Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANDA AZIX PALEOLİT MAĞARASINDAN, TƏQRİBƏN, 400 MİN İL ƏVVƏL YAŞAMIŞ İNSANIN ÇƏNƏ SÜMÜYÜ TAPILMIŞDIR

  13.06.2018 Something0

1960-cı ilin yay fəslində Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında Azərbaycanın səfalı diyarlarından biri olan Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işlərinə başlamışdır. Kəşfiyyat işlərində əsas məqsəd bu ərazidə paleolit dövrünün yaşayış məskənlərini müəyyən etmək və həmin abidələrdə kompleks qazıntı aparmaqdan ibarət idi.
Kəşfiyyat işinin ilk ili ekspedisiya üçün olduqca səmərəli keçdi. Elə həmin ildə aparılan kəşfiyyat işləri zamanı hazırda dünya şöhrəti qazanmış çoxtəbəqəli Azıx və Tağlar düşərgələri qeydə alındı. 1960-cı ildən başlayaraq, 1968-ci ilə qədər Azıx paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı düşərgənin çöküntülərində 6 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olundu. Azıx paleolit düşərgəsinin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, dəmir, antik və orta əsrlər arxeologiyasına aid maddi mədəniyyət qalıqları qeydə alındı. Düşərgənin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı daş dövrünün mustye mədəniyyətinə aid zəngin daş məmulatı və ovlanmış heyvan sümükləri aşkara çıxarıldı.
Düşərgənin IV təbəqəsində maddi mədəniyyət qalıqları qeydə alınmadı. Məhz buna görə də bu təbəqəyə mütəxəssislər “Lal təbəqə” adı vermişlər. Düşərgənin V təbəqəsindən orta və üst aşel mədəniyyətlərinə aid əl çapacaqları, kobud çapma alətləri və minlərlə ovlanmış heyvan sümükləri, VI təbəqədən qədim aşel mədəniyyətinə aid əl çapacaqları, kobud çapma alətləri, qaşov tipli alətlər, nüvələr və istehsal tullantıları aşkar edildi. Bundan başqa, alimlərin VI təbəqədə apardıqları arxeoloji tədqiqatlar zamanı da oradan ovlanmış heyvan sümüklərinin qalıqları tapıldı.
Aparılmış kompleks tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazilərində ən qədim zamanlardan başlayaraq təbii karst mağaraları meydana gəlmişdir. Məhz buna görə də bu ərazilərdə ibtidai insanların məskunlaşması üçün əlverişli təbii şərait və həm də karst mağaraları olduğu üçün Azərbaycanın ilk sakinləri Azıx və Tağlar düşərgələrində yaşamışlar.
Paleolit arxeoloji ekspedisiyasının Qarabağ ərazisində apardığı kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan etibarən Quruçay və Köndələnçay vadilərində canlı həyatın inkişafı üçün əlverişli, təbii coğrafi şərait olmuşdur. Alimlərin apardıqları kompleks tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 2–3 milyon il bundan əvvəl Qarabağın Quruçay və Köndələnçay vadilərində mülayim iqlim şəraitində çoxlu heyvan və müxtəlif quşlar yaşamışdır. Eyni zamanda, Quruçay vadisi Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər. Quruçay, Köndələnçay vadilərində və həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq və s. daş növləri mövcud olmuşdur.
1965-ci ildə Azıx və Tağlardan tapılmış müxtəlif dövrlərə aid maddi mədəniyyət qalıqlarının arxeologiya elmi üçün müstəsna elmi əhəmiyyətini nəzərə alan SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutu SSRİ arxeoloq və etnoqraflarının elmi konfransını Bakı şəhərində keçirməyi qərara almışdır. SSRİ-nin məşhur mütəxəssislərinin də qatıldığı elmi konfransın iştirakçıları Bakıda çoxtəbəqəli Azıx və Tağlar düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmuşlar. Onlar Cənubi Qafqazda və o cümlədən, Azərbaycan ərazisində qədim insanların meydana gəlməsi, formalaşması və inkişaf etməsinə dair bilgilərin əldə edilməsində düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqlarının mühüm əhəmiyyətə malik olmasını yekdilliklə təsdiqləmişlər.
Konfrans zamanı SSRİ-nin dünya şöhrətli bir qrup paleolitşünası Azıx və Tağlar düşərgələri ilə yerində tanış olmaq məqsədilə Qarabağa səyahət təşkil etmişdir. Tanışlıq zamanı professor P.İ.Boroskovski, V.P.Lübin və digər alimlər Azıx və Tağlar düşərgələrinə heyran olduqlarını bildirmiş və burada tədqiqat işlərinin davam etdirilməsini məqsədəuyğun hesab etmişlər. 1966–68-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı Azıx düşərgəsindən mustye, qədim aşel, orta aşel və son aşel mədəniyyətlərinə aid zəngin arxeoloji və paleontoloji tapıntılar əldə olunmuşdur.
1968-ci ilin may-iyun aylarında paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında Azıx paleolit düşərgəsində qazıntı işlərini davam etdirmişdir. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin çöküntülərindən yeni-yeni maddi mədəniyyət qalıqları tapılması davam edirdi. İyunun 13-də saat 13.30 radələrində düşərgənin 13-cü kvadratmetrliyində arxeoloji qazıntı işləri davam etdirilərkən, birdən ekspedisiya rəisinin səsi eşidildi: “Uşaqlar, diqqətli olun bu kvadratda yeni tapıntı gözlənilir”. Elə bu an Məmmədəli müəllim aşel mədəniyyətinə aid V təbəqənin III horizontunun 13-cü kvadratında arxeoloji qazıntını özü aparmağa başladı. Çünki torpağın içərisində bir neçə əmək aləti ilə birlikdə insan dişi diqqətini cəlb etdi və şotka ilə torpaq çöküntüsünü təmizləməyə başladı. Bu zaman Məmmədəli müəllimin sevincinin həddi-hüdudu yox idi. Qədim insana məxsus çənənin tapıldığını elan etdi. Lakin o bildirdi ki, bunun daha dəqiq və elmi əsaslarla tədqiqi üçün mən mütləq qazıntı işlərini dayandırıb Bakıya qayıtmalı və bu tapıntını dünya şöhrətli alim, biologiya elmləri doktoru, professor Dəmir Hacıyeva göstərməliyəm.
Azıx düşərgəsinin V təbəqəsindən tapılmış çənənin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstrolopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünə xüsusi yer tutur. Azıx düşərgəsinin orta aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq Azıxantrop, yəni Azıx adamı adı verilmişdir.
Azıx qədim insan düşərgəsinin V təbəqəsindən tapılmış qədim insan çənəsi quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən də bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış pre-neandertallara daha yaxındır. Maraqlıdır ki, Fransanın Kondel-Araqo mağarasında aparılan arxeoloji qazıntılar zamanı çoxlu paleoantropoloji tapıntı aşkar olunmuşdur. Paleoantropoloji tapıntılar içərisində əsas yeri qədim insan çənələri və kəllə qapaqları tutur. Məhz ona görə də Azıxdan qeydə alınmış qədim insan çənəsi Araqonun antropoloji tapıntıları ilə müqayisə olunur.
Azıxdan aşkar olunmuş çənə üzərində professor D.Hacıyev uzun müddət elmi tədqiqat aparmış və müəyyən etmişdir ki, bu, ölkəmizin ərazisində ən qədim insan çənəsidir. Həmin çənə 30-35 yaşlı qadına məxsusdur və 400 min il əvvəl Azərbaycan ərazisində yaşamışdır. Hələlik, keçmiş SSRİ ərazisində və Yaxın Şərqdə olan insan məskənlərindən Azıxda tapılan və bu cür qədimliyə malik paleoantropoloji tapıntı qeydə alınmamışdır. Bu aşel mədəniyyətinə aid ən qədim insan çənəsidir.
