Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



TANINMIŞ ALMAN ALİMİ İLƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLDİ

  01.03.2018

Fevralın 28-də Almaniyanın tanınmış arxeoloqu Heydelberq Universitetinin professoru, doktor Harald Hauptmann və xanımı Salwa Hauptmann Azərbaycana səfəri çərçivəsində AMEA Rəyasət Heyətində olmuş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi ilə görüş keçirmişdir. Görüşdə almaniyalı qonaqları Azərbaycana dəvət etmiş Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xanımı Meltem Özoral, Türkiyə və Azərbaycan iş adamları və sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat iştirak edirdilər.
Öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görüşün əhəmiyyətindən söz açıb, ikitərəfli əlaqələrin təşkilinin Türkiyə və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Son dövrlər AMEA-da həyata keçirilən kompleks islahatlar, prioritet istiqamətlərdə aparılan araşdırmalar haqqında məlumat verən alim akademiyanın dünyanın ən nüfuzlu elm mərkəzlərindən biri olduğunu bildirib. O, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda qədim Azərbaycan tarixinin öyrənilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü, arxeoloji məktəbin formalaşdığını diqqətə çatdırıb.
Sonra akademik İ.Həbibbəyli alman arxeoloqu Harald Hauptmannın həyat və yaradıcılığı barədə geniş məlumat verib. Akademik İ.Həbibbəyli bildirdi ki, Türkiyə türkcəsini mükəmməl bilən doktor Harald Hauptmann 1968-cı ildən başlayaraq uzun müddət Türkiyə Cümhuriyyətində Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori, Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrü Norşuntəpə Höyüğü məskənini aşkar və tədqiq etmiş ekspedisiyaların rəhbəri olmuş, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq etmişdir. Onun Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiyanın əsaslarını təşkil etməkdədir. O, Heydelberq Universitetinin (Almaniya) tarixəqədərki və erkən tarix dövrü professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.
Daha sonra akademik İ.Həbbibəyli sözü professor Harald Hauptmanna verdi. Alqışlar altında natiq kürsüsünə keçən doktor H. Hauptmann səmimi qarşılanmasına görə, təşəkkürünü bildirdi. Doktor H. Hauptmann vizual-elektron görüntülərlə müşayət olunan “İctimai məişət və dini mərasim evləri Yaxın Şərqin neolitində (sivilizasiyanın başlanğıcı)” mözusunda elmi məruzə etdi. Məruzədə “Bərəkətli Hilal” zolağında, xüsusilə, Anadolu ərazisindəki keramika istehsalına qədər qədim insanların əkinçilik, vəhşi heyvanların əhliləşdirilməsi və neolit dövründə dini inancların yaranması kimi məsələlər geniş və müxtəlif elmi baxışlardan təhlil edildi.
Məruzədən sonra professor H.Hauptmann iclasda iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının mövzu üzrə çoxsaylı suallarını cavablandırdı.
Tədbirin sonunda çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alman alimi H.Hauptmannı 70-ci illərdən bəri tanıdığını, onun zəngin elmi fəaliyyəti haqqında məlumatlı olduğunu vurğulayıb. İnstitut rəhbəri arxeoloq alimin məruzəsini yüksək qiymətləndirərək onu müvafiq sahələrdə birgə əməkdaşlığa dəvət edib.

Fotolar Elçin Həsənovundur