Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



E.Ə. I MİNİLLİYİN BİRİNCİ YARISINA AİD NƏFİS ZİNƏT MƏMULATLARI AŞKAR EDİLDİ

  18.04.2018

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli bu yaxınlarda Gəncə-Qazax bölgəsində elmi səfərdə olmuşdur. Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılmış, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilmişdir. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınmışdır.
Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edilmişdir. Bunlar olduqca yüksək ustalıqla, nəfis hazırlanmış bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyalarıdır. Üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilmişdir. Bu əşyalarla yanaşı abidənin dövrünü müəyyən etmək üçün başlıca tapıntılar – saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə - e.ə. I minilliyin birinci yarısına aid etmək olar. Eyni zamanda bu bəzəklərin bəzi analogiyaları sonrakı antik dövrdən də məlumdur. Bütün bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.

The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az