Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İŞĞALÇILARIN TORPAQLARIMIZDA QANUNSUZ TƏDQİQATLARDA İŞTİRAK TƏKLİFİNDƏN İMTİNA ETMİŞ RUSİYALI ALİMİN 100 YAŞI TAMAM OLDU

  15.01.2018

Yanvarın 13-də Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutunun aparıcı elmi əməkdaşı, İnstitutun paleolit şöbəsinin məsləhətçisi, tarix elmləri doktoru, professor Vasili Prokopiyeviç Lyubinin 100 yaşı tamam olmuşdur. Elmi fəaliyyəti dövründə dünya şöhrətli arxeoloq rəhbəri olduğu çöl tədqiqatlarında bir sıra paleolit və mezolit dövrü düşərgələrini aşkar etmiş, Şimali və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın, həmçinin, Türkmənistanın və Afrika qitəsinin daş dövrü abidələrinin tədqiqatlarında iştirak etmişdir.
Professor Vasili Lyubin dünyaca məşhur mərhum Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovla uzun müddət əməkdaşlıq etmiş, paleolit dövrü arxeologiyası üzrə azərbaycanlı mütəxəssislərin formalaşmasında önəmli rol oynamışdır.
Qeyd edək ki, professor V.P.Lyubin həqiqi ziyalı və alim əxlaqına malik olaraq işğal edilmiş torpaqlarımızdakı paleolit və mezolit dövrünə aid abidələrdə (Azıx mağarası, Quruçay hövzəsi) tədqiqat aparmaq barədə erməni qəsbkarları tərəfindən ona edilmiş təklifləri qətiyyətlə rədd etmiş, işğal edilmiş ərazilərdə qanunsuz qazıntıların aparılmasında və qanunsuz tədqiqatlarda iştirak etməyin alim və ziyalı etikasına sığmadığını bildirmişdir.
Görkəmli rusiyalı alimin yubileyi ilə əlaqədar Rusiya hökumətinin başçısı Dmitri Medvedev onu şəxsən təbrik etmiş, ona ünvanladığı təbrik məktubunda V.P. Lyubini “əfsanə insan” kimi yüksək dəyərləndirmişdir.
Yanvarın 15 və 16 tarixlərində Rusiya Elmlər Akademiyasında görkəmli alimin yubileyi ilə əlaqədar tədbirlər keçiriləcəkdir. Yubiley tədbirlərində respublikamızı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov təmsil edəcəkdir.


The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az