Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AVROPA ELMİ MƏRKƏZLƏRİNİN MÜTƏXƏSSİSLƏRİ ALİMLƏRİMİZİN ÇIXIŞLARINI YÜKSƏK MARAQLA QARŞILADILAR

  03.04.2018

29-30 mart 2018-ci il tarixlərində İtaliyanın Florensiya şəhərində İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə təşkilatçılığı ilə "Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri" adlı beynəlxalq elmi konfrans keçirilmişdi. Konfransa Azərbaycan, ABŞ, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Türkiyə, İran və Gürcüstan dövlətlərinin müxtəlif elmi tədqiqat müəssisələrini təmsil edən alimlər qatılmışlar. Konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları – “Antik dövr arxeologiyası” şöbəsinin müdiri Zaur Həsənov və “Arxeoloji texnologiya” sektorunun müdiri Bəxtiyar Cəlilov təmsil etmişlər.
Bəxtiyar Cəlilov və Zaur Həsənov beynəlxalq konfransda, müvafiq panellərdə problem mövzular üzrə məruzələrlə çıxış etmiş və fikir mübadiləsi aparmışlar. Azərbaycanlı mütəxəssislər ölkə ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin və Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə və tanınmasına öz töhfələrini vermişlər. Konfrans yüksək analitik təhlillər və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilmişdi.
Bəxtiyar Cəlilovun “Azərbaycanın iki kurqanı: Uzun Rəmədən (Goranboy) olan insan qalıqlarının təhlili” adlı çıxışı alimin İlk tunc dövrünə aid Uzun Rəmə kurqanlarında apardığı arxeoloji tədqiqatlara həsr edilmişdi. Məruzəçi bu kurqanların timsalında Azərbaycanın ilk tunc dövrü kurqanaltı sərdabələrinin tipoloji təsnifatı və dəfn adətləri haqqında geniş məlumat verdi. Məruzədə əksini tapmış arxeometrik tədqiqatların, o cümlədən, kurqanlardan aşkar edilmiş insan qalıqlarının antropoloji analizinin nəticələri, avropalı mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Məruzədən sonra Qafqazın erkən kurqan mədəniyyəti, Azərbaycanın qədim mədəni irsi ətrafında geniş müzakirələr aparıldı.
Zaur Həsənovun “İlk Dəmir dövrü Cənubi Qafqazın Şərq hissəsinin kurqanlarında iki fərqli dəfn adəti” adlı çıxışı Azərbaycanda iskitlərin və sakların dəfn adətlərinin izlənildiyi kurqanlara həsr olunmuşdu. Elmi məruzədə göstərilmişdir ki, Mingəçevir kurqanları və Ağcabədidə tədqiq edilmiş “Kiçik” kurqanda Qara dənizin şimal sahilboyu çölləri iskitlərinin, Xocalı qəbirstanlığının üç “Böyük Torpaq” kurqanlarında isə Aral dənizi hövzəsində yaşayan sakların dəfn adətləri izlənilmiş və maddi mədəniyyət nümunələrinin analogiyaları qeyd edilmişdir. Böyük marağa səbəb olmuş Z.Həsənovun çıxışından sonra ABŞ, Almaniya, İtaliyadan olan mütəxəssislər bu problemin böyük elmi əhəmiyyətini qeyd etdilər. Daha sonra iskit problemi ilə əlaqəli keçirilmiş maraqlı diskussiya ərzində Z.Həsənov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdı.
Beynəlxalq konfransdan sonra, Azərbaycanda arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası (ekspedisiyanın tərkibi İtaliya, Almaniya, Fransa, Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarətdir) üzvlərinin toplantısı keçirilmişdi. Toplantıda Azərbaycan tərəfindən Bəxtiyar Cəlilov və Zaur Həsənov iştirak etmişlər. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunmuşdur. Müzakirələrin sonunda 2018-ci ilin iyun ayında beynəlxalq ekspedisiya tərəfindən Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntı işlərinə başlanılması qərarı qəbul edilmişdi. Aparılacaq arxeoloji qazıntılardan əldə edilmiş nümunələrin dünyanın qabaqcıl laboratoriyalarında analiz edilməsi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu elmi jurnallarda və nəşrlərdə dərci nəzərdə tutulur.

P.S. KİV nümayəndələrinin nəzərinə: "Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri" Beynəlxalq elmi konfransın ingiliscə adı — “Constructing kurgans: Burial mounds and funerary customs in the Caucasus, Northwestern Iran and Eastern Anatolia during the Bronze and Iron Age”

The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az