Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  06.04.2018

Aprelin 6-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın başlanğıcında akademik Teymur Bünyadov çıxış edərək bildirdi ki, AMEA Prezidiumunun Rəyasət Heyətinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə İnstitutun Elmi Şurası tərəfindən yekdilliklə irəli sürülmüş tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın namizədliyi təsdiq edildi. Bu münasibətlə akademik T.Bünyadov və iclas iştirakçıları professor M.Rəhimovanı təbrik etdilər.
İclası giriş sözü ilə açan İnstitutun direktoru t.ü.e.d., professor M.Rəhimova İnstitut əməkdaşlarının bir qrupu tərəfindən ərsəyə gətirilmiş, Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun çoxcildli “Xalqlar və mədəniyyətlər” etnoloji külliyyatının “Azərbaycanlılar” adlı cildi barədə söz açdı. M.Rəhimova göstərdi ki, rusdilli məkanda geniş əks-sədaya səbəb olmuş bu əsər elmdə yenilik olmuşdur. Yalnız mənbələrə və tədqiqatlara əsaslanmaqla Azərbaycan xalqının tarixi, etnogenezi, mənəvi irsi və maddi mədəniyyəti, etnoqrafik xüsusiyyətləri barədə ətraflı məlumat verən əsər, başda “Etnososioloji tədqiqatlar” şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli olmaqla İnstitutun əməyi olan digər əməkdaşlarının zəhmətinin bəhrəsidir. Əsərin elmi, ictimai və siyasi əhəmiyyətini AMEA Prezidenti A.Əlizadə şəxsən xüsusi qeyd etmişdir. M.Rəhimova təklif etdi ki, yaxın günlərdə əsərin təqdimatının keçirilməsi planlaşdırılır.
Daha sonra Elmi Şura iclasının birinci məsələsi - 2017/2018-ci tədris ili üçün doktorantların — (İlahə Adil qızı Nəhmətova, Nigar Vüqar qızı Məmmədova, Həmid Rizvan oğlu Həmidov) dissertasiya mövzularının təsdiqi ilə bağlı müzakirə idi. Professor M.Rəhimova sözü İnstitutun “Tədris və beynəlxalq” əlaqələr şöbəsinin rəhbəri, t.ü.f.d. Səfər Aşurova verdi.
S.Aşurov bildirdi ki, bu ilin yanvar ayında 2017/2018-ci tədris ili üçün doktoranturaya qəbul elan edildi. “Əyani Arxeologiya üzrə 2 nəfər, Etnoqrafiya üzrə 1 nəfər namizədə yer ayrılmışdı. Sənədlərinin təqdim etmiş namizədlər mərkəzləşdirilmiş şəkildə imtahanları vermiş və müsbət nəticələr almışlar”- deyə S.Aşurov bildirdi. S.Aşurov doktoranturaya sənədlərinin təqdim etmişlərin imtahan qiymətləri ilə iclas iştirakçılarını tanış etmişlər. 28 mart 2018-ci il tarixində “Müasir dövr etnoqrafiyası” şöbəsinin iclasında H. Həmidovun “XX əsrdə Quba-Xaçmaz bölgəsi əhalisinin mənəvi mədəniyyətində ənənəvilik və müasirlik” mövzusunda elmi işi və elmi rəhbəri t.ü.e.d. Nərgiz Quliyeva təklif edilib. N.Məmmədova və İ.Nəhmətova isə, AMEA-nın magistraturasını bitiriblər. Hər iki gənc tədqiqatçı arxeoloji qazıntılarda iştirak ediblər. “Tədris və beynəlxalq əlaqələr” şöbəsində Nigar Məmmədovanın “Maxta qədim yaşayış yeri: Kür-Araz mədəniyyəti problemlərinin öyrənilməsi kontekstində”, İlahə Nəhmətovanın “Şimal-şərqi Azərbaycan ilk tunc dövründə — Çaqqallıqtəpə abidələr kompleksi materialları əsasında” mövzularında elmi işləri digər şöbələrin elmi rəhbərləri və mütəxəssislərinin iştirakı ilə müzakirə edilib. Hər iki namizəd üçün elmi rəhbər t.ü.f.d. Səfər Aşurov təklif olunub. Elmi Şura üzvləri hər üç doktorantura mövzusunu və təklif edilmiş elmi rəhbərləri yekdilliklə təsdiq etdi.
