Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



SOFİYADA “AZƏRBAYCANIN ARXEOLOJİ İRSİ” MÖVZUSUNDA SƏRGİ TƏŞKİL OLUNUB

  24.05.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub. Səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyasının (BEA) Eksperimental Morfologiya, Patologiya və Antropologiya (muzey ilə birgə), Ədəbiyyat və Milli Arxeologiya (muzey ilə birgə) institutlarında görüşlər keçirilib, AMEA-nın Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu (muzey ilə birgə) arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Eyni zamanda, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova BEA-nın Milli Arxeologiya İnstitutunda (muzey ilə birgə) “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib, ölkəmizdə aparılan arxeoloji qazıntılar, aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə olunan nailiyyətlər və institutun həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bolqar mütəxəssislərin suallarını cavablandırıb.
Səfər çərçivəsində, həmçinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və BEA-nın Milli Arxeologiya İnstitutunun (muzey ilə birgə), Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji irsi” mövzusunda fotosərgi keçirilib.
Sərginin açılışında akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, professor Maisə Rəhimova, BEA-nın vitse-prezidenti Vasil Nikolov, BEA-nın Milli Arxeologiya İnstitutunun (muzey ilə birgə) direktoru Ludmil Vaqalinski, Bolqarıstanın Xarici İşlər Nazirliyi, eləcə də digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Gecənin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova cari ildə müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün geniş qeyd edildiyini, bununla əlaqədar bolqar tərəfdaşlarla birlikdə silsilə tədbirlərin keçirildiyini və hazırkı sərginin bunun parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.
Səfir sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılara, eləcə də bu sahədə əldə olunan son nailiyyətlərə nəzər salmağa, həmçinin ölkəmizin qədim tarixi və zəngin mədəni irsini nümayiş etdirməyə imkan verdiyini söyləyib.
Qeyd edilib ki, Azərbaycan qədim insan məskənlərinin yerləşdiyi ərazilərdəndir və ölkəmizin müxtəlif yerlərində, o cümlədən Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daş Salahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan abidələr, qayaüstü rəsmlər, müxtəlif sənətkarlıq nümunələri, eləcə də saysız artefaktlar bunu isbatlayır. N.Qurbanova məşhur Azıx mağarasının yerləşdiyi Dağlıq Qarabağ ərazisinin hazırda Ermənistan tərəfindən işğal edildiyi, işğalın maddi və insan tələfatı ilə yanaşı, ölkəmizin mədəni və tarixi irsinə vurduğu faciəvi nəticələr barədə danışıb, beynəlxalq hüquqa əsasən, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və tarixi irsə qarşı yönəldilən aktların müharibə cinayəti olduğunu diqqətə çatdırıb. Sərginin ölkəmizin tarixi və mədəni irsini təşviq etmək məqsədi daşıdığını vurğulayan N.Qurbanova, həmçinin onun Bolqarıstandan olan mütəxəssislərə azərbaycanlı həmkarları ilə bu sahədə elmi-tədqiqat əməkdaşlığı üçün imkanlar yaratdığını, Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin hər iki ölkənin mütəxəssislərinin bir araya gəlməsini daha da asanlaşdırdığını bildirib.
BEA-nın Milli Arxeologiya İnstitutunun (muzey ilə birgə) direktoru L.Vaqalinski rəhbərlik etdiyi qurumun belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu bildirib, sərginin Azərbaycan tarixini daha yaxından öyrənməyə şərait yaratdığını söyləyib. İki qurum arasında imzalanmış əməkdaşlıq haqqında sazişi yüksək dəyərləndirən direktor bununla institutlar arasında əməkdaşlığın hüquqi bazasının əsasının qoyulduğunu və bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.
BEA-nın vitse-prezidenti V.Nikolov iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini vurğulayıb və ötən il AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə nümayəndə heyətinin Bolqarıstana səfərini xatırladıb. O, müvafiq institutlar arasında imzalanmış sənədlərin digər elm müəssisələri üçün örnək olacağına ümid etdiyini deyib.
İki ölkənin əlaqələrindən söz açan akademik İ.Həbibbəyli Azərbaycan elminin, mədəniyyətinin Bolqarıstanda təbliğinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Son zamanlar akademiyalar arasında əməkdaşlığın daha da möhkəmləndiyini qeyd edən AMEA-nın vitse-prezidenti bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. İ.Həbibbəyli Bolqarıstana səfərinin çox məhsuldar olduğunu deyib, arxeologiya institutları arasında sazişlə yanaşı, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu arasında anlaşma memorandumunun imzalanması barədə məlumat verib.
Səfər zamanı akademiklər İ.Həbibbəyli və N.Axundova Bolqarıstanın nüfuzlu “Fokus” radiosuna müsahibə veriblər. Onlar bolqarıstanlı dinləyicilərə Azərbaycan elmindəki yeniliklər, xüsusilə arxeologiya sahəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat çatdırıblar.

VİDEO: https://www.youtube.com/watch?v=Olcy5RPapYc
AZƏRTAC


The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az