Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AXC-100: QALA DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞUNDA “XALQ YARADICILIĞI: QƏDİM EL SƏNƏTLƏRİ” FESTİVALI KEÇİRİLİR

  26.05.2018

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyası AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirir.
2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının “Xalq yaradıcılığı” redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində “Xalq yaradıcılığı: qədim el sənətləri” adlı festival təşkil etmişlər.
Festivalda musiqi kollektivləri, əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün), xalça toxuma və bu kimi nümunələr sərgilənmişdir. Burada sərgilənən tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraq doğurmaqdadır.
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun qonaqları və Festival iştirakçıları qədim el sənəti nümunələri ilə tanış olur, el sənəti nümunələrinin yaradılmasında birbaşa iştirak etməkdədirlər.
Festival Azərbaycan Televiziyası Mədəniyyət kanalının Xalq yaradıcılığı redaksiyasına rəhbərlik edən tarix üzrə elmlər doktoru Güllü Yoloğlunun “Keçmişdən gələcəyə” layihəsinin bir hissəsidir və keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır.
Festivalın rəsmi açılış hissəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Azərbaycan Televiziyası Mədəniyyət kanalının Xalq yaradıcılığı redaksiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu, AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış etdilər. Natiqlər öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Xalqımızın müstəqillik uğrunda mübarizəsinin və minilliklərlə ölçülən Dövlətçilik şüurunun tarixində önəmini vurğuladılar, Azərbaycan alimlərinin — arxeoloqların, etnoqrafların, folklorşünasların və d. son illərdə apardığı tədqiqatlarından və ciddi nailiyyətlərindən söz açdılar.
Rəsmi hissədən sonra Festivalın iştirakçıları və qonaqları xalq rəqs və musiqi yaradıcılıq qruplarının, milli döyüş sənətini yaşadan idman məktəblərinin çıxışlarını izlədilər, qədim sənət növləri ustalarının və həvəskar sənətçilərin yaratdığı əsərlərlə tanış oldular. Festivalda Azərbaycan Televiziyasının Mədəniyyət kanalı tərəfindən çəkilişlər aparılmış və Festival barədə xüsusi veriliş yaxın günlərdə milli efirə veriləcəkdir.



The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az