Elmi Şuranın ikinci məsələsinin gündəmində vakansiya elanına uyğun olaraq İnstitutun əməkdaşları Elmira Abbasova, t.ü.f.d. Valeh Ələkbərovun böyük elmi işçi təyin olunması məsələsi dururdu. İrəli sürülmüş namizədlərin müvafiq vəzifəyə layiq olduqları barədə geniş məlumat iclas iştirakçılarına verildi. Qərara alındı ki, namizədlərin böyük elmi işçi əzifəsinə təyin edilməsi üçün Elmi Şuranın gizli səsverməsi keçirilməlidir. Gizli səsvermə üçün say komissiyası yaradıldı. Təkliflər əsasında gizli səsvermə üçün say komissiyasına t.ü.e.d. Əsədulla Cəfərov (sədr), t.ü.f.d. Bəxtiyar Cəlilov, t.ü.f.d. Tofiq Babayev seçildilər. Gizli səsvermədən sonra açıqlanmış nəticələrə əsasən göstərilən namizədlər yekdilliklə böyük elmi işçi adına layiq görülmüşlər.
Elmi Şura iclasının üçüncü məsələsi xarici ölkələrdə keçirilmiş konfrans və təcrübə mübadiləsində iştirak etmiş İnstitut əməkdaşlarının hesabatları ilə bağlı idi. İnstitutun əməkdaşları — “Arxeoloji texnologiya” sektorunun müdiri, t.ü.f.d. Bəxtiyar Cəlilov və Antik arxeolgiya şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov 9-30 mart 2018-ci il tarixlərində İtaliyanın Florensiya şəhərində İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə təşkilatçılığı ilə "Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri" adlı beynəlxalq elmi konfransda iştirakları barədə hesabat xarakterli geniş məlumat verdilər. Beynəlxalq elmi konfransda t.ü.f.d. B. Cəlilov “Azərbaycanın iki kurqanı: Uzun Rəmədən (Goranboy) olan insan qalıqlarının təhlili” və t.ü.f.d. Z.Həsənov “İlk Dəmir dövrü Cənubi Qafqazın Şərq hissəsinin kurqanlarında iki fərqli dəfn adəti” adlı məruzələrlə çıxış etmişlər. Məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur. Konfransın sonunda Azərbaycanda arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası (ekspedisiyanın tərkibi İtaliya, Almaniya, Fransa, Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarətdir) üzvlərinin toplantısı keçirilmişdi. Toplantıda Azərbaycan tərəfindən B.Cəlilov və Z.Həsənov iştirak etmişlər. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunmuşdur. Konfransda ABŞ, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Türkiyə, İran və Gürcüstan dövlətlərinin müxtəlif elmi tədqiqat müəssisələrini təmsil edən alimlər qatılmışdılar. T.ü.f.d. Valeh Ələbərov hesabat verərək bildirdi ki, bu ilin fevralın 27-dən mart ayının 27-dək Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” layihəsi çərçivəsində Bolqarıstanın Blaqoevqrad şəhərində yerləşən Neofit Rilski adına Cənub-Qərb Universitetində bir aylıq qısa müddətli təvrübə mübadiləsində iştirak edib. Onun layihə çərçivəsində tədqiqat mövzusu “SSRİ-nin dağılmasından sonra müstəqillik illərində Azərbaycanda arxeoloji tədqiqatlar və Qara dəniz hövzəsi və Avropa mütəxəssisləri ilə əməkdaşlıq” olmuşdur. V.Ələkbərov ezamiyyət dövründə Blaqoevqrad şəhərində yerləşən Tarix Muzeyinin neolit və xalkolit dövrünə aid eksponatları ilə tanış olmuşdur. Tədqiq etdiyi mövzular üzrə göstərilən universitetin və ABŞ-ın Panitsa elmi kitabxanalarında çalışmışdır. 23-24 mart tarixində isə, o, layihə çərçivəsində N.Rilski ad. Cənub-Qərb Universitetində təşkil olunmuş və Bolqarıstan, Gürcüstan, Moldova, Makedoniya, Avstriya, Rumıniya, Çexiya və Yunanıstandan olan alimlərin qatıldığı Beynəlxalq elmi konfransda Azərbaycanı təmsil etmişdir. V.Ələkbərov konfransda "Müasir elmin formalaşmasında təcrübənin rolu" mövzusunda çıxış etmişdir. V.Ələkbərovun çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdı.
Mövzu üzrə İnstitutun direktoru M.Rəhimova bildirmişdir ki, Bolqarıstanın arxeologiya və etnologiya üzrə elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq istiqamətində ilk addımlar atılmaqdadır. Z.Həsənov və V.Ələkbərov da bildirmişlər ki, “Horizon 2020” çərçivəsində keçirilmiş görüşlər zamanı bolqar arxeoloqları və etnoloqları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq etmək istəyindədirlər.
Daha sonra Elmi Şura iclasında bir sıra cari məsələlər müzakirə edilmişdir.

The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az