Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN ELMİNƏ HƏSR EDİLMİŞ ÖMÜR

  16.05.2018 Something0

Mayın 16-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın ad günüdür.
Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Yasamal rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə müasir BDU-nun (o dövrlərdə Azərbaycan Dövlət Universitetinin) Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə “elm və texnika’ ixtisası üzrə ona “böyük elmi işçi” elmi adı verilmişdir.
1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə “Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi Şurasının sədri, Tarix üzrə Problem Şurasının sədr müavinidir.
Professor M.Rəhimova həmçinin, ictimai fəal xadim kimi də tanınır. 2018-ci ildə yaradılmış AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun üzvüdür.
“Arxeologiya və Etnoqrafiya” dövrü jurnalının, 6 cildlik “Azərbaycan Arxeologiyası”nın baş redaktoru, AMEA-nın Xəbərlər məcmuəsinin, “Elm və həyat”, “Azərbaycan arxeologiyası” jurnallarının redaksiya heyətinin üzvüdür.
ABŞ, Rumıniya, Türkiyə, Almaniya, Pakistan, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Hal-hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi dövründə İnstitut dünya standartlarına uyğun müasir texnologiyaların tətbiqi ilə arxeometrik tədqiqatları ehtiva edən arxeoloji və etnoqrafik araşdırmalar aparmağa başlamış, Azərbaycan arxeologiyası və etnoqrafiyası üzrə tədqiqatlar beynəlxalq elmi mərkəzlərdə və beynəlxalq elmi dövrü informasiya sistemlərində tanınmışdır. Məhz bu dövrdə Azərbaycan arxeoloqları və etnoqraflarının iştirakı ilə beynəlxalq ekspedisiyaların fəaliyyəti vüsət almış, İnstitutun Türkiyə, ABŞ, Fransa, Yaponiya, Almaniya, İtaliya, Çin, İngiltərə, İran, Rusiya, Qazaxıstan və d. ölkələrin elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlıq üzrə əlaqələri yaradılmış, İnstitut əməkdaşları beynəlxalq elmi araşdırma layihələrində iştirak etməkdədirlər. M.Rəhimovanın birbaşa rəhbərliyi altında İnstitutun arxeoloji fondu və muzeyi müasir dünya tələblərinə uyğun rekonstruksiya edilmişlər.
Professor M.Rəhimovanın rəhbərliyi altında İnstitut əməkdaşları Azərbaycanın Qarabağ bölgəsinin arxeoloji və etnoqrafik irsinin tədqiqi üzrə dövrün tələblərinə uyğun tədqiqatlar aparmaqdadırlar. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində fəaliyyət İnstitutun strateji fəaliyyət istiqamətlərindən biridir. Bu sıradan professor M.Rəhimovanın daim diqqət mərkəzində saxladığı Quba soyqırım məzarının tədqiqi də xüsusi olaraq göstərilə bilər.
Professor M.Rəhimova İnstitut kollektivi daxilində gənc kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayan, əməkdaşların sosial problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşan kollektiv rəhbəri kimi də tanınmaqdadır.
İnstitut kollektivi professor M.Rəhimovanı ad günü münasibətilə təbrik edir, ona can sağlığı, uzn ömür, elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayır.