Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



NAXÇIVAN ƏRAZİSİNDƏKİ UNİKAL ABİDƏLƏRDƏ APARILAN TƏDQİQATLAR

  07.07.2018

Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti və təbii sərvətləri qədim mədəniyyətlərin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf еdib təşəkkül tapmışdır. Е.ə. III minilliyin sоnunda iqtisadiyyatın və ticarətin inkişafı Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan vеrmişdir. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədi ilə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir.
Tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılmışdır. Hazırda Duzdağda duzun çıxarılması ilə bağlı infrastukturlar, duzun mübadiləsi və Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər araşdırılmaqdadır.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin bildirdiyinə görə, araşdırmalar zamanı həmçinin Еnеоlit və Еrkən Tunc, Dəmir dövrünə və Orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılmışdır. “Müəyyən edilmişdir ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutmuşdur. Eneolit dövründən başlayaraq duz həmçinin mübаdilə vаsitəsi оlmuş, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılmışdır”.
Həmçinin, Vəli Baxşəliyevin rəhbəri olduğu AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası 2018-ci ilin iyun ayından başlayaraq Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşmasının sosial-iqtisadi əsasını müəyyənləşdirmək məqsədi ilə Duzdağla yanaşı Naxçıvan şəhəri ərazisindəki Naxçıvan təpə yaşayış yerində araşdırmalar davam etdirilməkdədir. Araşdırmalar göstərir ki, bu mədəniyyət Azərbaycanın cənub rayonlarında çiçəklənmiş, daha sonra Urmiya gölünün cənubuna doğru yayılmışdır. Dalma təpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərmişdir.
Belə hesab edilir ki, Dalma təpə mədəniyyətinin (Urmiya gölünün cənub-qərbində aşkar edilmiş e.ə. 5000-4500-cü illərə aid) yayılma arealı Naxçıvanı da əhatə etmişdir. Daha doğrusu Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olmuşdur.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin bildirdiyinə görə, bu ilki tədqiqatlar nəticəsində Eneolit dövrünün erkən mərhələsinə - e. ə. V minilliyin əvvəllərinə aid tikinti qalıqları, əmək alətləri, keramika nümunələri aşkar olunmuşdur. “Naxçıvan təpə sakinləri başlıca olaraq Göyçə və Sünik obsidianından (dəvəgözü — dağ suxuru olan vulkanik şüşə növü) istifadə etmişlər. Mis, duz və obsidian kimi xammal növləri ticarətin və iqtisadi-mədəni əlaqələrin inkişafını stimullaşdırmış, gələcəkdə şəhər mədəniyyətinin formalaşması üçün baza yaratmışdır. Şübhəsiz ki, gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və qarşılıqlı münasibətlərin xarakterini daha aydın şəkildə müəyyən etməyə imkan verəcəkdir.
Araşdırmalar həmçinin Dalma təpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə aydınlıq gətirəcəkdir” - deyə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az