Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA-NIN GƏNC ALİMİ BOLQARISTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ ETMİŞDİR

  27.03.2018

23-24 mart tarixində Bolqarıstanın Blaqoevqrad şəhərində yerləşən Neofit Rilski adına Cənub-Qərb Universitetində Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” layihəsi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq elmi konfransda Bolqarıstan, Azərbaycan, Gürcüstan, Moldova, Makedoniya, Avstriya, Rumıniya, Çexiya və Yunanıstandan olan alimlər iştirak edirdilər. Beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov təmsil edib. V.Ələkbərov konfransda "Müasir elmin formalaşmasında təcrübənin rolu" mövzusunda çıxış etmişdir.
V.Ələkbərov ingilis dilində etdiyi çıxışında arxeoloji tədqiqatlara əsaslanaraq, müasir elmin meydana gəlməsində qədim cəmiyyətlərin rolundan bəhs etmiş, müxtəlif sahələrdə elmin ilkin rüşeymlərinin formalaşmasının məhz erkən əkinçilik mədəniyyəti ilə bağlı olmasının arxeoloji dəlillərlə sübut olunduğunu göstərmişdir. Belə ki, insanların oturaq həyata keçməsi onların öz gündəlik tələbatlarını ödəmək zərurətini artırmış, zərurətdən irəli gələrək erkən, sadə texnoloji yeniliklər əldə olunmuş, bunlar da öz növbəsində cəmiyyətlər təkmilləşdikcə sonrakı elmi texnoloji inkişafları şərtləndirmiş və bütün bunların kökündə duran qazanılmış təcrübə mühüm amilə çevrilmişdir.
Bundan başqa, tədqiqatçı XX əsrdə Azərbaycanda aparılmış arxeoloji araşdırmalardan söz açmış, son 10 ildə aparılmış müasir elmin tələblərinə tam cavab verən beynəlxalq arxeoloji tədqiqatların regionun paleolit, mezolit, neolit və tunc dövrü mədəniyyətlərinin öyrənilməsində yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulamışdır. Həmçinin, o, Azərbaycanın Tovuz rayonunda və Qarabağ bölgəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dünyanın bir sıra qabaqcıl elmi müəssiləri ilə birlikdə həyata keçirdiyi beynəlxalq arxeoloji araşdırmalar haqqında da konfrans iştirakçılarına məlumat vermişdir.
Beynəlxalq konfrans iştirakçılarının böyük marağına səbəb olmuş tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərovun çıxışından sonra mövzu ətrafında müzakirələr aparılmış, azərbaycanlı alim verilən sualları cavablandırmışdı.