Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ABŞ VƏ RUSİYA ALİMLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ

  13.04.2018

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda aprelin 12-də İnstitutun Elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli ABŞ Arizona Dövlət Universitetinin (Arizona State University) və Amerika Təbii Tarix Muzeyinin (American Museum of Natural History) əməkdaşı Valter Kristlə (Walter Crist) görüş keçirmişdir. Qədim Misir, Mesopotamiya, tunc dövrü Kipr, antik Yunan mədəniyyətləri üzrə ixtisaslaşan Valter Krist bu qədim sivilizasiya mərkəzlərində stolüstü oyunların tarixini araşdırır və mövzu üzrə bir sıra elmi əsərlərin müəllifidir. Görüş zamanı amerikalı tədqiqatçının bildirdiyi ehtimala görə, qədim stolüstü oyunların Mesopotamiyanın mədəni təsiri altında qədim Azərbaycanda da geniş yayılması mümkündür. Bu mövzu ilə əlaqədar növbəti həftədə İnstitutun Elmi Şurasında amerikalı alimin elmi təqdimatının keçirilməsi barədə razılığa gəlinmişdir.
Həmçinin, aprelin 12-də Arxeologiya və Etnoqrafiya İnstitutunda Rusiya Coğrafiya Cəmiyyətinin Sualtı Tədqiqatlar Mərkəzinin idarə Heyətinin üzvü, sualtı arxeologiya üzrə bir sıra əsərlərin müəllifi, tarixçi Andrey Lukoşkovun rəhbərliyi altında bir qrup rusiyalı sualtı tədqiqat mütəxəssisləri ilə görüş keçirildi. Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatların aparılmasının perspektivləri üzrə geniş müzakirə aparıldı.
İnstitutun direktoru t.ü.e.d., professor Maisə Rəhimova sovet hakimiyyəti illərində mərhum arxeoloq Viktor Kvaçidze tərəfindən sualtı arxeoloji tədqiqatların aparıldığını, lakin sonralar bu sahədə kadr çatışmazlığı səbəbindən araşdırmaların dayandırıldığını Rusiyalı qonaqların diqqətinə çatdırmışdır. Bu sahədə böyük təcrübəyə malik olan qonaqlar Azərbaycanda da sualtı arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını bildirdilər.
Müzakirələr zamanı qeyd edilmişdir ki, Respublikamızda yalnız sovet dövründə sualtı arxeoloji tədqiqatlar aparılmışdır və bu sahənin hazırda xarici ölkə alimlərinin dəstəyi ilə yenidən dirçəldilməsi aktual problemlərdən biri olaraq qalmaqdadır. Aparılan fikir mübadiləsi çərçivəsində gələcəkdə sualtı arxeologiya üzrə milli mütəxəssislərin hazırlanmasına zəmin olacaq birgə sualtı arxeoloji tədqiqatların aparılmasının zəruriliyi vurğulanmışdır. Görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun Elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli, “Arxeoloji xidmət” şöbəsinin müdiri, t.ü.f.d. Qoşqar Qoşqarlı, İnstitutun Elmi Arxiv şöbəsinin müdiri t.ü.f.d. İdris Əliyev, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, t.ü.f.d., professor Kamil İbrahimov da iştirak etmişlər.