Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



SALYAN, BİLƏSUVAR VƏ YARDIMLI RAYONLARI ƏRAZİSİNDƏ YENİ ARXEOLOJİ KƏŞFLƏR

  17.09.2018

05 avqust – 04 sentyabr 2018-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Əlibaba Babayevin rəhbərlik etdiyi Salyan-Biləsuvar arxeoloji ekspedisiyası Salyan, Biləsuvar və Yardımlı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Ekspedisiyada həmçinin, İnstitutun şöbə müdiri, arxeoloq, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov da iştirak etmişdir.
Salyan rayonunun Qırxçıraq yaşayış yerində Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparılmışdır. Arxeoloji tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin, metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilmişdir.
Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılmışdır. Abidənin orta hissəsi çökmüş formadadır. Bu hal digər salamat qalmış təpəliklərdə də hiss olunur. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanmışdır. Belə qənaətə gəlinmişdir ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə edilmişdir.
Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir.
Ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olmuş, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə almışdır. Ən böyük mağara isə, Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin, xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq qeydə edilmişdir. Bu abidələr “Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi adlı ilk orta əsr yaşayış yeri var. Onu yerli əhali “Şütürüm (cəld, şıltaq) küllüyü” adlandırır. Rayonun Qarauldaş kəndi ərazisində N saylı hərbi hissənin yaxınlığında, Cin dərəsi adlandırılan ərazidə antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri, elə həmin ərazidə iki ədəd büt daş, həmçinin, daş qutu qəbirlər, orta əsrlər dövrünə aid torpaq qəbirlər və s. aşkarlanmışdır.
Tədqiqat işləri zamanı saxsı qabların bütövləri və hissələri, sapand daşları, bülöv daşı, metal əşyalar və s. aşkar olunmuşdur.
Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır.