Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANIN GÖRKƏMLİ TARİXÇİ-ETNOQRAF ALİMİNİ 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!

  19.01.2018 Something0

Yanvar ayının 20-də görkəmli tarixçi-etnoqraf alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenli, akademik Teymur Əmiraslan oğlu Bünyadovun 90 yaşı tamam olur.
Teymur Bünyadov 20 yanvar 1928-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb.
Universiteti uğurla başa vuran T.Bünyadov daha sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, 1955-ci ildə məşhur qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb edən dissertasiya işi bütün Qafqazda ilk dəfə qələmə alınan mövzudur.
O, 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb. 1970-ci ildə professor elmi adına layiq görülüb, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
1955-ci ildə AMEA-nın Tarix İnstitutunun Arxeologiya şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1993-cü ildən bu günə kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışır. Alim, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənnlərindən mühazirələr oxuyub.
İctimai fəaliyyətlə də məşğul olan T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2000-ci illərdə) seçilib.
Alimin rəhbərliyi ilə 10 doktorluq, 35 namizədlik dissertasiyası müdafiə edilib. O, 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin müəllifidir.
T.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanıb.
T.Bünyadov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru, həmin cildlərin ikisinin isə müəllifidir.
Alim Rusiya, Türkiyə, Gürcüstan, Norveç, İran, Ukrayna, Fransa və digər ölkələrdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib.
Akademik Teymur Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın Tarix üzrə Bakıxanov adına mükafatının ilk laureatı adına layiq görülüb.
2018-ci il yanvarın 18-də isə Prezident İlham Əliyev tanınmış etnoqraf alim, akademik Teymur Əmiraslan oğlu Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Görkəmli tarixçi-etnoqraf alimi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yaradıcılıq uğurları arzu edirik!

Mənbə: http://www.science.gov.az/news/open/7222


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az