Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



MOSKVADA “XALQLAR VƏ MƏDƏNİYYƏTLƏR” ETNOLOJİ KÜLLİYYATININ
“AZƏRBAYCANLILAR” ADLI CİLDİ NƏŞR EDİLİB

  05.03.2018 Something0

Moskvada Rusiyanın “Nauka” elmi nəşriyyatı tərəfindən çoxcildli “Xalqlar və mədəniyyətlər” etnoloji külliyyatının “Azərbaycanlılar” adlı növbəti cildi nəşr edilmişdir (Азербайджанцы / отв. ред. А. Мамедли, Л.Т. Соловьева. – М.: Наука, 2017. – 708 с. с илл. ,Серия: Народы и культуры). 1400 tirajla nəşr edilmiş cild — qədim, rəngarəng, özünəməxsus etnik mədəniyyət, zəngin ənənə, adət və mərasimlərin sahibi olan azərbaycanlılar barədə geniş əhatəli etnoloji tədqiqat əsəridir. Çoxsaylı müəlliflər kollektivi — Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutu əməkdaşlarının fəal iştirakı ilə azərbaycanlı etnoloq, tarixçi, incəsənət mütəxəssisləri tərəfindən nəşrə hazırlanmış “Azərbaycanlılar” əsəri, azərbaycanlı etnikliyinin əsas tarixi, coğrafi və mədəni aspektləri, maddi mədəniyyətin özünəməxsus etnik komponentlərindən, ənənəvi təsərrüfat fəaliyyəti, xalq adətləri, mərasimləri, bayramları, folkloru da daxil olmaqla orijinal ənənəvi-məişət mədəniyyəti barədə məlumatları əks etdirir. 708 səhifəlik kitabın məsul redaktorları — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli və Rusiya EA Etnologiya və Antropologiya İnstitutunun Qafqaz şöbəsinin baş elmi əməkdaşı, tarix elmləri namizədi Lyubov Solovyovadır.
Ənənəvi Azərbaycan mədəniyyəti etnik çoxtəbəqəliliyi ilə fərqlənir. Çox da qədim olmayan dövrdə yaranmış ənənələrlə yanaşı, o, həmçinin, azərbaycanlı etnosunun formalaşma mərhələsində yaranmış ənənəvi-məişət mədəniyyətinin komponentlərini özündə əks etdirir. Bu komponentlər isə, konsolidasiya proseslərinin gedişində inteqrasiya olunmuş elementlərin tarixi xüsusiyyətlərinin izini daşımaqdadır. Bu xüsusiyyət də etnik submədəniyyətlərin rəngarəngliyini özündə əks etdirən Azərbaycan mədəniyyətinə həqiqi nadir və təkrarolunmaz xarakter verir. Sevindirici haldır ki, müəlliflər Azərbaycan mədəniyyətinin zəngin etnik palitrasını, onun Avrasiya sivilizasiyasına verdiyi töhfəni tamlığı ilə açmaq istiqamətində səylərində ciddi uğurlara nail olmuşlar.
“Azərbaycanlılar” cildi ilə tanış olan rusdilli oxucular müasir “azərbaycanlı” etnoniminin formalaşmasının əsas mərhələləri, xalqın irqi təsnifatda yeri, Azərbaycan etnosunun formalaşmasında mühüm rol oynamış əsas etnoqrafik qruplar, Azərbaycanın özünəməxsus xüsusiyyətlərə malik tarixi-etnoqrafik zonaları barədə çoxlu maraqlı biliklər əxz edəcəklər. Azərbaycanlıların məskunlaşma arealı yalnız müasir Azərbaycan Respublikasının ərazisini deyil, qonşu dövlətlərin tarixən azərbaycanlıların yaşadığı ərazilərinin bir hissəsini də əhatə edib. Ən qədim zamanlardan Azərbaycan ərazisində baş vermiş tarixi hadisələrin qısa icmalı oxucuları, son nəticədə özünəməxsus mədəniyyətini, etnik identikliyini və siyasi müstəqilliyini qorumuş və saxlamış Azərbaycan xalqının mürəkkəb tarixi taleyi ilə tanış edir.
