Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



YARDIMLI RAYONU ƏRAZİSİNDƏ SON TUNC DÖVRÜNƏ AİD KURQANLAR AŞKAR EDİLİB

  07.08.2018

Yardımlı rayonun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlanılıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası tədqiqat planına uyğun olaraq seçdiyi müxtəlif ölçülü Komanı kurqanlarında arxeoloji qazıntılar aparır.
Ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunmuşdur. İnsan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir. Tarix üzrə fəlsəfə doktoru, arxeoloq A.Ağalarzadənin bildirdiyinə görə, daha dəqiq tarix insan sümükləri nümunələri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcəkdir.
Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan müasir Lerik rayonu ərazisində tapmışdır. Eyni zamanda bu tipli kurqanlar qonşu İran İslam Respublikasının Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abədələrindən də məlumdur.
A.Ağalarzadənin bildirdiyinə görə, bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcəkdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az