ü.f.d. Abuzər Ələkbərov bildirdi ki, professor Maisə Rəhimova bu İnstitutda adi elmi işçi, elmi katib, direktor müavini və direktor kimi mühüm mərhələlərdən keçərək özünü humanist insan, elm xadimi və təcrübəli rəhbər kimi təsdiq etmişdir. Onun rəhbərliyi altında İnstitut nəinki Azərbaycanın, həmçinin, Cənubi Qafqazın aparıcı institutlarından, dünyada arxeologiya və etnoqrafiya üzrə tanınan elm ocaqlarından birinə çevrilib. Elmi Şura üzvü, t.ü.e.d. Qudrət İsmayılzadə çıxışında bildirdi ki, M.Rəhimova Azərbaycanda arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş qədim metalişləmə məmulatlarını elmi analiz etməyi bacaran ilk milli mütəxəssislərdən biridir. Son on ildə İnstitutun əldə etdiyi yüksək nəticələr yalnız M.Rəhimovanın dərin elmi təcrübəyə arxalanan təşkilatçılıq qabiliyyəti və insanpərvərliyi ilə bağlıdır.
Elmi Şura üzvü, t.ü.f.d. Bəhlul İbrahimli vurğuladı ki, son on ildə İnstitutda Vətənimizi, o cümlədən, alimlərimizi dünyaya tanıda biləcək hər bir elmi və ictimai təşəbbüs M.Rəhimova tərəfindən dəstəklənmişdir.
Elmi Şura üzvü, t.ü.e.d., professor Nərgiz Quliyeva çıxışında qeyd etdi ki, İnstitutun müstəqil bir elm ocağı kimi formalaşmasında mərhum Akif Abbasovla yanaşı Maisə Rəhimovanın da böyük əməyi vardır. Məhz, professor M.Rəhimovanın rəhbərliyi dövründə İnstitut əməkdaşları Azərbaycan elminin inkişafının dünyada tanıdılmasında mühüm rol oynamışlar. Buna isə, ilk növbədə M.Rəhimovanın zəhməti hesabına nail olunmuşdur. N.Quliyeva namizədə uğurlar arzuladı və hamını M.Rəhimovanın namizədliyinin dəstəklənməsinə çağırdı.
Elmi Şura üzvü, t.ü.e.d. Əsədulla Cəfərov bildirdi ki, M.Rəhimovanı hələ 1972-ci ildə keçirilmiş beynəlxalq elmi konfransda dərin elmi potensiala malik bir gənc mütəxəssis kimi tanıyır. M.Rəhimova həyatını Azərbaycan elminə həsr etmiş alimlərimizdəndir. Ə.Cəfərov Şura üzvlərini M.Rəhimovaya səs verməyə çağırdı. Həmçinin, Ə.Cəfərov, tövsiyə etdi ki, M.Rəhimova qarşıdakı beş ildə ilk növbədə 43 abidədən toplanmış arxeoloji materialların saxlandığı İnstitutun Elmi Fondunun modern dünya standartlarına cavab verən bina ilə təmin edilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlasın. Elmi Şura üzvü, t.ü.f.d. Akif Quliyev namizədliyi müzakirə edilən M.Rəhimova barədə deyilmiş xoş sözlərə qoşulduğunu bildirdi. O, namizədin daim İnstitut əməkdaşlarının problemlərinə biganə qalmadığını vurğuladı.
Elmi Şura üzvü, t.ü.f.d. Tofiq Babayev çıxışında M.Rəhimovanın elmi, təşkilati və ictimai işlərdə fəaliyyətindən söz açdı. T.Babayev İnstitut rəhbəri olduğu dövrdə M.Rəhimovanın əməkdaşlara qayğı və humanizmlə yanaşdığını bildirərək onun namizədliyini dəstəkləyəcəyini qeyd etdi.
Elmi Şura üzvü, t.ü.f.d. Bəxtiyar Cəlilov qarşıdakı beş il üçün İnstitutun rəhbəri vəzifəsinə M.Rəhimovanın namizədliyinin ən düzgün seçim olmasını bildirdi və M.Rəhimovanın namizədliyinin İnstitutda tutduğu mövqedən və yaşından asılı olmayaraq hamı tərəfdən dəstəkləndiyini bildirdi.
Müzakirələrin sonunda iclasın sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli söz alaraq çıxışlar üçün təşəkkürünü bildirdi. N.Müseyibli xüsusi vurğuladı ki, 2005-ci ildə İnstitutun direktor vəzifəsini yenicə icra etməyə başlayarkən məhz M.Rəhimovanın təşəbbüsü və fəaliyyəti sayəsində, olduqca acınaqcaqlı durumda saxlanılan və milli sərvət hesab edilən arxeoloji materiallar xilas edildi, İnstitutun sistemləşmiş Elmi Fondu, kitabxanası və arxivi yenidən yaradıldı. Ən geniş və tanınmış ekspedisiyalar İnstituta məhz M.Rəhimovanın rəhbərlik etdiyi dövrdə təşkil olunub və fəaliyyət göstərmişdir. Buna görə də, onun namizədliyi yeganə və alternativsizdir.
N.Müseyibli bildirdi ki, məsələ ilə bağlı gizli səsvermə keçirilməlidir. Təklifə əsasən, sədr t.e.d. Hidayət Cəfərov olmaqla, antropologiya elmləri doktoru Əliağa Məmmədli və t.ü.e.d. Solmaz Məhhərovadan ibarət say komissiyası yaradıldı.
Elmi Şura üzvləri gizli səsvermədə iştirak etdilər. Səsvermədən sonra say komissiyasının sədri səsvermənin yekunları barədə məlumatı oxudu. Yekuna əsasən, 26 Elmi Şura üzvündən səsvermədə 20 nəfər iştirak edib, 20 səsvermə bülleteni paylanılıb və səsvermə qutusunda 20 bülleten qeyd edilib. 20 bülletendə Maisə Rəhimovanın AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə namizədliyinin leyhinə 20 nəfər səs vermişdir. Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə Maisə Rəhimovanın namizədliyi institut Elmi Şurasının 28 fevral tarixli iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir.
Sonda iclas iştirakçıları cari məsələləri müzakirə etdilər. Cari məsələlər içində AMEA Prezidiumunun sərəncamı ilə İnstitutda yeni şöbələrin yaradılması və kadr təyinatları barədə professor M. Rəhimova tərəfindən məlumat verildi. Bildirildi ki, “Antik dövr arxeologiyası” şöbəsinə rəhbər t.ü.f.d. Zaur Həsən oğlu Həsənov təyin edilib.
T.ü.e.d. Nəcəf Ələsgər oğlu Müseyiblinin rəhbərlik etdiyi “Etnoarxeologiya” şöbəsinin adı dəyişdirilərək “Etnoarxeologiya və antropologiya” şöbəsi kimi adlandırılıb.
Sərəncama əsasən, İnstitutun daxili imkanları hesabına İnstitut nəzdində “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsi yaradılıb və oraya Bəhlul İmran oğlu İbrahmli rəhbər təyin edilib.
İnstitutun “Numizmatka” və “Epiqrafika” şöbələri birləşdirilərək, “Numizmatika və epiqrafika” şöbəsi yaradılmışdır ki, onun rəhbəri Akif Arif oğlu Quliyevdir.

Fotolar Elçin Həsənovundur