Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZIX İNSANI”NIN (AZIXANTROPUN) KƏŞF EDİLMƏSİNİN 50 İLLİYİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANSA HAZIRLIQLAR MÜZAKİRƏ EDİLDİ

  15.03.2018

2018-ci il martın 14-də AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova və akademik Teymur Bünyadov Daş dövrü arxeologiyası şöbəsinə gələrək orada aparılan elmi tədqiqat işləri və Qarabağda dünya şöhrətli Azıx paleolit düşərgəsindən nadir ibtidai insan qalığının (“Azıx insanı”nın — azıxantropun çənəsinin) tapılmasının 50 illiyi ilə əlaqədar görülən işlər haqqında fikir mübadiləsi aparmışlar.
Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru Əsədulla Cəfərov şöbənin apardığı ən mühüm problemlərdən biri — Azərbaycan ərazisində daş dövrü abidələrinin tədqiqi ilə əlaqədar olaraq görülən elmi tədqiqat işləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, hazırda şöbədə 3 monoqrafiya üzərində elmi tədqiqat işləri aparılır. Həmin işlər arasında “Azıx dünya arxeologiyası” adlı monoqrafiyanın başa çatdırılması ilə əlaqədar olaraq görülən işlər haqqında şöbə rəhbəri məlumat vermişdir. Azıx düşərgəsində tapılmış Quruçay, qədim aşel, orta aşel, son aşel və mustye mədəniyyətlərinin xarakterik cəhətləri Azıx paleolit düşərgəsinin dünya arxeologiyasında yeri və digər xüsusiyyətlər monoqrafiyada geniş şərh olunacaqdır. Monoqrafiyada eyni zamanda Qarabağın və o cümlədən, Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən bəzi üzdən iraq erməni müəlliflərinin fikirlərinin əsassız olması arxeoloji və tarixi faktlar əsasında təkzib olunacaqdır.
Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəyli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, akademik Teymur Bünyadov və şöbə rəhbəri, tarix elmləri doktoru Ə.Q.Cəfərov İnstitutun arxeoloji fondunun işini yaxşılaşdırmaq və dünyanın ən ibtidai insanının unikal qalıqlarından birinin (“Azıx insanının” — azıxantropun çənəsinin) tapılmasının yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi məsələlərini də müzakirə etmişlər və təkliflər planı hazırlanaraq yaxın günlərdə İnstitutun Elmi Şurasında müzakirə olunması qərara alınmışdır.
Müzakirənin sonunda AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, İnstitutun direktoru, professor Maisə Rəhimova və akademik Teymur Bünyadov, Əsədulla Cəfərovun AMEA-da fəaliyətinin 50 illik yubileyini və ad gününü təbrik edərək ona dahi Nizaminin “Sirlər xəzinəsi” adlı kitabını hədiyyə etmişlər. Şöbə rəhbəri Ə.Q.Cəfərov akademik İsa Həbibbəyliyə, professor Maisə Rəhimovaya və akademik Teymur Bünyadova minnətdarlığını bildirərək özünün “Qarabağın Paleolit düşərgələri” adlı kitabını hədiyyə etmiş və onlara göstərdikləri yüksək qayğı və diqqətə görə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Azıx mağara kompleksi, 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, Füzuli ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında aşkar edilmişdir.
1968-ci ilin iyununda ekspedisiya Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar etdi. Professor Dəmir Hacıyev tərəfdən tədqiq edilmiş çənə ibtidai insanların —pre-neandertalın yeni bir tipinin vaxtilə mövcud olduğunu göstərdi. Bu ibtidai hominid tipi elmi dövriyyəyə “azıxantrop” adı ilə daxil edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az