Etnoloji nəşr üçün təbii olaraq, kitabda azərbaycanlıların ənənəvi mədəniyyətinin müxtəlif aspektlərinə tutarlı yer ayrılıb. Bu bölümlərdə azərbaycanlıların ənənəvi əkinçi mədəniyyətinin xüsusiyyətləri, yüzilliklər boyu təşəkkül tapan təsərrüfat təcrübəsi şərh edilib. Oxucuların diqqətinə ənənəvi əkinçi alətləri, kənd təsərrüfatı məhsullarının saxlanma və emal üsulları, əkinçilik fəaliyyətinin sistemi, suvarma ənənələri təqdim edilib. Bundan başqa, Azərbaycan etnoloqları tərəfindən dərindən təhlil edilmiş ənənəvi maldarlığın, maldar təsərrüfatın müxtəlif formalarının xüsusiyyətləri ilə bağlı məsələlər oxucuların diqqətinə çatdırılıb.
Kitabda azərbaycanlıların ənənəvi maddi mədəniyyətinin xüsusuiyyətləri maraqlı tərzdə əks olunub. Burada məskənlərin, müxtəlif xalq yaşayış tikililərinin inşası, yol çəkilməsi və müxtəlif nəqliyyat vasitələrinin istifadəsi sahəsində Azərbaycan xalqının çoxəsrlik ənənələri ardıcıl surətdə izah edilib. Kitabda Azərbaycan xalqının ənənəvi geyimi, bəzək əşyaları, həmçinin, rəngarəng qidalanma mədəniyyəti təqdim edilib.
Azərbaycan xalqının ənənəvi təsərrüfat fəaliyyətində çoxəsrlik tarixə malik sənətkarlıq istehsalı xüsusi yer tutur. Kitabın müəllifləri azərbaycanlıların dulusçuluq, xalçaçılıq, ağac emalı, metalişləmə kimi ənənəvi sənətkarlığı sahələrini oxucuların diqqətinə tam həcmlə təqdim edilməsinə nail olublar. Azərbaycan ailəsinin etnik xüsusiyyətləri, ailədaxili münasibətlər, ailə-məişət mühiti ilə bağlı ənənə və mərasimlər daim azərbaycanlı etnoloqların diqqət mərkəzində olmuşdur. Buna görə də, heç təsadüfi deyil ki, əsərdə nigahın əsas formaları, toy mərasiminin mürəkkəb strukturu, ailədaxili münasibətlərin sistemi barədə olduqca çoxlu maraqlı məlumatlar vardır.
Hər bir xalqın etnoqrafiyasında mənəvi mədəniyyət böyük önəmə malikdir. Həyat fəaliyyətinin bütün tərəfləri ilə bağlı olan ənənəvi inancların, mərasim və adətlərin bir çox aspektləri, azərbaycanlıların xalq bayramları “Azərbaycanlılar” cildində öz əksini tapmışdır. Burada azərbaycanlılar arasında islamın qəbuluna qədər yayılmış ənənəvi xalq inancları, dinlər və Azərbaycandakı islam dininin xüsusiyyətləri barədə söz açılıb. Bundan başqa təqvimi bayramlar, xalq təbabəti sahəsindəki xalq bilikləri və üsulları kimi ənənəvi mədəniyyətin aspektləri, xalq musiqisi, tamaşa-oyun mədəniyyəti, xalq xoreoqrafiyası məsələləri nəzərdən keçirilib. Cild zəngin fotomateriallar və xəritələrlə illüstrasiya olunub.
İnsanların digər xalqların mədəniyyəti və tarixi barədə bilikləri müasir cəmiyyətdə qarşılıqlı anlaşmanı və tolerantlığı təmin edən mühüm faktordur. “Xalqlar və mədəniyyətlər” külliyyatı müxtəlif millətdən olan, müxtəlif dinli insanlar arasında güvəncli münasibətlərin yaradılmasında böyük rol oynayır. Məhz buna görə, “Xalqlar və mədəniyyətlər” çoxcildli etnoloji külliyyatı çərçivəsində “Azərbaycanlılar” cildi böyük elmi məna daşımaqla yanaşı, həm də mühüm siyasi əhəmiyyətə malikdir.