Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AĞDAMDA E.Ə. VI MİNİLLİYİN BİRİNCİ YARISINA AİD YENİ ARXEOLOJİ MATERIALLAR AŞKAR EDİLİB

  30.07.2018

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov azərtac-ın bölgə müxbirinə bildirib ki, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Hər bir həyətdə müxtəlif ölçüdə böyük təsərrüfat küpləri var. Evlərin ətrafı düzbucaqlı hasarla əhatə olunub. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib. Ehtimal etmək olar ki, bu tikili qədim məbədin qalıqlarıdır. Yaşayış məskənində aşkar edilən erkən dəmir dövrünə aid qadın qəbri də maraq doğurur. Bükülmüş vəziyyətdə dəfn olunan skeletin yanında iki ədəd saxsı qab da basdırılıb.
Xəqani Alməmmədov deyib ki, Qarabağ düzündə yerləşən, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən başlayaraq tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. Ötən dövrdə yaşayış məskənində 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. 2010-cu ildən Qarabağ düzündə aparılan arxeoloji kəşfiyyat zamanı isə ümumilikdə 289 abidə qeydə alınıb ki, onlardan da 160-a qədəri qədim yaşayış məskənləridir. Bu abidələr Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.