Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



BAKININ QALA KƏNDİNDƏKİ QALA DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞUNDA “XALQ YARADICILIĞI: QƏDİM EL SƏNƏTLƏRİ” FESTİVALI KEÇİRİLƏCƏK

  23.05.2018

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirəcək.
Məlumdur ki, 2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının “Xalq yaradıcılığı” redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində “Xalq yaradıcılığı: qədim el sənətləri” adlı festival keçirəcək. Festivala saat 13.00-da start veriləcək.
Burada musiqi kollektivləri, əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün:), xalça toxuma və bu kimi nümunələr sizi gözləyir... Hamınızı dəvət edirik. İstəyənlər öz əl işlərini, musiqi bacarıqlarını pulsuz nümayiş etdirə bilərlər. Şagir və tələbələr üçün də maraqlı olacaq... Yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış olacaq, özləri də ustalarla bir yerdə gil qablar düzəldəcək, xalça toxuyacaq, nalbəndin köməkliyi ilə nal düzəldə biləcək, ebru ustasının yardımı ilə rənglərdən gözəlliklər yaradacaqlar... Əslində bu festival Azərbaycan Televiziyası Mədəniyyət kanalının Xalq yaradıcılığı redaksiyasına rəhbərlik edən tarix elmləri doktoru Güllü Yoloğlunun “Keçmişdən gələcəyə” layihəsinin bir parçasıdır və keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Bu həm də isti yaz günlərində insanların mədəni istirahətinin təşkilinə xidmət edir. Qoruğun ərazisi valideynlərə və müəllimlərə uşaqlarla gəzmək üçün geniş imkan verir. Buradakı tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı olacaq. Festival Azərbaycan Televiziyasının Mədəniyyət kanalı tərəfindən çəkilərək efirə veriləcək.

Təşkilatçılarla əlaqə:
yologlugullu@gmail.com
tel.: 050 330 76 16