Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZIX MAĞARASI – 50 İL ƏVVƏL TAPILMIŞ QƏDİM TARİX

  23.06.2018

1968-ci il iyun ayının 23-də Azərbaycanın elm tarixinə yazılmış mühüm hadisə baş vermişdir. Həmin tarixdə Qarabağda, hazırda ermənilərin işğalı altında qalan məşhur tarixi abidədə - Azıx mağarasında arxeoloji qazıntıların doqquzuncu ilində bu mağarada təxminən 400 min il əvvəl yaşamış qədim insanın çənə sümüyünün fraqmenti aşkar edilmişdir.
Bu tapıntının müəllifi Azərbaycanda insanlığın ən qədim tarixini öyrənən paleolitşünaslığın banisi, bu sahəyə 40 il müddətində rəhbərlik edən professor Məmmədəli Hüseynovdur. Görkəmli alim özünün çöl gündəliyində bu mühüm elmi kəşfi az qala dəqiqəbədəqiqə təsvir etmişdir(Alimin gündəliyindən səhifələr əlavə edilir).
Çənə fraqmentinin ibtidai insana aidliyinə əmin olan Məmmədəli Hüseynov mağaranın xaricində qədim daş alətləri qruplaşdırmaqla məşğul olan kiçik elmi işçi Mənsur Mənsurovu yanına çağıraraq öz hədsiz sevincini onunla bölüşmüşdü. Hazırda Mənsur Mənsurov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır və ən qədim tarix üzrə, o cümlədən daşdan qədim əmək alətlərinin tədqiqi üzrə ən yaxşı mütəxəssislərdən biridir.
O zaman SSRİ məkanında ən qədim və nadir antropoloji tapıntı olan Azıxdakı bu çənə fraqmentinin – azıxantropun (Azıx adamının) aşkar edilməsindən 50 il ötür. 2018-ci ilin oktyabrında Azərbaycan arxeologiya və antropologiya elmləri üçün çox mühüm bu kəşfə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.
İnsanın nə zaman və harada yaranması, miqrasiya yolları daima arxeoloqları, antropoloqları, son onilliklərdə isə genetikləri düşündürmüş, onların diqqət mərkəzində olmuşdur. Ən qədim insan məskəni hesab edilən Afrikadan kənarda, Qafqazda – Azərbaycanda, Gürcüstanda, mərkəzi Dağıstanda ilk hominidlərin izlərinin aşkar edilməsi onların miqrasiyası yolunda Qafqazın əsas şəbəkələrdən biri kimi əhəmiyyətini önə çəkmişdir. Haqqında bəhs edilən beynəlxalq konfransda məhz bu mövzu müzakirə ediləcəkdir.
Azıx mağara düşərgəsində ilk hominidin – azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunmuş “Qafqaz erkən paleolitdə insan miqrasiyasının yolu üzərində” adlı beynəlxalq simpozium alimlərin böyük marağına səbəb olmuşdur. Konfransda iştirak etmək üçün Avropanın və Asiyanın, demək olar ki, 10 ölkəsindən 30-dan artıq alim müraciət etmişdir.
Simpozimunun açılışı və plenar iclası 2018-ci il oktyabrın 1-də Bakıda keçiriləcəkdir. Sonrakı günlərdə simpoziumun işi Qəbələdə davam etdiriləcəkdir. Simpoziumun gedişində çıxışlardan və diskussiyalardan əlavə iştirakçıların vaxtilə Azıx mağarasında 20 ildən artıq müddətdə aparılmış qazıntılar nəticəsində aşkar edilmiş arxeoloji materiallarla bilavasitə tanışlığı nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanda ilk dəfə aşkar edilmiş qədim daş dövrünə aid düşərgəyə - Qazax rayonundakı Damcılı qayaaltı sığınacağına və ölkəmiz ərazisində Azıxdan sonra ən qədim insan düşərgəsi olan Mingəçevir su anbarı sahilindəki yaşı təxminən 1 milyon il olan Qaraca düşərgəsinə səfərlər planlaşdırılır.

Azad ZEYNALOV,
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

vesti.az
koordinat.az

Fotolarda: Azıxantropun ilk tədqiqatçıları: Məmmədəli Hüseynov və Dəmir Hacıyev
Tarix İnstitutunun arxeoloqları Azıx mağarasında, 1960-cı il.
M.Hüseynovun gündəliyindən

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99450)4263862, (+99455)6590495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az