2001-ci ildən başlayaraq, Azərbaycanda paleolit problemləri üzrə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter almışdır. Çünki ölkəmizin ərazisində qeydə alınmış paleolit düşərgələrində çöküntülər – arxeoloji təbəqələr tarixi ardıcıllıqla əmələ gəlmiş və arxeoloji dövrlərin biri digərini əvəz edir. Məhz bu da ibtidai insanların həyat tərzini, alət hazırlama texnikasını, alətlərin tipologiyasını, onların inkişaf xüsusiyyətlərini, daş dövrünün təbii coğrafi şəraitini, heyvanat aləmini və həmçinin ovçuluq təsərrüfatını tədqiq etmək üçün zəngin maddi mədəniyyət qalıqlarına malik olduqları üçün bəzi problemlərin tədqiq edilməsinə zəmin yaratmışdır.
Məhz yuxarıda qeyd etdiklərimizə əsasən, Azərbaycanın, Qafqaz və Avropa ölkələri ərazisində qeydə alınmış paleolit düşərgələrinin arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılarını arxeologiyanın son nailiyyətləri əsasında tədqiq etmək məqsədilə 2001-ci il iyulun 3–5-də Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimlərinin birgə hazırladıqları İNTAS-2000 adlı elmi proqram qəbul olunmuşdur.
Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri mənim dəvətimlə 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Azərbaycana gəlmişlər. Onlar Qarabağın Azıx, Tağlar, Naxçıvanın Qazma və digər paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuşlar.
Görkəmli alimlər Anri-dö Lümley, Mariya Antuanetta dö Lümley, D.Lordkipanidze, M.Neoradze, A.Vekua, V.Droniçev, L.Qolovanova, Ciakobini, Karbonelli və başqaları Azərbaycanda daş dövrü üzrə aparılan elmi tədqiqat işlərinə yüksək qiymət vermiş və respublikamızın paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqlarının ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə malik olduğunu bildirmişlər.
Bu sətirlərin müəllifinin 2001–2005-ci illərdə Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində çoxtəbəqəli Azıx paleolit düşərgəsində ibtidai insanların məskunlaşmağa başlamalarının tarixinin 2,5 milyon il əvvələ aid olması müəyyənləşdirilmişdir. Eyni zamanda, Azıx paleolit düşərgəsinin VII–X təbəqələrinin arxeoloji tapıntıları əsasında qeydə alınmış Quruçay arxeoloji mədəniyyətinin Qafqaz və Yaxın Şərqdə ən qədim arxeoloji mədəniyyət olması təsdiqlənmişdir.
Təəssüf ki, bütün bu faktlara baxmayaraq, erməni mafiyasına xidmət edən qüvvələr 1999-cu ildən başlayaraq, Azıx paleolit düşərgəsində və digər abidələrdə yırtıcı şəkildə arxeoloji qazıntılar aparır və Qarabağ abidələrinin tarixini saxtalaşdırmağa cəhd edir və dağıdıcı fəaliyyət göstərirlər.
Son 50 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleoantoloji və paleoantropoloji elmi tədqiqatlar ən qədim zamanlardan – yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərir.
Qarabağ ərazisində müəyyən olunmuş Quruçay, Aşel, Mustye, Üst paleolit, Mezolit, Neolit və Tunc dövrünün arxeoloji mədəniyyətləri bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu söyləməyə əsas vermiş və ərazidən qeydə alınmış arxeoloji mədəniyyətlərdə varislik ənənələrinin olması müəyyən edilmişdir.

Əsədulla CƏFƏROV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor

xalqqazeti.com

The Public Relations Department of the Institute of Archeology and Ethnography ANAS
Tel.: (012) 510 96 74, 055 689 04 95
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az