Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QARABAĞDA SON 10 İLDƏ APARILAN ARXEOLOJİ TƏDQİQATLAR BARƏDƏ KİV-LƏR ÜÇÜN AÇIQLAMA

  16.03.2018 Something0

Son vaxtlar bəzi sosial şəbəkələrdə Azərbaycan arxeoloqlarının Qarabağda apardığı tədqiqatlarla bağlı həqiqətdən uzaq bəzi fikirlər səslənir. İşğal altındakı abidələrimizdə düşmən tərəfin apardığı “qazıntlar” haqqında jurnalist təxəyyülünün məhsulu olan yarım səhifəlik yazı və bir neçə şəkildən qaynaqlanan bu fikirlərdə alimlərimizin zəhmətinə kölgə salınır, ictimaiyyətə yalnış məlumatlar çatdırılır. Digəl ki, Qarabağ təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda Azərbaycan arxeoloqları tərəfindən ən yaxşı tədqiq olunan bölgələrdəndir.
Əslində belə məsuliyyətsiz, qərəzli yazıların arxeologiya elmindən xəbərsiz müəllifləri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları qeyri-qanuni arxeoloji qazıntıları təbliğ etməklə məşğuldurlar.
Ötən əsrin ikinci yarısında 20-30 il Qarabağı qarış-qarış gəzib abidələrimizi qeydə alan, tədqiq edən alimlərimiz az deyil. Düşmən tərəfin ideoloji hədəf kimi ortaya atdığı uydurma və yalanlar kifayət qədər elmi biliyi və ya məlumatı olmayan şəxslərdə yalnış fikir formalaşdırır. Məsələn, bədxahlar xəbər yayır ki, Şuşa ətrafında tunc dövrünə aid kurqanlar aşkar olunub. Halbuki hələ 130 il əvvəl Emil Reslerin hesabatlarında həmin kurqanlardan bəhs olunmuş, Sovet dövründə alimlərimiz onlar haqqında əsərlər yazmışlar.
Yaxud, “Qarabağda daş heykəllər tapıldı” kimi başqa bir xəbər yayılır. Amma çoxları bilmir ki, ötən əsrin 80-ci illərində həmin heykəllər haqqında tarix üzrə elmlər namizədi Mübariz Xəlilov dissertasiya işi yazıb, hətta İrəvanda həmin işin avtoreferatı çap olunmuşdu. Lakin erməni alimləri ona dissertasiya işinin müdafiəsinə imkan verməyib, ona mane olduqlarına görə müəllif elmi işini sonradan Moskvada müdafiə etməyə məcbur olmuşdur.
Düşmən işğalçı əməllərini ört-basdır etmək üçün belə fikir formalaşdırır ki, guya Qarabağda heç bir abidə (hətta Azıx, Tağlar, Qaraköpəktəpə, Govurqala məskənləri, Xocalı kurqanları) tədqiq edilməyib, qeydə alnmayıb. Bununla da Qarabağ abidələrini yeni müstəvidə elmi ictimaiyyətə təqdim etməyə cəhd edirlər. Onların bu niyyətini anlamaq çox da çətin deyil.
Aşağıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının təkcə son 10 ildə Qarabağda apardıqları araşdırmalar haqqında qısa məlumatı nəzərə çatdırmağı lazım bildik.
Əvvəlcə qeyd edək ki, Azərbaycan xalqının əsrlər boyu Qarabağda yaratdığı zəngin mədəni irs hələ XIX əsrin sonlarında əcnəbi tədqiqatçıların diqqətini cəlb etmişdir. Sovet dönəmində bu bölgədə bir neçə arxeoloji ekspedisiya fəaliyyət göstərmişdir. XX əsrin 60-80-ci illərində Füzuli rayonu ərazisindəki Paleolit dövrünə aid Azıx mağara düşərgəsində Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan ardıcıl tədqiqatlar Azərbaycan ərazisində ibtidai insanların hələ iki milyon il bundan əvvəl məskunlaşdığını sübut etmişdir. Arxeoloq alimlərimizdən İ.Nərimanov, Q.İsmayılzadə, R.Göyüşov, H.Cəfərov, Ə.Cəfərov, A.Məmmədov, T.Əliyev uzun illər boyu Qarabağda tədqiqatlar aparmışlar. Bu tədqiqatlar nəticəsində müxtəlif tarixi dövrlərə aid yüzlərlə abidə qeydə alınmış, tariximizin bir çox qaranlıq səhifələri işıqlandırılmışdır.
