Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR

  30.03.2018 Something0

28 mart 2018-ci il tarixində Arxeologiya elminə ağır itki üz vermişdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “İlk orta əsrlər arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şirzad Soltan oğlu Əhmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Şirzad Soltan oğlu Əhmədov 20 dekabr 1950-ci ildə Şamaxı rayonun Göylər kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakultəsini bitirmişdir. 1980-ci ildən etibarən AMEA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda çalışmağa başlayıb. 1992-ci ildə “Pirsaatçay hövzəsinin ilk orta əsrlər arxeoloji abidələri” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Şirzad Əhmədovun Azərbaycan Arxeologiya elminin inkişafında müstəsna rolu olmuşdur. O, uzun illər Şamaxı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir.
Cəmcəmli, Udulu, Məlik Çobanlı abidələrində, orta əsr Şamaxı şəhəri ərazisində, Xınıslıda, Gülüstan qalasında və s. abidələrdə arxeoloji tədqiqatlar aparmışdır. Ş.S.Əhmədov Gəncə, Bərdə arxeoloji ekspedisiyalarında da fəal iştirak etmişdir. Tədqiqat işlərinin nəticələri onun tərtib etdiyi elmi hesabatlarda, 100-ə qədər elmi əsərdə, 2 monoqrafiyada öz əksini tapmışdır.
Ş.S.Əhmədov elmi işlərlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2002-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının “İctimai fənlər” kafedrasında, həmçinin Sumqayıt Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında dosent vəzifəsində çalışmışdır. Azərbaycan tarixi, Arxeologiyanın əsasları və s. fənləri tədris etmişdir.
Şirzad Soltan oğlu Əhmədovun xatirəsi onu sevənlərin və tələbələrinin qəlbində daim yaşayacaqdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərləri ilə bölüşdüklərini bildirirlər.

Allah rəhmət eləsin!