Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB

  09.03.2018 Something0

Tanınmış tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib.
Hacı Qadir Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş, 1971-1975-ci illərdə Cəhri kənd məkyəbində müəllim işləmişdir. Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini idi.
“Azərbaycanlılarda müasir ailə (Naxçıvan MSSR kənd rayonlarının materialları əsasında) ” mövzusunda namizədlik, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında tarixi-etnoqrafik araşdırma)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən H.Q.Qədirzadə 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdi.
Onun elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tuturdu.
Alim 180-dən artıq elmi əsərin, o cümlədən 18 kitab, 100-ə yaxın elmi-kütləvi məqalənin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.
H.Q.Qədirzadə zəngin elmi fəaliyyətlə yanaşı, çoxillik pedaqoji təcrübəyə də sahib idi. O, 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyirdi. Alim gənc kadrların hazırlanması sahəsində də hər zaman fəallıq göstərmiş, onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanmışdır.
AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə elmdə əldə etdiyi nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bildirir ki, şərəfli ömür yaşamış Hacı Qadir Qədirzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!