Qarabağ bölgəsində arxeoloji araşdırmalar son 10 ildə daha da canlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il və 26 aprel 2012-ci il tarixli sərəncamlar Azərbaycanın maddi-mədəniyyətinin, o cümlədən Qarabağın arxeoloji irsinin öyrənilməsində yeni imkanlar yaratmışdır. 2010-cu ildə fəaliyyətə başlayan “Qarabağ Neolit-Eneolit ekspedisiyası”nın apardığı tədqiqatlar nəticəsində Qarabağ bölgəsinin arxeoloji abidələrinin, ilk növbədə, Neolit və Eneolit dövrü abidələrinin “Məlumat bazası” yaradılmış, “Qarabağın arxeoloji abidələr toplusu”nun birinci cildi hazırlanaraq nəşr edilmişdir. Ekspedisiya Ağdam rayonu ərazisindəki Əhədtəpə, Kəlbə Hüseyntəpə, Şomulutəpə, Çardaxlıtəpə, İsmayılbəytəpə yaşayış yerlərində arxeoloji qazıntı işlərini ardıcıl davam etdirmişdir. Bu abidələrin tədqiqi nəticəsində nəinki Azərbaycanın, bütövlükdə regionun Neolit və Eneolit dövrü problem məsələlərinin öyrənilməsi üçün zəngin maddi artefaktlar aşkar edilmişdir.
2008-ci ildə təşkil edilən “Qarabağ arxeoloji ekspedisiyası” Ağdam rayonunun işğaldan kənarda qalmış ərazisində, onunla həmsərhəd olan Ağcabədi, Bərdə və Tərtər rayonlarında kəşfiyyat-axtarış işləri aparmış, bir sıra yeni abidələr qeydiyyata almışdır. Bu ekspedisiya 2009-cu ildən Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntı işləri aparır. Burada e.ə. XII-XI əsrlərə aid 36 torpaq qəbir tədqiq edilmişdir. Maraqlıdır ki, Qarabağda bəhs olunan dövrə aid bu tip qəbir abidələrinə ilk dəfə təsadüf olunur. Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini, Son Tunc və İlk Dəmir dövründə Qarabağda davamlı yaşayış olduğunu, bir çox sənətkarlıq sahələrinin, o cümlədən dulusçuluğun yüksək inkişafını göstərir.
Neolit-eneolit dövrü ilə bağlı yeni araşdırmalar sırasında Azərbaycan – Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının düzən Qarabağda – Ağcabədi rayonu ərazisində yerləşən Kamiltəpə yaşayış məskənində apardığı tədqiqatlar xüsusi yer tutur. Burada son Neolit dövrünə – təxminən 7,5-8 min il əvvələ aid çiy kərpicdən inşa olunmuş mürəkkəb quruluşlu tikili qalıqları açılmışdır. Arxeoloji qazıntı işləri ilə yanaşı ekspedisiya bölgədəki (Ağcabədi, Beyləqan və Xocavənd rayonlarında) abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də iş aparmışdır. Bu ərazidə xronoloji baxımdan Neolit dövründən Orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 180-ə yaxın abidənin koordinatları müəyyən edilmiş, ilkin məlumat və yerüstü materiallar toplanmış, bəzi abidələrdə isə yoxlama şurfları qoyulmuşdur. Azərbaycan – Almaniya beynəlxalq ekspedisiyasının Mil-Qarabağ bölgəsində apardığı tədqiqatların nəticələri haqqında Almaniya, Böyük Britaniya, Polşa, Türkiyə, Gürcüstan və b. ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələr edilmiş, 20-yə yaxın məqalə və iki kitab (Berlin – 2014, 2017) çap olunmuşdur.
Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi xüsusi dəstə 2013-2017-ci illərdə Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən çoxtəbəqəli Nərgiztəpə yaşayış yerində tədqiqatlar aparmışdır. Araşdırmalar göstərir ki, bu abidə qədim Azərbaycan dövləti olan Albaniyanın həm Antik, həm də Erkən Orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Strateji əhəmiyyətli ərazidə aparılan ilkin tədqiqatların nəticələri bu yaxınlarda nəşr olunmuş “Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı əsərdə (Bakı: Mütərcim, 2017) və 10-a yaxın məqalədə öz əksini tapmışdır. Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsi 2008-ci ildən Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhər məskənini tədqiq edir. Bu abidə Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər yerinin qalığı kimi böyük əhəmiyyətə malikdir. Araşdırmalar abidənin əsasən iki təbəqədən (Antik və Orta əsrlər) ibarət olduğunu göstərir. Antik təbəqədə hündürlüyü 6 metrə çatan və çiy kərpicdən tikilən mükəmməl istehkam qurğularının, ictimai binaların qalıqları açılmış, antik dövr memarlığı üçün səciyyəvi daş sütun altlığı aşkarlanmışdır. Şəhər yerinin yaxınlığındakı antik nekropolda 14 küp və 3 torpaq qəbir açılıb öyrənilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyası son illər Bərdə şəhərinin 5 kilometrliyində yerləşən Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Şortəpə yaşayış məskəni əsasən Antik və İlk Orta əsrlər dövrünü, Balatəpə abidəsi isə Erkən Tunc dövründən Antik dövrə qədərki böyük bir tarixi mərhələni əhatə edir. Balatəpədə möhrə divarın bir hissəsi açılmış, metal qalıqları, dən daşları, gildən zoomorf fiqurlar, buğda qalıqları və s. əldə edilmişdir.
Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrinin tədqiqi ilə bağlı bir sıra müştərək layihələr həyata keçirmişdir. 2009-2015-ci illərdə Azərbaycan arxeoloqları Almaniyadan olan mütəxəssislərlə birgə “Qədim Kür” beynəlxalq layıhəsi çərçivəsində Mil-Qarabağ bölgəsində kompleks tədqiqatlar aparmışlar. 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Şeyx Babı xanəgahında arxeoloji qazıntı, bərpa-konservasiya işlərini həyata keçirilmişdir. İnstitutun bir qrup əməkdaşı tərəfindən hazırlanan “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalibi olmuş və 2014-2015-ci illərdə bu layihə uğurla yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun həyata keçirilən layihələrdə İnstitutumuzun gənc alimləri fəal iştirak etmişlər. Bu baxımdan, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq səmərəli olmuşdur: “Qafqaz Albaniyasının xristian abidələri” adlı ingilis dilli sənədli film çəkilmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun həmin Mərkəzlə əməkdaşlığı çərçivəsində hazırlanmış layihələrdən biri də “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" olmuşdur. Layihə çərçivəsində Qarabağda yerləşən 200-dən çox arxeoloji, tarixi, memarlıq abidəsinin pasportu hazırlanmış, onların GPS koordinatları müəyyən edilmiş və hər bir abidəyə ayrıca tarixi arayış yazılmışdır.
Son 10 ildə Azərbaycan alimlərinin Qarabağ abidələrində apardığı tədqiqatlar zamanı külli miqdarda maddi-mədəniyyət nümunələri əldə edilmişdir. Bu materiallar bir sıra yeni əsərlərin yaranması, ayrı-ayrı dövrlərə aid bir neçə dissertasiya mövzusunun işlənib hazırlanması üçün əsas olmuşdur. 2008-ci ildən başlayaraq Azərbaycan Respublikası ərazisində aparılan çöl tədqiqatlarının illik nəticələri “Azərbaycanda arxeoloji tədqiqatlar” adlı məcmuələrdə nəşr olunur. Hər biri 23-25 çap vərəqi həcmində olan bu toplularda Qarabağ bölgəsində aparılan araşdırmalar da öz geniş əksini tapmışdır. Bundan əlavə institutda ardıcıl olaraq çöl tədqiqatlarının yekunlarına həsr olunan illik sessiyalar keçirilir, onların materialları, o cümlədən Qarabağın arxeoloji abidələri ilə bağlı yeniliklər dərc edilir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün kompleks tədbirlər həyata keçirir. Vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur. 2010-cu ildə Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə”, 2011-ci ildə “Qafqazın erkən əkinçilik mədəniyyətləri”, 2016-cı ilin sonunda “Qarabağın arxeoloji irsi” mövzusunda keçirilən konfransları buna misal göstərmək olar. Bu ilin sonunda isə (5-7 noyabr) Azərbaycanın görkəmli alimi Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından azıxantropun alt çənə sümüyünü tapılmasının 50 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsi nəzərdə tutulur. Dünyanın məşhur paleolitşünas alimlərinin Bakıda keçiriləcək bu tədbirdə iştirakı gözlənilir.
Qarabağın arxeoloji abidələrinin səciyyəvi xüsusiyyətləri uzun illərdən bəri bu bölgədə tədqiqat aparan alimlərimizə yaxşı bələddir. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının tezliklə erməni işğalından azad olacağına, xalqımızın əsrlər, minilliklər boyu bu bölgədə yaratdıqları mədəni irsi daha dərindən araşdırılmaq imkanı əldə edəcəyimizə inanırıq.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az