Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN QADINLAR ŞURASININ TƏSİS YIĞINCAĞI KEÇİRİLDİ

  07.05.2018

Mayın 4-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilmişdir. İclasda İnstitutun direktoru, AMEA Qadınlar Şurasının Təşəbbüs Qrupunun üzvü, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun katibi, f.ü.f.d. Samirə Kadiyeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və İnstitutun qadın əməkdaşları iştirak edirdilər.
İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq ilk olaraq İnstitutun kollektivi adından AMEA Qadınlar Şurasının sədri seçilməsi münasibətilə professor Rəna Mirzəzadəni təbrik etdi. Daha sonra iclası aparmaq üçün söz İnstitutun Həmkarlar təşkilatının sədri t.ü.f.d. A.Ələkbərova verildi.
Tarix üzrə fəlsəfə doktoru A.Ələkbərov çıxışında bildirdi ki, Akademiyada aparılan təşkilatlanma və islahatlar siyasəti çərçivəsində mayın 2-də AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının (AHİ) təşəbbüsü ilə AMEA-da Qadınlar Şurasının təsis toplantısı keçirilib. Bununla da AMEA-da Qadınlar Şurası təsis edilmişdir və hal-hazırda akademiyanın institutlarında da Qadınlar Şuralarının təşkili prosesi başlanmışdır. Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektvində isə, elmi tədqiqatlar sahəsində tanınmış qadın əməkdaşlar çoxluq təşkil etməkdədirlər.
Tarix üzrə elmlər doktoru Məhəbbət Paşayeva çıxışında İnstitutda Qadınlar Şurasının təşkili təşəbbüsünü yüksək dəyərləndirdi və təşəbbüsü dəstəklədiyini bildirdi. Tarix üzrə fəlsəfə doktoru Töhvə Hüseynova çıxış edərək, elmi müəssisələrdə Qadınlar Şurasının təşkilini zamanın çağırışı olduğunu bildirdi və gələcək işində Şuraya uğurlar arzuladı.
Daha sonra toplantıda təşkilatı məsələlər müzakirə olundu. İlk növbədə İnstitutun Qadınlar Şurası sədrinin seçkiləri keçirildi. İnstitutun direktoru, professor M.Rəhimova təsis olunan İnstitut Qadınlar Şurasının sədri vəzifəsinə əməkdar mədəniyyət işçisi, İnstitut Elmi Şurasının və Dissertasiya Şurasının üzvü, etnoqraf, tarix üzrə elmlər doktoru Solmaz Səttar qızı Məhərrəmovanın namizədliyini irəli sürdü. Professor M.Rəhimova t.ü.e.d. S.S. Məhərrəmova barədə geniş məlumat verdi. Digər namizədlər barədə təklif olmadığına görə, t.ü.e.d. S.S.Məhərrəmovanın namizədliyi toplantının açıq səsverməsinə təqdim edildi. Yığıncaq iştirakçıları yekdilliklə t.ü.e.d. S.S.Məhərrəmovanın namizədliyinin lehinə səs verdilər.
Daha sonra İnstitutun Qadınlar Şurasının üzvləri seçildi. Təklif və müzakirələr nəticəsində Şura üzvlüyünə tarix üzrə fəlsəfə doktorları Abbasova Elmira, Quluzadə Təranə, Zahidova Həqiqət, Əliyeva Mehparə, t.ü.e.d. Paşayeva Məhəbbət və İnstitutun şöbə əməkdaşı Əliyeva Fidanın namizədlikləri açıq səsverməyə təqdim edildi. Açıq səsvermə yolu ilə toplantı iştirakçıları hər bir namizədin lehinə yekdilliklə səs verdilər.
İclasın sonunda AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə söz alaraq onunla birlikdə yığıncaqda qonaq qismində iştirak edən AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun üzvlərini təqdim etdi. AMEA Qadınlar Şurasının sədri akademiyanın qadın əməkdaşlarının Azərbaycan Respublikasının ictimai, mədəni və elm sahələrindəki möhtəşəm uğurlarından söz açdı. Həmçinin, professor R.Mirzəzadə Qadınlar Şurasının ictimai sahədə, gənc kadrlara dəstək və d. sahələr üzrə fəaliyyət istiqamətləri barədə məlumat verdi. Sonda professor R.Mirzəzadə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qadınlar Şurasının təsis edilməsi və Şura üzvlərinin seçilməsi münasibətilə İnstitut kollektivini təbrik etdi və İnstitutun Qadınlar Şurasına gələcək fəaliyyətində uğurlar arzuladı.