Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ KEÇİRİLDİ

  16.03.2018

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 16 mart 2018-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda anım tədbiri keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak etmişlər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova anım tədbirini açaraq bildirdi ki, XX əsr, ksenofob şovinist ideyalarla zəhərlənmiş erməni silahlı dəstələrinin nəinki, Azərbaycan xalqına, hətta tarixi Azərbaycan ərazisində yaşayan milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara qarşı soyqırım və etnik təmizləmə siyasəti ilə bəşər tarixinə qanlı hərflərlə əks olunub. Erməni şovinistləri tərəfindən törədilmiş dəhşətli qətliamlar içərisində üstündən artıq 100 il keçən 1918-ci ilin martında baş vermiş soyqırım öz qəddarlığı və kütləviliyi ilə seçilmişdir.
1918-ci il Mart Soyqırımı barədə həqiqətləri bütün dünyada tanıtmaq üçün 1998-ci il martın 26-da Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilərək ilk dəfə həmin qətliamlara siyasi və hüquqi qiymət verildi. “Ümummilli Liderimizin işinin layiqli davamçısı Prezident İlham Əliyevin bu yöndə apardığı uğurlu siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsində seçkili qurumlar da Mart Soyırımına siyasi qiymət vermişlər” – deyə professor M.Rəhimova vurğuladı.
Professor M.Rəhimova xüsusi olaraq, Qubada erməni faşizmi tərəfindən törədilmiş bəşəri cinayətin maddi izlərinin aşkar edilməsində və tədqiqində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun xüsusi və mühüm rolunu qeyd etdi. Mövzu ilə əlaqədar professor M.Rəhimova sözü Quba məzarlığında tədqiqatlar aparmış arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevə verdi.
İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev “Quba soyqırımı məzarlığının arxeoloji tədqiqi” mövzusunda vizual-elektron təsvirlərlə müşayət olunan təqdimatla çıxış etdi.
Quba soyqırımı məzarlığının tədqiqi tarixinə toxunaraq t.ü.f.d. Q.Ağayev qeyd etdi ki, 2007-ci il aprelin əvvəlində instituta məlumat daxil oldu ki, Qubada kütləvi məzarlıq aşkar edilib. “Oraya ezam edilərək, əraziyə baxış keçirdik və təsadüfən aşkar edilmiş tapıntıları tədqiq etdik. Kəşfiyyat xarakterli qazıntılardan da aydın oldu ki, kütləvi qətlə yetirilmiş insanların məzarlığı ilə üzləşmişik. İlkin rəyimiz İnstitutun Elmi Şurasında müzakirə edildi və qərara alındı ki, xüsusi arxeoloji ekspedisiya yaradılsın. Rəhbərliyim altında arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il 8 sentyabra qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparmışdır.
İlkin yekunlara görə, məzarlıq işgəncə ilə öldürülmüş və doğranmış insanların skelet fraqmentləri ilə dolu bir neçə həcmcə böyük və dərin quyulardan ibarətdir. Tədqiq etdiyimiz yalnız bir quyunun qazıntı aparılmış hissəsində 200-ə qədər insan qalığı qeyd edilib. Biz bu rəqəmi yalnız soyqırım qurbanlarının üzə çıxardığımız kəllə sümüklərinin sayına görə deyə bilirik. Əsas skelet və ətraf sümüklərin fraqmentləri və tam hissələri üzərində kəsici, deşici və zərbə silahlarının izləri qeyd olunub. Tam mümkündür ki, işgəncə üçün ermənilər talan edilmiş yerli əhalinin adi təsərrüfat alətlərindən də istifadə ediblər. Təsərrüfatda işlədilmiş tökmə iri mıxların insanların kəlləsinə və göz oyuğuna çapılması izlənilir. Kütləvi məzarlıq materialında çoxsaylı həmin iri mıxlar tapılmışdır.
200-ə qədər insan qalığının kəllə sümüklərinin fiziki antropoloji tədqiqatları əsasında ilkin nəticə budur ki, onların 55-i müxtəlif yaşlı qadınlara, 4-15 yaş arası uşaq və yeniyetmələrə, qalanları isə, əsasən yaşlı kişilərə aiddir. İşgəncələrlə öldürlümüş bu insanların irqi tipi müasirlikdə də Quba ərazisində yaşayan əhalinin irqi tipi ilə analojidir. Bu nəticələr yalnız çıxarılmış kəllələr, tam və ya fraqmentar sümük qalıqlarının əsasında məlum olub. Həmin məzarlıq quyusunun həcmini nəzərə alaraq belə bir qənaətə gəlinib ki, torpaqda qalan insan qalıqları ən azı, 600 skelet sayındadır. Qazıntı zamanı paltar qalıqlarının aşkar edilməməsi belə bir fikirin irəli sürülməsinə əsas olub ki, işgəncə müşayət olunan qətllər öncədən zorla paltarları əllərindən alınmış insanlara qarşı törədilib. Birbaşa məzarlığın kənarında işgəncələrdən yaralanmış, amma hələ sağ olan və ya öldürlümüş insanların bir qisminin doğranması həyata keçirilib, yaxud artıq yaxın ərazidə işgəncə ilə öldürlümüş insanların tam meyitləri və ya doğranmış tikələri buraya gətirilərək əvvəlcədən mövcud quyulara xaotik şəkildə atılmışdır” –deyə t.ü.f.d. Qəhrəman Ağayev bildirmişdir.
Q.Ağayev arxeoloji ekspedisiyanın ilk dəfə böyük həcmli kütləvi məzarlığın elmi araşdırma sahəsində qazandığı təcrübədən, tədqiqatlar zamanı üzləşdikləri bəzi obyektiv və subyektiv əsaslı çətinliklərdən də söz açdı. O, xüsusi olaraq vurğuladı ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Quba soyqırımı məzarlığı ərazisində memorial kompleksin yaradılması barədə məlum sərəncamı ilə artıq tariximizin qanlı səhifələrini bariz göstərən tarixi həqiqət dünyaya tanıdılmaqdadır. Q.Ağayev bildirdi ki, hal-hazırda Quba məzarlığında aparılmış arxeoloji tədqiqat barədə müxtəlif dillərdə qısa həcmli elmi-populyar kitabçanın hazırlanması üzərində işlər aparılmaqdadır.
Daha sonra Q.Ağayev anım toplantısı iştirakçılarının çoxsaylı suallarına cavablandırdı. Mövzu üzrə çıxış edənlər maraqlı təqdimata görə t.ü.f.d. Q.Ağayevə təşəkkürlərini bildirdilər, İnstitut rəhbərliyinin, soyqırım məzarlığında çalışmış tədqiqatçıların fəaliyyətini yüksək qiymətləndirdilər, Quba soyqırımı məzarlığının tədqiqatına həsr edilmiş, tarixi sənədlərlə yanaşı, həmçinin, arxeoloji, populyativ genetik, antropoloji, patoloji anatomik, tanatanoloji, kriminalistik və d. tədqiqatların nəticələrini özündə əks etdirən iri həcmli və müxtəlif dillərdə olan elmi nəşrə ciddi ehtiyacın olduğunu qeyd etdilər. Anım tədbirinin sonunda iştirakçıları 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.