Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA AMERİKALI TƏDQİQATÇI ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ ETDİ

  17.04.2018

Aprelin 16-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda amerikalı tədqiqatçı Valter Krist (Walter Crist) “Qədim Mesopotamiyanın masaüstü oyunları Azərbaycanda?” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Elmi təqdimatı giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimov amerikalı alim barədə məlumat verdi.
Professor M.Rəhimova bildirdi ki, V.Krist ABŞ Arizona Dövlət Universitetinin (Arizona State University) Antropologiya bölümünün, Amerika Təbii Tarix Muzeyinin (American Museum of Natural History), ABŞ Cənubi Qafqaz İnstitutunun əməkdaşıdır. O, 2016-cı ildə Arizona Dövlət Universitetinin Antropologiya bölümündə “Tunc dövründə Kiprdə masaüstü oyunlar və artan sosial bərabərsizlik fonunda oyun qaydalarındakı dəyişiliklər” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Əsas elmi tədqiqat istiqaməti Yaxın Şərqin qədim masaüstü oyunları olan amerikalı tədqiqatçının fikrincə qədim Azərbaycan ərazisində də həmin masaüstü oyunların bəzilərinin mövcudluğunu sübut edən dəllillər vardır. Xüsusilə, amerikalı tədqiqatçı Abşeron yarımadası ərazisində, o cümlədən, Qobustan abidələrində qeyd edilmiş, düzülüşü müəyyən qanunauyğunluğa malik qaya üzərində süni dəliklər sırasının, bəzi qayaüstü rəsmlərin qədim Yaxın Şərqdə mövcud bəzi masaüstü oyunlarla oxşarlığı, qədim Azərbaycanda bu oyunların sosial konteksti və oyunların mədəni təsirlə Azərbaycana gəldiyi barədə fikirlər irəli sürmüşdür. Professor M.Rəhimova daha sonra elmi məruzə üçün sözü V.Kristə verdi.
Elektron görüntülərlə müşayət olunan elmi məruzəsində Valter Krist Qobustan qayalarında qeyd edilmiş müəyyən rəsm və müəyyən qayda ilə düzülşmüş süni dəliklərin vaxtilə İshaq Cəfərzadə tərəfindən masaüstü oyunlar kimi şərh edilməsini vurğuladı. V.Krist Qobustanda, Abşeron yarımadasının Türkan, Dübəndi və d. məntəqlərində qeyd edilmiş müəyyən tapıntıların Mesopotamiya (ən qədim nümunə e.ə. VI minilliyə aid İordaniyada aşkar edilmiş tapıntı), Qədim Misir, Anadolu, Kipr və hətta erkən orta əsrə aid Almaniya ərazisində aşkar edilmiş masaüstü oyunlarla paralellərini nümayiş etdirdi. Amerikalı tədqiqatçı Qədim Misirdə “Tazılar və çaqqallar/58 xana” (ingilisdilli elmi ədəbiyyatda “The Game of Hounds and Jackals/58 holes”) adlı oyunun müxtəlif varinatlarının Yaxın Şərqdə geniş yayılmasını və xüsusilə, Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayaların birində süni dəliklərin düzülüşü ilə oxşarlığını bildirdi. V.Krist həmçinin, masaüstü oyunların tipləri, onlarda qədim cəmiyyətdə baş verən sosial dəyişiliklərin əks olunması, qarşıda duran tədqiqat istiqamətləri barədə mövzulara toxundu.
Elmi məruzədən sonra V.Krist mühazirədə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tədqiqatçılarının çoxsaylı suallarını cavablandırdı. Sonda çıxış edən İnstitutun Elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli amerikalı tədqiqatçıya maraqlı elmi məruzə və təqdimat üçün İnstitutun kollektivi adından təşəkkürünü bildirdi. Eyni zamanda N.Müseyibli qeyd etdi ki, mövzu ilə əlaqəli onun da tədqiqatları olmuşdur. Oxşar tapıntılar, rəsmlər təkcə Cənubi Qafqazla çərçivələnmir və hətta, tunc dövrü Avrasiya (Monqolustan, Altay dağları və d.) üzrə qayaüstü abidələrdə, həmçinin, keramika məmulatlarında naxışlar şəklində qeyd edilmişdir. Bu çeşiddən olan tapıntıların şərhi problemli məsələ kimi arxeoloqların, kulturoloqların, paleo-etnoloqların qarşısında durmaqdadır.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az