Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



PİBOZTƏPƏ ANTİK DÖVR NEKROPOLUNDA YENİ TAPINTILAR

  06.08.2018

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin verdiyi məlumata görə, Lerik rayonunun Gürdəsər və Kiravurd kəndlərinin inzibati ərazisinə daxil olan abidələrdə rəhbəri olduğu Antik dövr üzrə Lerik Arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar 2 iyul tarixindən başlayaraq iyulun 31-də uğurla başa çatıb.
Arxeoloji qazıntılar zamanı Gürdəsər kəndinin inzibati ərazisinə daxil olan Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub. 2012-ci ildən ərazidə başlanmış arxeoloji tədqiqatlar nəticəsində Piboztəpədə bu günədək ümumi 190 qəbir aşkar olunmuşdur ki, bunlardan 170-i antik dövrə aiddir. Qəbirlər səciyyəvi cəhətlərinə görə e.ə. V — III əsrlərə aiddir. ABŞ-ın elmi laboratoryalarında aparılmış radiokarbon analizlərin nəticələri də bu tarixi təsdiqləyir. Piboztəpə nekropolunun tədqiqatları göstərir ki, burada e.ə. V — III əsrlərdə əhalinin kəmiyyəti öz dövrü üçün yüksək olmuşdur.
C.Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır. Qəbirlərdəki ölülər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları — qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə qəbirlərdə müxtəlif bədii tərtibatlı saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn edilənlərin üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar, həmçinin, dəmirdən nizə ucluqları, qılınc və xəncərlər, bıçaqlar da tapılıb.
Ekspedisiya rəisi tapılan qəbirlərin müxtəlif sosial təbəqəyə aid olduğunu da bildirib. Belə ki, bəzi qəbirlərdə dəfn edilənlər daha zəngindirlər. Yəni ola bilər, onlar ya sərkərdə, ya da varlı təbəqəyə aid şəxslər olublar. Bu qəbirlər uzunluğuna görə də seçilirlər. Belə ki, varlı qəbirlərin uzunluğu 3-4 metr, bəzən daha artıqdır.,br> 2016-cı ildən Antik dövr üzrə Lerik Arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər: ABŞ-ın Pensilvaniya Universitetinin Aralıq dənizi İncəsənəti və Arxeologiyası bölümünün əməkdaşı, Almaniya Albert Lüdviq ad. Frayburq Universitetinin doktoru Lara Fabian və ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun antropoloqu, doktor Selin Elizabet Nugent, paleozooloq Hanna Lau da dəvət edilib və bununla da əlaqədar olaraq artıq 3 ildir ki, ekspedisiya Beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar və ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşmə işləri aparırlar.