Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



MONQOLUSTAN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİLƏ GÖRÜŞ KEÇİRİLDİ

  01.06.2018

İyunun 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Monqolustan Respublikası Elmlər Akademiyasının (MEA) prezidenti, professor Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları salamlayan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova İnstitutun son illər ərzində apardığı tədqiqatlar və əldə edilmiş elmi nailiyyətlər barədə geniş məlumat verdi.
Öz çıxışında professor M.Rəhimova xüsusi olaraq vurğuladı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğı, həmçinin, iqtisadi və quruculuq işləri nəticəsində elmi tədqiqatların aparılması baxımından Azərbaycan əcnəbi arxeoloqlar üçün cəlbedici olmuşdur. Nəticədə, respublika ərazisində son illər ərzində ABŞ, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya və d. ölkələrin tədqiqatçıları ilə birgə müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərməkdədir.
Monqolustan Respublikası Elmlər Akademiyasının (MEA) prezidenti, professor Duqer Reqdel isə, Azərbaycan elminin bu günki nailiyyətləri ilə əyani tanış olduğundan məmnunluğunu bildirdi. Həmçinin, MEA-nın Tarix və Arxeologiya İnstitutunun direktoru, doktor, professor Sampildondov Çuluun, rəhbərlik etdiyi İnstitutun strukturu və fəaliyyət istiqamətlərindən, Monqolustan ərazisində aparılan arxeoloji tədqiqatlardan, beynəlxalq əməkdaşlıqdan söz açdı. Çıxışında professor Sampildondov Çuluun Monqolustandakı arxeoloji məktəbin tarixi, aparılan tədqiqatlar, arxeoloji abidələr barədə Azərbaycan arxeoloqlarının dərin məlumatlı olmasını xüsusi məmnunluqla vurğulamışdır. Vaxtilə beynəlxalq layihə çərçivəsində Monqolustanda araşdırmalarda iştirakı barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının çıxışı qonaqların böyük marağına səbəb oldu.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə fikir mübadiləsi aparıldı, gələcəkdə birgə arxeoloji və etnoqrafik tədqiqatlar sahəsində əməkdaşlıq barədə ümumi razılığa gəlindi. Monqolustan EA nümayəndə heyəti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi arasında elmi nəşrlərin mübadiləsi keçirildi. Qeyd edək ki, görüşdə AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, tarix üzrə elmlər doktoru Nərgiz Axundova, AMEA Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəhbəri Bunyamin Seyidov, Monqolustan Respubliksının Ankaradakı səfirliyinin baş katibi xanım Solongo Batsayxan, Arxeologiya və Etnoqrafiya İnstitutu şöbələrinin müdirləri və əməkdaşları iştirak edirdilər.